07.05.2014. - Xəzər 2500 kilometrlik radiusda bağlandı, Azərbaycan hüdudlarında raket atışları gedir
Təlimlərin bir hissəsi Azərbaycanın dəniz sərhədi yaxınlığında - Mahaçqala atəş sahəsində keçirilir.
Rusiyanın Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimə 20 hərbi gəmi və təminat gəmisi cəlb edilib. Donanmanın raket və artilleriya gəmilərinin heyəti dəniz, sahil və hava hədəfləri üzrə müxtəlif raket və artilleriya atışları, tral gəmiləri isə mina maneələrinin aradan qaldırılması ilə qarşıya qoyulan məsələləri yerinə yetirəcək.
Hərbi təlimlərə qatılmaq üçün gəmilər iki istiqamətdən - Həştərxandan və Mahaçqaladan dənizə çıxıb. Rusiyanın Xəzər donanmasının flaqmanı olan nəhəng “Tatarıstan” raket gəmisi də manevrlərdə iştirak edir. Gəmi Mahaçqala limanından dənizə istiqamət alıb.
Həmçinin Xəzər donanmasının tərkibinə son illərdə verilən digər yeni hərbi gəmilər - “Tatarıstan”, “Qrad Sviyajsk” və “Uqliç” bu manevrlərdə iştirak edir.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, təlimlərlə əlaqədar olaraq mayın 8-nə qədər Xəzərdə 2500 kilometr radiusda (1500 dəniz mili) dəniz sahəsi mülki gəmilərin hərəkəti üçün bağlanıb.
Xəzər donanmasının hərbi gəmilərinin manevrindən əvvəl - mayın 1-də donanmanın xüsusi təyinatlı sualtı dəstələrinin təlimi keçirilib. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Xəzər donanmasının sualtı-diversiya dəstələrinə qarşı xüsusi təyinatlı bölmələri şərti sualtı düşməni zərərsizləşdirmək təlimi keçiblər.
Təlimin ssenarisinə görə, düşmənin sualtı-diversiya dəstələri Xəzər donanmasının gəmilərinin bazasına sızmağa cəhd edib. Onlara qarşı diversantlar əleyhinə çoxfunksiyalı “Qraçonok” kateri və xüsusi təyinatlılar, habelə bir neçə sürətli qayıq və sualtı hədəflərin izlənməsi üçün xüsusi avadanlıqlar işə salınıb.
Təlimlərin gedişində müdafiə olunan tərəf bu avadanlıqların köməyi ilə “diversantları” aşkar edib, onları zərərsizləşdirmək üçün dalğıclar suya endirilib. “Diversantlar” zərərsizləşdirilib və katerin göyərtəsinə qaldırılıb.
Təlimlərin gedişində xüsusi təyinatlılar su altında atəş açmaq üçün nəzərdə tutulan xüsusi avtomat və tapançalardan hədəflərə atəş açıblar. Cənub Hərbi Dairəsi bildirir ki, bu il ərzində sualtı diversantlara qarşı xüsusi təyinatlı bölmələr Xəzər donanmasının gəmilərini xarici limanlara yan alarkən müşayiət edəcəklər və “qorunmayan reydlərdə” onların təhlükəsizliyini təmin edəcəklər. Bu da Rusiyanın Xəzər donanmasının hansısa hücum planına hazırlaşmasından xəbər verir.