11.03.2014. - “Ergenekon” əfsanəsinin paşaları - Onlar kimdi?
Azadlığa çıxan “Ergenekon” generallarını Azərbaycanla nələr və kimlər bağlayır
Həbsdən azad edilən “Egenekon” məhbuslarının bəziləri haqqında qısa arayış; XXI yüzilin “Ergenekon” əfsanəsindən bir neçə boy
Türkiyədə 2007-ci il iyunun 12-də başladılan “Ergenekon” adlı cinayət işinin istintaqında həbs edilən şəxslərin 30 mart bələdiyyə seçkilərindən öncə azadlığa çıxacağı çoxları üçün gözlənilməz olmadı. Çünki 17 dekabr böyük rüşvət əməliyyatı ilə sarsılan AKP iqtidarının seçkiöncəsi öz gücünü toparlamaq üçün keçmişdəki ciddi yanlışlıqlarını düzəltməsi şərt oldu.
Artıq bu yöndəki təxminlər doğrulmaq üzrədir – martın 7-dən Türkiyə Ağır Cəza məhkəmələri “Ergenekon” məhbuslarının vəsatətlərinə baxaraq 30 nəfər haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi qərarı çıxarıb. Proses hələ davam edir. Bu işdə diqqət çəkən məqam həm də azad olunan Ergenekon məhbuslarının hansısa formada Azərbaycanla bağı olmasıdır. Azadlığa çıxan “Ergenekon” məhbuslarından bəzilərinin ömürlüyündən bir sıra məqamları sizlərə təqdim edirik.
* * * *
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş komandanı general İlkər Başbuğ. 26 ay həbsdə saxlanmasına baxmayaraq İlkər Başbuğ hələ də Türkiyə ordusunun əsas sütunlarından sayılır. Onun türk dünyasına və Azərbaycana özəl münasibəti olduğu deyilir. Sonuncu dəfə Başbuğ Azərbaycana 2009-cu il iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələr günündə gəlib. Mərasimi izləyənlər İlkər Başbuğun təbrik nitqində Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” olduğundan, Azərbaycan Ordusunun az müddətdə şərəfli yüksəliş dövrü keçdiyindən qürurla danışdığını deyir.
Silivri Cəza Evindən çıxan Başbuğ kin saxlamadığını desə də, hökumətə mesajlarını da verib: “Mənim azad edilməyim bir başlanğıcdır. İçəridə olan suçsuz insanların hamısı azad edilməlidir. Əgər bu baş verməsə bizim azadlığımızın dəyəri yoxdur. Çünki içəridə qalan insanlar da bizim kimi günahsızdırlar. Mən inanıram ki, onlar da ən qısa zamanda azadlıqlarına qovuşacaqlar”.
Qəzetçi Tuncay Özkan “Kanaltürk” televiziyasının keçmiş sahiblərindəndir. O, 1995-ci ildə ünlü televizyonçu Uğur Dündarla bərabər “Kanal D”-də çalışıb. Daha sonra Show TV-nin Genəl Yayın Yönətməni olub. 1998-c ildən “Radikal”, “Milliyet” , “Akşam” qəzetlərində köşə yazıları yayıb. Daha sonra “Kanaltürk” televiziyasını qurub. 2008-ci ilə qədər telekanala rəhbərlik edən Özkan hər zaman Azərbaycan davasına ciddi önəm verib. Azərbaycanda PKK yapılanmasına qarşı “Yeni Müsavat” qəzetinin dəstəyi ilə sənədli filmlər hazırlatdırıb.
Polkovnik Levent Göktaş. Göktaş Türkiyə Silahlı qüvvələrinin Azərbaycan ordusunda təmsilçisi olub. Vətənə xidmətlərinə görə Türkiyənin 3 qızıl ulduz alan yeganə hərbçisidir. PKK-ya qarşı savaşda xüsusi ilə fərqlənib. Bu hörgütün lideri A. Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirən qrupa rəhbərlik edən şəxslərdən biri olduğu deyilir.
Azərbaycanda olarkən "Yeni Müsavat" qəzetinin baş redaktoru ilə bir neçə dəfə görüşüb. Sonradan Rauf Arifoğlu bu görüşlər barədə silsilə yazılar yazaraq, yayınlayıb. Göktaş Azərbaycanda xüsusi xidmət göstərən 100-dən artıq Türk zabitinin komandiri olub. TSK-ya bağlı “Özəl qüvvətlər” alayının rəhbəri kimi üstün xidmətlərdə bulunub. Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı PKK uzantılarına qarşı çoxlarına bəlli olmayan mücadilə verib.
Ordu Generalı Hurşit Tolon. 72 yaşlı Tolon 42 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. Son vəzifəsi 1-ci Ordu Komandanı olub. O, “Ergenekon” dosyesinə görə təxliyyə qərarı alsa da, üzərində başqa bir məhkəmə dosyesi olduğu üçün hələlik cəza evindən çıxa bilməyəcək. General Tolonun Azərbaycan hakimiyyətinin bir sıra yüksək rütbəli təmsilçiləri ilə ailəvi dostluq münasibətləri olduğu haqqında səhih xəbərlər var.
Polkovnik İbrahim Şahin. Polis zabiti Şahinin adı Türkiyədə qumarxanalar kralı kimi tanınan Ömər Lütfi Topalın qətlinə qarışmışdı. Bundan sonra vəzifəsindən uzaqlaşdırılan Şahin illər sonra bəraət alıb. PKK-ya qarşı savaşan “Özəl Hərəkat” adlı polis alayının rəhbəri olub. Ölkənin keçmiş baş nazirlərindən Tansu Çillər onun haqqında “şəhid olmaqdan dönən dəyərli bir polis şefi” ifadəsini işlədib. Daha sonra o, polis rəisi olduğu bölgədə özəl hərəkat mənsublarına silah paylamaqda ittiham edilib. Özəl Hərəkat Dairəsinin keçmiş başqanı vəkili Şahin Milli İstihbarat Təşkilatını keçmiş məmuru Korkut Ekenlə birlikdə qanunsuz silahlı dəstə yaratmaqda suçlu bilinərək 4 il azadlıqdan məhrum edilib. 2001-ci ildə prezident Əhməd Nejdət Sezər onu əfv edib.
Azərbaycanda çoxsaylı dostları var. Mərhum polkovnik Rövşən Cavadovun yaxın dostlarından biri idi. Silivri Cəza Evinin qarşısında danışan Şahin səhhətindəki problemlərə baxmayaraq çox nikbin danışıb: “Dövlət həyatında belə işlər olur. Əsas olan Türkiyənin çıxarlarıdır. Sadəcə onu deyə bilərəm ki, Türkiyə bu gün 1921-ci il Qurtuluş Savaşı illərindəki gərginliyi yaşayır. Ona görə burada olduğum üçün dövlətdən küsməmişəm. Bu günlər gəlib keçəcək inşallah”.
Vəkil Kemal Kerinçsiz. Türkiyədə milliyətçi kəsimin böyük sayğı göstərdiyi vəkil Kerinçsiz Cinayət Məcəlləsinin "türk millətini, Türkiyə Cümhuriyyəti Dövlətini, dövlətin qurum və orqanlarını aşağılayanlar cəzalandırılmalıdır” maddəsi ilə apardığı cinayət işləri ilə məşhurdur. O, bir zamanlar bu maddə ilə erməni qəzetçi Hrant Dink, yazarlar Orhan Pamuk və Elif Şafak haqqında iddia qaldırması ilə gündəmə gəlmişdi. Bundan başqa o, Boğaziçi Universitetində planlaşdırılan Erməni Konfransını ləğv etdirməsi ilə də tanınır. Məhkum-vəkil cəza evindən çıxarkən qəzetçilərə belə bir açıqlama verib: “2006-cı ildən başlayaraq Türkiyəni federasiyalara bölmək cəhdləri davam edir. Kürd dövlətinin təməlləri atılmaq üzrədir. Bundan sonra əsas mücadilə dövlət qurumlarının işğalının sonlandırılması və Türkiyənin cümhuriyyət təməllərinin möhkəmləndirilməsidir”.
Sedat Peker. Onu Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir. Ancaq əldə etdiyimiz bilgilərə görə, ülküçü cameə ilə Sedat Pekər arasında münasibətlər qarşılıqlı sayğıya dayanır. Sedat Peker məhkumluqdan sonra mediaya ilk açıqlamasını da verib: “10 ildir məhbəsdəyəm. Ancaq həm ruhən, həm də fiziki olaraq dimdik ayaq üstəyəm. Allahdan bütün qəlbimlə cəza evlərində haqsız yerə yatan hər kəsin azadlığa çıxmasını diləyirəm”.
General Tuncer Kılınc. Milli Güvənlik Kurulunun əski baş katibi. Türkiyənin qüdrətli simalarından biri, strateq. Azərbaycana, Müsavat başqanı İsa Qəmbərə yaxın sayılırdı. “Ergenekon” davası üzrə 13 il 2 ay iş almışdı.
Doğu Perinçek. Perinçek İşçi Partiyasının başçısıdır. Siyasi elmlər doktoru Perincək onlarla elmi əsərin müəllifidir. Gənc yaşlarından siyasi hərəkata qoşulub. Dəflərlə həbs edilib. l991-ci ildə “Doğu” dərgisinin baş redaktoru olduğu zaman Livanda PKK lideri Abdullah Öcalanla görüşərək onun müsahibəsini yayımlayıb. Daha sonra həmin müsahibə kitab kimi nəşr olunub. Öcalanla görüşən digər qəzetçilərdən fərqli olaraq Perinçek Körfəz savaşından sonra PKK-nın qərbin nəzarəti altına keçməsinə diqqət çəkib. 2008-ci il martın 21-də silahlı terror təşkilatı qurmaq, zorla hökuməti devirməyə cəhd etmək, silahlı üsyan qaldırmağa hazırlıq, açıqlanması yasaq sənədləri ictimailəşdirmək ittihamları ilə 117 il həbs cəzasına məhkum edilib. Perinçek Silivri Cəza evindən Çıxandan sonra media nümayəndələrinə açıqlamasını “bizi Türkiyəni bölmək üçün həbs etdilər” sözləri ilə başlayıb. Perincek deyib ki, “Ergenekon” istintaqı Türkiyəni şeyxlər, müridlər, camaatlar ölkəsi halına gətirmək üçün idi: “İndi camaatların , təriqətlərin kökünü qazıyacağıq, cümhuriyyətimizi yenidən ayağa qaldıracağıq. Bizi azadlığa qovuşduran türk xalqının öncülləridir. İndi biz “Ergenekon”dan yeni çıxmış kimiyik. Özümü qınından çıxmış qılınc kimi hiss edirəm. Vəzifələrimizi yerinə yetirməyə hazırıq. Biz Türkiyənin bölünməsinə imkan verməyəcəyik. “Ergenekon” davasında hədəf Atatürk devrimi idi. Ancaq bizi hədəf alanları görüdünüz – çürüyürlər, dağılırlar... Buradan elan edirəm Türkiyəni bölənlərin iqtidarını yıxacağıq – Tayyib Ərdoğanların, Abdullah Güllərin, Fətullah Gülənlərin iqtidarını, hamısını birdən yıxacağıq”.
Hasan İğsız. Ordu generalıdır. Türkiyə Silahlı Qüvvələri 1-ci Ordusunun komandanı olub. Orduda böyük nüfuzu olan şəxs kimi tanınır. Həbsxanadan çıxanda azadlığını oğurlayanlara səslənib: “Bu gün azadlığımın oğurlanmasından 2 il 7 ay keçir. Əslində azadlığa qovuşduğum üçün sevinməli idim. Ancaq kamera yoldaşlarımı içəridə qoyub azadlığa çıxmaq mənə ağır gəldi. İllərdir hamımız haqsızlığa üsyan edirik, ancaq çox təəssüf dövlət seyrçi qaldı. Ancaq sonda bütün bunların Türkiyə dövlətinə qarşı ssenari olduğu aşkara çıxdı. Dövlət bizdən və ailələrimizdən üzr istəməyə borcludur.”.
Qəzetçi Merdan Yanardağ. İlk dəfə 1980-cı il 12 sentyabr olaylarında həbs edilib. Qəzetçiliyə 1985-ci ildə “Günaydın” qəzetində başlayıb. Daha sonra “Sabah”, “Güneş”, “Gündem”, “Aydınlık” qəzetində, “Söz” dərgisində çalışıb. Ardından televizyonçuluğa keçib. “Ergenekon” istintaqında məxfi sənədləri ələ keçirmək və yaymaqda suçlu bilinərək 10 il 6 ay həbs cəzası alıb. Cəzasını Muğla xüsusi rejimli cəza evində çəkib. Vəkilinin iddialarına görə Yanardağa qarşı heç bir iddia sübuta yetirilməyib. Yanardağ həbsxanadan çıxan zaman uzun müddət danışılacaq bəyanatı ilə yadda qalıb: “Bizim azad olmağımız üçün Türkiyə azad olmalıdır. Bu təxribatı hazırlayanlar sadəcə “camaat” və “paralel dövlət” deyilən güc deyil. Bu işdəki suç ortaqları hələ də hökuməti işğal etməkdədirlər. Xüsusi ilə vurğulayıram ki, bu işi planlayanlar cavab verəcəklər”.
Həbsdən azad olunan “Ergenekon” məhbuslarının böyük çoxluğu Azərbaycan davasını müdafiə edən, ən önəmlisi bu davanı yaxşı bilən paşalar, ziyalılar, siyasət adamlarıdır. Demək olar ki, əksəriyyəti türk millətçiliyini öndə tutan simalardır. Onların içərisində Azərbaycanın keçmiş prezidenti və milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəylə şəxsi münasibətləri olan da az deyil. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi səylər göstərən bu şəxslərin Azərbaycan dövlətinin ayaqda qalmasına da ciddi qatqıları olub.
“Ergenekon” məhbusları içərisində Azərbaycana ən çox bağlı olan şəxs ehtiyatda olan polis generalı Vəli Küçük haqqında həbs qəti imkan tədbiri dəyişdirilməsə də biz Ulu Tanrıdan tezliklə ədalətin yerini almasını və Vəli paşanın qısa zamanda azadlığa qovuşmasını diləyirik.
Aygün Muradxanlı (musavat.com)