Türkiyə Ordusu hərəkətə keçdi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankara Cümhuriyyət baş Prokurorluğuna iddia ərizəsi ilə müraciət edib. Azertaym.az -ın “Hürriyet”ə istinadən xəbərinə görə, iddia ərizəsində “Balyoz” və “Ergenekon” adı ilə tanınan cinayət işlərində adı keçən Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətdə və istefada olan personalına qarşı Silahlı Qüvvələri hədəf alacaq şəkildə ittihamlar irəli sürüldüyü, prokuror və hakimlərin müttəhimlərin müdafiə hüququnu nəzərə almadığı, ittiham dəlillərini manipulyasiya etdiyi bildirilib.
“Balyoz” prosesində vəkil kimi iştirak etmiş Haluk Pekşen bildirib ki, bu barədə ona Baş Qərargahdan zəng edərək telefonla məlumat veriblər.
Qeyd edək ki, ötən həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın başdanışmanı Yasin Akdoğan “milli orduya tələ quruldu” bəyanatı ilə çıxış edib. Bundan sonra vəkil Haluk Pekşen Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına müraciət edərək, məsələ ilə bağlı iddia ərizəsi verilməsini xahiş edib.