"ABŞ artıq GÜLƏN kartından istifadə etdi, bundan sonra..."

Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişinə cəhdin qarşısı alınsa da, ölkədə vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Bundan sonra baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq məqsədilə insanlar gecə-gündüz küçə və meydanlarda keşik çəkirlər.

Dövlət çevrilişə cəhd edənlərin həbs olunması, ümumiyyətlə FETO-çuların müəyyən edilməsi istiqamətində köklü işlər həyata keçirir. Dövlət müəssisələrində kütləvi şəkildə ixtisarlar edilir, ali məktəblər, təhsil müəssisələri, kütləvi informasiya vasitələri bağlanır, rekord sayda həbslər qeydə alınıb.

Maraqlıdır, bu həbslər, ixtisarlar, ali məktəblərin bağlanması nə qədər doğrudur və zamana qədər davam edəcək? Türk ordusundakı həbslər Türkiyənin NATO-dan kənarlaşdırılması ilə nəticələnə bilərmi? ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcəkmi?

Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu və ya digər suallarımıza aydınlıq gətirib.

 

Q.Çaxmaqlı ilk əvvəl qardaş ölkədə baş verən çevrilişə cəhd hadisəsini analiz edib:

 

“Orada olduğumuza görə, dediyimiz hər sözün Türkiyənin daxili işlərinə qarışmaq kimi hesab olunar deyə, çox zaman baş verən hər hansı bir hadisəyə münasibət bildirməkdən qaçırıq. Amma Türkiyə bizim üçün doğmadır, Azərbaycanla da fərq qoymadığımıza görə, düşünürəm ki, münasibət bildirməyimiz yanlış anlaşılmaz.

Türkiyədə gerçəkdən bir çevrilişə cəhd edildi. Bu məsələ çoxdan Türkiyənin gündəmində idi, dövlətin içinə sızmış adamlar vardı. O adamlar başqalarının tapşırıqlarını yerinə yetirirdilər və bununla da uzun zaman Türkiyəyə zərər verən bir fəaliyyətdəydilər. Bu fəaliyyət də ona gətirib çıxartdı ki, çevrilişə cəhd oldu. Yaxşı ki, çevriliş baş tutmadı. Çevriliş baş  tutsaydı, Türkiyəni çox böyük faciələr gözləyə bilərdi. Bəlkə də həmin adamların bu çevrilişi gerçəkləşdirmək fikri yox idi. Amma onların əsas məqsədləri ondan ibarət idi ki, Türkiyə qarışsın, Türkiyə Suriyaya, digər ərəb ölkələrinə çevrilsin, Türkiyədə vətəndaş müharibəsi baş versin. İndi insanlar arasında müəyyən qədər düşmənçilik elementləri ortadadır. Ancaq Türk xalqı yetkin xalq olduğuna görə buna getmədi və bunun qarşısını aldı. bir epizodu yadınıza salmaq istəyirəm, Boğaziçi körpüsündə əsgərlər dayanmışdı deyə insanlar onlara sayqı duyurdular. Türkiyədə ümumiyyətlə insanların əsgərə böyük bir sayqısı var. Əsgərlərin arasına belə insanların sızmasını açığı mən də gözləmirdim. Allaha şükür ki, Türkiyə bu çevriliş cəhdindən qurtuldu.

Orada yabançı olduğumuza görə, hadisələrlə bağlı daha da dərindən, detaylı fikir söyləməyimiz bir qədər doğru olmaz”.

 Professor daha sonra Türkiyə ordusunun zəifləməsi ilə bağlı deyilənlərə münasibət bildirib:

“Türkiyədə əsgəri nüfuzdan salma prosesləri indinin işi deyil. Ergenekon, Balyoz məsələləri zamanından Türkiyədə ordunun rolunu azaltmaq istəyirdilər. Çünki ordu varsa, Türk var, ordu yoxsa, Türk yoxdur. Türkiyə həmişə ordusuyla böyük olub, yenə də ordusuyla böyükdür. Amma nə qədər olmasa da ordunun içinə bu təxribatı salanlar ordunu nüfuzdan salmağa çalışırdılar. Ordunun rolunu əlindən almaq istəyirdilər. Buna müəyyən dərəcədə nail oldular. Amma yenə deyirəm, Türk xalqı müdrik xalqdır, yenə də əsgəri onun qoruyucusudur və hər zaman əsgərinə güvəni tamdır”.

Q.Çaxmaqlı Gülənin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı sualımızı da cavablandırıb:

“Məncə, ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcək. Çünki ABŞ artıq Gülən kartından istifadə etdi. Necə ki, müəyyən zaman Ben Ladendən istifadə edib buraxdı. İndi Gülənlə bağlı da bütün planlarını yerinə yetirib, çevrilişə qədər gətirib çıxarıb və bundan sonrası yoxdur. Buna görə ABŞ Gülən məsələsini gündəmdən çıxarmaq üçün, öz başını ağrıtmamaq üçün Güləni Türkiyəyə verəcək. Verməməsinə də səbəb yoxdur. Bu adamın bu işlərdə əli var, sübutlar var. Bu zaman ABŞ-a sual olunur ki, nəyə görə onu himayə edirsən, belə çıxır ki, bu məsələnin arxasında sən dayanmısan? Buna görə də Amerika bu işin arxasında özünün olduğunu göstərməmək üçün Güləni verəcək.

Amma Güləni edam etməyəcəklər, ondan sonra hadisələrdən ağıllı başla nəticələr çıxarıb, o istiqamətdə hərəkət edəcəklər. İndi Türkiyədə isti başla bir qədər çılğın hərəkətlər edilir. Nə qədər insan həbs edilir və mən hesab edirəm ki, o insanların çoxu günahsızdır, bəziləri sadəcə əmr quludur. Müəyyən zamandan sonra bunlarla bağlı bir əfv qərarı da çıxa bilər. Yəni Türkiyə bu fəlakətdən qurtulmalıdır”.

 Qafar Çaxmaqlı sonda vurğulayıb ki, Türkiyədə təhlükə sovuşmayıb:

“Ancaq bir daha çevrilişə cəhd ola bilməz. Türkiyədə dövlət başçılarına qarşı sui-qəsdlər ola bilər, Türkiyəni qarışdırmaq üçün başqa hərəkətlərə yol verə bilərlər. Müəyyən yerləri, silah fabrikasını partlada bilərlər və s. Türkiyədə xalqı da bunu bilir və növbət sistemiylə gecə-gündüz küçə və meydanlardadır. Təhlükə tamamilə aradan qaldırılana qədər bu proseslər davam etdiriləcək. Əvvəldə də qeyd etdim ki, Türk xalqı yetkin xalqdır, bu məsələləri siyasi cəhətdən də düzgün analiz edə bilirlər. İndiki halda da çevrilişə qarşı hər kəs yumruq kimi birləşdi, hətta müxalifət belə hakimiyyətin yanında oldu”.






Fikirlər