20.02.2014. - Ramiz Mehdiyev: "Bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar Xocalı faciəsinə göz yumurlar"

20.02.2014. -  Ramiz Mehdiyev: "Bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar Xocalı faciəsinə göz yumurlar""Ermənistan Prezidenti Serj Sarkisyan və ətrafındakıların Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər az təsadüf edilən faktlar olmayıb - Xocalı soyqırımınadək Azərbaycan kəndləri - Xocalı rayonunun Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Bağanıs Ayrım kəndləri xüsusi amansızlıqla Yer üzündən silinib."
AzerTaym.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev
şəxsi Facebook səhifəsində yazıb.

R.Mehdiyev qeyd edib ki, məhz Xocalı faciəsi Ermənistan xalqının və erməni kilsəsinin öndə gedən siyasətçilərinin təxminən 200 il ərzində Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və soyqırımın ən qorxunc rəmzinə çevrildi: "Məhz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırım Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən dünya ictimaiyyətinə soyuqqanlılıqla hazırlanmış və törədilmiş "cəza aktı" kimi təqdim edilib, çünki 1992-ci ildə Xocalıya hücum 1988-ci ilin fevralında faktiki olaraq Ermənistanın təhlükəsizlik xidməti orqanlarının diasporla birgə planlaşdırdığı və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin səssiz razılığı ilə baş vermiş Sumqayıt hadisələrinin ildönümündə həyata keçirilmişdi".
PA rəhbəri bildirib: "Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar soyqırım aktının olduğu Xocalı faciəsinə göz yumurlar. Erməni təbliğatının təsir dairəsinə düşərək, yaxud siyasi konyunkturanın xoşuna gəlsin deyə, onlar "erməni talanları" haqqında əfsanəni müzakirə mövzusuna çevirirlər və hətta bu məsələ ilə bağlı qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edirlər. SSRİ Prokurorluğunun "isti izlərlə" həyata keçirdiyi araşdırmalar zamanı Sumqayıt hadisələrinin təşkilatçılarının, yəni 26-sının erməni və altısının azərbaycanlı olduğu 32 nəfərin ölümündə günahkarların ermənilərin özlərinin olması barədə təkzibedilməz dəlillər toplanıb. İstintaq materiallarında Sumqayıtda törədilmiş cinayətlərin əsas təşkilatçısı kimi erməni əsilli Eduard Qriqoryan və onun erməni emissarları olan iki qardaşının adı hallanır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və qardaşı Ernest Qriqoryan müxtəlif kriminal elementlərdən ibarət qruplaşmaları "Qarabağ" separatçı komitəsinə və "Krunk" erməni icmasına haqq verməkdən imtina etmiş ermənilərin ünvanlarına göndərirdilər".

R.Mehdiyev, həmçinin bildirib ki, buna baxmayaraq, təzə izlərlə toplanmış təkzibedilməz sübutlar qarşısında erməni tərəfi faktları təhrif edərək, sənədləri qəsdən təhrif edərək və başqa çirkli metodlara əl ataraq bu günə kimi öz yalanını həqiqət kimi qələmə verməyə çalışır. Bütün günahı Bakının üzərinə ataraq, Sumqayıt hadisələri ilə bağlı faktları saxtalaşdırmaqda davam edir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin yazdığı kimi, alman filosof Karl Yaspers 1949-cu ildə özünün "Tarixin mənası və əhəmiyyəti" əsərində belə bir fikri ifadə edib: "Keçmişin dəhşətlərinin unudulmasına yol vermək olmaz. Daim keçmişi xatırlamaq lazımdır. O olub, mümkün oldu və bu imkan qalır. Yalnız bilik onun qarşısını almağa qadirdir. Təhlükə burada bilmək istəməməkdə, unutmaq cəhdində, bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdadır".

R.Mehdiyev qeyd edib ki, elə tarixi hadisələr var ki, onlar haqqında nə qədər yazılsa da, hər dəfə həmin faktın özündə insan təcavüzünün saysız-hesabsız əzab və ağrıları, müəyyən qruplaşmaların siyasi maraqlarının Srebrenitsada, Xocalıda olduğu kimi faciə doğurması daha çox kədər və təəssüf hissi oyadır.






Fikirlər