"İnsanlar Elmar Məmmədyarovdan daha çox Zakir Həsənovdan nəticə gözləyirlər" — DEPUTAT
Aprel ayının əvvəlində 4 günlük müharibədən sonra danışıqlar prosesi başlayıb. Rusiyanın bir çox tanınmış siyasətçiləri və politoloqları iddia edirlər ki, 4 günük müharibənin günahkarı Türkiyədir. Türkiyənin göstərişi ilə Azərbaycan müharibəyə başlayıb. Bakıda BMT-nin 7-ci qlobal forumunun baş tutduğu bir vaxtda isə erməni tərəfi Tərtəri iri çaplı silahlardan atəşə tutdu. 4 günlük müharibə, danışıqlar prosesi və ermənilərin törədə biləcəyi təxribatlarla bağlı millət vəkili Zahid Oruc Ölkə.Az-a danışıb: "Türkiyənin Qarabağ savaşının yenidən başlanmasında ittiham olunması daha çox erməni siyasi elitasının və dövlət adamlarının işidir, bu da başa düşüləndir. Əksər hallarda onlar bu vasitə ilə şantaj etmək istəyirdilər ki, Suriyada gedən savaş geopolitik səngər üzrə Ermənistandan keçir. Türkiyə Rusiyaya bu cinahdan zərbə vurmağa hazırlaşır. Ona görə də, nəyin bahasına olursa olsun, İrəvanı qoruyub saxlamaq üçün ruslar hərəkətə keçməlidirlər. Guya Türkiyənin strateji hədəfi ondan ibarətdir ki, Ermənistanı bu bölgədə zərərsizləşdirdikdən sonra Azərbaycan vasitəsi ilə Orta Asiya xətti ilə geniş bir ərazidə türk qurşağı formalaşdırsın və Rusiyanı sıxışdırıb bu bölgədən çıxarsın. Guya bu Qərblə razılaşdırılmış planın tərkib hissəsidir və NATO Suriyadakı səngəri Qarabağa qədər uzatmaqda maraqlıdır. Döyüş zonasının bu qədər yayılmasının nəticəsi olaraq Rusiyanı ucqarlarına qədər sıxışdırmaq, onu ərazi itkilərinə vadar etmək niyyətidir. Qeyd etdiyimiz ssenarilər, təhlil yazıları, beynəlxalq mediaya sızdırılan tezislər əsasən erməni mənbələrindən yönləndirilirdi. Onlar bu yolla həm hər hansısa türk dairələrinin rəğbətini qazana bilərdilər, həm də Rusiya-Türkiyə münasibətlərinin həssas dönəmindən faydalana bilərdilər. Bozqurdların ön cəbhədə döyüşməsi, türk generallarının dəqiq koordinatlar verməsinə dair kiçik də olsa bir materialla tanış olmadıq, çünki bu reallıqda yoxdur. Bunlar Azərbaycan ordusunun gücünü erməni cəmiyyətinin gözünə üfürmək üçün yalanlardır. Dördgünlük müharibədən sonra sanki erməni cəmiyyətinin təfəkküründə kompüter dili ilə desək, yenidən formatlanma gedirdi. Neytral şərhçilər açıq şəkildə dördgünlük müharibədə ermənilərin siyasi, mənəvi, diplomatik və hərbi cəhətdən uduzduğunu qeyd edirlər. Bu öz nəticəsini mütləq də doğruldacaqdı. Artıq Ermənistan Müdafiə Nazirliyində mühüm vəzifə tutan generalların tutduqları postları itirməsinin şahidiyik. Dördgünlük müharibə erməni generallarının paqonlarının sökülməsinə səbəb oldu. Bu hərbi gərginlik siyasi nəticələr doğuracaq. Məlum məğlubiyyətin günahı işdən azad edilən generalların üzərinə yıxılsa da, xalq soruşur ki, nə üçün səngərdə əsgərin gülləsi qurtarıb, nə üçün ordu 1980-ci illərin "metallomu" ilə vuruşur? Biz genişmiqyaslı hərbi əməliyyat keçirməmişik. Ordumuz çox kiçik bir gücünü 1-2 briqada səviyyəsində sərf edərək ermənilərin vurduğu zərbəyə cavab olaraq daha güclü zərbə endirib və bu da bir neçə strateji hərbi mövqeyin işğaldan azad olması ilə nəticələnib. Bundan əlavə, yenidən qızışan müharibənin başlamasına qərar verən Azərbaycan tərəfi olmayıb. Erməni cəmiyyəti bütün dünya ermənilərindən yardım dilənir ki, pul yığıb tanka, topa versinlər. Dünyada yaşayan bütün ermənilər bir neçə milyard vəsait də toplayıb tank, top, raket alsa da, ən azı iki il ərzində onu ordunun resursuna çevirmək mümkün deyil. Çünki təlimlər, sınaqlar zaman tələb edir. Ordu istənilən silahı işə yönləndirə bilmir. Bu qeyri-mümkün məsələdir. Ermənilər bir xalq olaraq tutduğu ərazidə vətəndəki kimi möhkəmlənə bilməyiblər. Biz səngəri yarıb, istehkamı keçəndə ermənilərin arxa cəbhəsinin necə olduğunu gördük. Torpağı güclü havadarlarının köməyi ilə işğal edə bilərlər, ancaq daim səngərdə yaşamaq mümkün deyil. Ermənilərin qarşısına qoyduğu əsas məsələlərdən biri Rusiyanı şantaj etmək, Azərbaycanla Rusiyanın arasını vurmaqdır. Ermənilər sanki bununla Rusiyanı Azərbaycana təzyiq göstərməyə sövq etmək istəyirlər. Halbuki, sözün həqiqi mənasında, Azərbaycan prezidenti nəinki dinc dövrün, müharibə dövrünün də qərarlarını bir milli lider kimi vermək qabiliyyətini ortaya qoydu. Əsgərə, zabitə "Vur!" əmri ali baş komandandan gələn qərardır. Prezident səngərdədir, o, döyüş əməliyyatlarında iştirak edir. Bu da Azərbaycan cəmiyyətinə böyük güc verir. Erməni tərəfdə isə tam əksinədir. Sarkisyan 1990-cı illərin hərbi libasını geyinib ortalığa çıxdı, erməni cəmiyyətində inkişaf görən oldu? Özüm cavab verim, xeyr. 1990-cı ildə millətimizə qan udduran, torpaqlarımızı zəbt edən generalların paqonları sökülür. Acı məğlubiyyətə görə onlar öz rütbələrini itirirlər. Azərbaycan maksimum dərəcədə hərbi vəziyyəti sabitlikdə saxlayaraq, eyni zamanda, siyasi məkandakı ağır diplomatik döyüşlərə başlamalıdır. Bu dövlətçilik üçün çox mühüm bir sınaqdır. Burada təkcə ordu rol oynamır. Biz Qarabağı Xarici İşlər Nazirliyindən daha çox Ali baş komandan və Müdafiə Nazirliyindən gözləyirik. İnsanlar Elmar Məmmədyarovun danışıqlarından yeni nəticə gözləmirlər, sanki Xarici İşlər Nazirliyi ikinci plana keçib. Ancaq ən önəmli məsələ bundan ibarətdir ki, bu münaqişəni Tərtərdə, Lələtəpə çevrəsində gedən savaş kimi deyil, qlobal güclərin Qafqazda yeni müharibə ocağını yaratmaq marağına uyğun hərəkət etmədən, Qarabağ müharibəsini "öz müharibəmiz"dir kimi təqdim edib, öz savaşımızı özümüz etməliyik. Qarabağ müharibəsində nə ABŞ, nə Rusiya, nə də Türkiyə iştirak etməsin. Öz müharibəmizi özümüz edək. Ermənilər BMT-nin 7-ci forumu ərəfəsi axşam saatlarında Tərtər istiqamətində əməliyyat həyata keçirmək istədilər. Eyni zamanda, cəmiyyətlərini sakitləşdirməyə çalışırlar ki, məğlubiyyət yoxdur, itirilən yüksəkliklər strateji deyil. Əgər elə idisə, erməni əsgəri canını orada niyə verirdi? Azərbaycan maksimum dərəcədə regional prosesləri dərindən analiz edərək səngərdə mövqelərimizi uğurla qorumalıdır, bu, hazırkı dövrün ən böyük vəzifəsidir".