Şeyxə “DAYIM” deyən Kadırov işğaldan niyə danışmadı?

Sülhəddin Əkbər: “Çeçenistan rəhbəri Putinin planını bilməmiş deyil”

 

Bir neçə gün öncə Çeçenistanın paytaxtı Qroznıda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşdə onu və mərhum atasını xeyli tərifləyib. Öz növbəsində Kadırov da Azərbaycan hakimiyyəti haqqında xoş sözlər deyib. 
 
Ramiz Mehdiyev Kadırovla görüşdə Azərbaycan xalqının həmişə çeçen xalqının yanında olduğunu, hər iki xalqın qardaş xalq olduğunu bildirib. Kadırov isə Azərbaycanın çətin vaxtlarda həmişə Çeçenistana humanitar yardım etdiyini, dəstək olduğunu xatırlayıb. Ancaq Ramzan Kadırov Azərbaycan dövləti və xalqı üçün bir nömrəli məsələ olan Dağlıq Qarabağ problemi barədə bir kəlmə də olsun fikir ifadə etməyib. İşğal faktına faktına toxunmayıb. Ramiz Mehdiyevin “Azəbaycan xalqı həmişə çeçen xalqının yanındadır” ifadəsindən sonra Kadırovun Qarabağ məsələsində ədalətin yanında olduğunu dilə gətirməməsi və ya hansısa başqa şəkildə Qarabağın işğal olunduğunu söyləməməsi maraq doğurur. 
Ekspertlər bildirir ki, R.Kadırov Azərbaycan hakimiyyəti ilə nə qədər yaxın dost olsa da, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadəyə hətta “dayım” desə də onun böyüyü Rusiya prezidenti Vladimir Putindir. 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Ramzan Kadırov Kremldən çəkindiyi üçün Qarabağ məsələsinə heç bir formada qarışmaq istəmir. Ramiz Mehdiyevlə görüşdə Qarabağ mövzusunda heç bir fikir ifadə etməməsi bununla bağlı ola bilər: “Ramzan Kadırov şəxsən Vladimir Putinə çox yaxın adamdır. Ona görə də Ramzan Kadırovdan Moskvanın xəttindən kənar hər hansı açıqlama gözləmək lazım deyil. Kremlin-Putinin indi Azərbaycana Qarabağ məsələsi ilə bağlı təqdim elədiyi plan var. O planda əsas Kremlin marağına uyğun olan məqam Rusiya silahlı qüvvələrinin sülhməramlı adı altında təmas xəttində yerləşdirilməsidir. Bunu da Ramzan Kadırov bilməmiş deyil. Ona görə də Azərbaycan rəsmiləri ilə görüşdə Kadırov məsələlərə çox ehtiyatlı münasibət bildirirdi. Qarabağ məsələsindən heç danışmaması da hər hansı fikrinin Kremldə necə qarşılana biləcəyindən ehtiyatlanması ilə bağlıdır”.
Çeçenistanın Qarabağ məsələsində hansısa mövqeyinin proseslərə ciddi təsirinin olub-olmadığına gəlincə, S.Əkbər qeyd etdi ki, indiki şərtlərdə və şəraitdə Çeçenistanın necə mövqe ortaya qoymasının ciddi bir təsiri olmaz: “Vladimir Putinin razılığı olmadan Kadırovun Qarabağ məsələsi ilə bağlı hər hansı bir addım ata biləcəyi, mövqe ortaya qoya biləcəyini düşünmürəm”.E.SEYİDAĞA
AzerTaym.az






Fikirlər