İsa Qəmbər onu ittiham edənlərə sərt cavab verdi: YA ƏBLƏHLİK, YA DÜŞMƏNÇİLİKDİR'

İsa Qəmbər onu ittiham edənlərə sərt cavab verdi: '...ya əbləhlik, ya düşmənçilikdir'

"Cem Özdemirlə 7-8 il əvvəl Almaniyada görüşmüşük, bu ilk və hələlik son görüşümüzdür”

 "Nə zamansa  görüşdüyümüz bir adamın bu gün yanlış hərəkətinə görə bizim guya məsuliyyət daşıdığımızı iddia eləmək ya əbləhlikdir, ya da açıq-aydın düşmənçilikdir”

 
Almaniya Bundestaqında qəbul olunmuş "Erməni soyqırımı” qətnaməsinin layihəsinin müəllifi, qətnaməni təqdim edib qəbulunda təkid eləyən deputat Cem Özdemir adlı əslən Türkiyədən olan çərkəz əsilli şəxsdir. Almaniya Yaşıllar Partiyasının həmsədri olan Cem Özdemir 5 il bundan öncə Yerevana gedərək "Soyqırım” abidəsinin qarşısında diz çökmüş və bir neçə ay bundan öncə də Türkiyənin Güney-Doğu bölgəsini də ziyarət edərək PKK-ya dəstək vermişdi. 
 
Bu gün Cem Özdemirlə Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin və Müsavat Partiyasının başqanı Arif Hacılının sosial şəbəkədə birgə fotoları yayılıb. Həmin fotoları yayanlar İsa Qəmbəri və Arif Hacılını Cem Özdemirlə birgə şəkil çəkdirdiyinizə görə hədəfə alıblar, ittihamlar yağdırırlar. 
Bəs həmin şəkillər nə vaxt, harada çəkilib? Cem Özdemirlə Müsavat Partiyasının, partiya rəhbərliyinin əməkdaşlığı olubmu, varmı?
Musavat.com-un bu suallarını İsa Qəmbər cavablandırıb: "7-8 il əvvəl biz Almaniyada olanda orada bir sıra deputatlarla, ictimai-siyasi xadimlərlə görüşlərimiz oldu. Təklif var idi ki, Yaşıllar partiyasını təmsil edənlərlə də görüşək. Onlarla da görüşümüz oldu. Bu mənim Cem Özdemirlə ilk və hələlik son görüşümüzdür. Yeri gəlmişkən, o zamanlar Cem Özdemir fərqli mövqedə idi, hətta belə bir məsələnin bundestaqda müzakirəsinin əleyhinə idi. Yəni istənilən halda bu şəkili bizə qarşı istifadə eləmək cılız dairələr tərəfindən çox məntiqsiz hərəkətdir. Çünki biz siyasətçilər siyasi fəaliyyətimiz dönəmində minlərlə insanlarla görüşürük. Nə zamansa  görüşdüyümüz bir adamın bu gün yanlış hərəkətinə görə bizim guya məsuliyyət daşıdığımızı iddia eləmək ya əbləhlikdir, ya da açıq-aydın düşmənçilikdir. Bu böhtanları yayanların özləri  Azərbaycanın düşmənləri ilə əməkdaşlıq edirlər. Məsələnin mahiyyəti budur ki, belə bir qətnamə Almaniya Bundestaqında qəbul edilib və bunu Türkiyə tərəfi də, Azərbaycan da araşdırmalıdır ki, səbəblər, Almaniyadaxili səbəblər nədir, dövlətlərarası səbəblər nədir. Bu səbəblərin aradan qaldırılması, gələcəkdə belə hadisələrin baş verməməsi üçün addımlar atılmalıdır. Bunu etmək əvəzinə bu siyasi hadisədən öz qərəzi, düşmənçiliyi üçün istifadə eləmək isə əbləhlikdir”. 
"Cem Özdemirin hərəkəti türk xalqına xəyanətdirmi?” sualını MSDM sədri belə cavablandırdı: "Bu, artıq başqa bir mövzudur. Çünki təkcə Cem Özdemir deyil, Almaniya Bundestaqında xeyli sayda Türkiyə əsilli deputatlar var və onların heç biri bu məsələdə hətta bitərəf də qalmayıb.  Həmin daxili səbəblərin biri də Almaniyada kifayət qədər işlənilməməsi, Almaniyada çoxmilyonluq türk diasporunun gücündən yetərincə istifadə edilməməsidir. Bu məsələlərə də baxılmalıdır. Aydın məsələdir ki, istər türk əsilli olsun, istər başqa əsilli olsun, deputatlar yanlış, haqsız bir qərara səs veriblər. Bu, şəxsi, qrup, partiya marağına görə verilmiş səslərdir. Gerçək siyasətçi bunu etməməlidir”. 
Almaniyanın Yaşıllar partiyası ilə Müsavat Partiyasının hansısa beynəlxalq təşkilat müstəvisində və ya ikitərəfli əməkdaşlığının olub-olmadığına gəlincə, İsa Qəmbər dedi ki, heç bir formada əməkdaşlıq heç bir zaman olmayıb və yoxdur: "Yaşıllar partiyası başqa bir xətdir. Müsavat Partiyasının xətti isə bəllidir. Biz yüz ildən artıq yaşı olan, Azərbaycanın köklü hədəflərinə yönəlmiş bir partiyayıq. Müsavat Partiyasının Avropada, dünyada çoxsaylı müttəfiqləri var. O müttəfiqlər daha çox liberal demokratik xətt tutan siyasi qüvvələrdir. Yaşıllar partiyası ilə isə bizim hər hansı bir əməkdaşlığımız, nə də müttəfiqliyimiz yoxdur. İlk növbədə Azərbaycandakı bənzər partiyalar, hərəkatlar bu barədə düşünməli, Almaniya Yaşıllar partiyasının mövqeyinə təsir göstərməyə çalışmalıdırlar.  Eyni zamanda bu qətnamə yalnız Yaşıllar partiyasının qəbul etdiyi qətnamə deyil, Almaniya Bundestaqının qəbul etdiyi qətnamədir. Çox təəssüf ki, əksəriyyət buna səs verib”.

 






Fikirlər