ELÇİBƏYin heç zaman açıqlamadığı SİRLƏR -TARİX
Elçibəy 2000-ci ildə səhhətinin ən ağır çağında Türkiyədə xəstəxanaya yatırılır. Amma çətin durumda olmasına baxmayaraq oradan öz davamçılarına “Uca Türk millətinə müraciət” adlı məktubunda xəstəxanaya getməməsini və xəstəliyini sirr kimi saxlamasına məktubda bu cür aydınlıq gətirir. Moderator.az mərhum Əbülfəz Elçibəyin anım günü ilə bağlı həmin məktubdan bəzi sitatları təqdim edir: “Bilirdimki, məndə "xərçəng" xəstəliyivar. Amma mən bunu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim. Onu da bilmirdim ki, artıq əksəriyyət insanlar xəstəliyimi bilir və məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz övladından heç nəyi gizli saxlamasın və eyni zamanda da övlad ondan heç nəyi gizlətməməlidir. Belə alındı ki, gerçəyi gizlətmək həm xalqa, həm də onun övladına heç bir xeyir vermədi. Mən bir çox şeyləri "xalq bilib rahatsız olar, pis əhval-ruhiyyə yaranar", -deyə ondan gizlətdim.” “Çox sirləri özümlə aparıram. Bunların bir çoxu açıqlanmalı idi, lakin buna zaman çatmadı. Demək olar ki, tale imkan vermədi. Bir sıra xətalar buraxılmışdı ki, bunları aradan qaldırmaq mümkün idi. Millətim qarşısında bəzi xətalarım da olub. Xahiş edirəm, millətim məni bağışlasın. Deyəcəklər ki, üzrü sağ ikən etməli idi. Hər halda, görünür ki, tale belə məsləhət bilib. Ayrı-ayrı şəxslər, xüsusilə də, mənə düşmən olanlar çox xoşagəlməz sözlər danışacaqlar. Ancaq mənim üçün əsas hökm Türk millətinin hökmüdür, Azərbaycan xalqının sözüdür”. “Mən aydın görürəm ki, artıq həyatla vidalaşıram. Lakin bir çox ideyalarımın həyata keçdiyini görmədim. Ən başlıcası isə: - Rusun əli ilə ermənilərin işğal etdiyi Qarabağı azad etmək istəyirdim. Bunu edə bilməsəm də, mən artıq bilirəm ki, o, mütləq azad olacaq! - Azad surətdə Təbrizə getmək, onu azad görmək istəyirdim. Təbrizi azad görə bilmədim, ancaq indi elə fikirləşirəm ki, Təbrizi azad görmüşəm. Bu fikrimə "xəyaldır" deyəcəklər. Lakin elə deyil! Yaxın zamanlarda insanlar onu görəcəklər! Və onda biləcəklər ki, mənim düşündüyüm lap yaxında imiş”. Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! Bir xalq azadlıq əldə edirsə, o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!” Hazırladı: Elmin Nuri