Müsavat başqanının həbsxana və ailə sirləri: “Övladım 8 dollara satıcı işləyir”

"HƏBSXANAYA İSTİLİK ÇƏKDİRDİM - RƏİS BÜTÜN TƏLƏBLƏRİMİ YERİNƏ YETİRİRDİ”
Müsavat Partiyasının başqanı Arif Hacılı "BakiPost.az” saytına geniş müsahibə verib. O, müsahibəsində uşaqlığı, gəncliyi, ailəsi və həbsxana həyatı ilə bağlı maraqlı nüanslara toxunub. 
 
– Arif bəy, gəncliyiniz necə keçib? O illər haqqında düşünəndə əsasən, nələri xatırlayırsınız?
– Yeniyetməlik və ondan əvvəlki dövr çox ağır keçib. 10 yaşım olanda atamızı itirdik. O zaman qardaşım Vaqifin 11 yaşı vardı, Mustafa təzə anadan olmuşdu, bacım isə Tibb institutunda aşağı kursda oxuyurdu. Atamızın ölümü həyatımızı xeyli çətinləşdirdi. Bütün qayğımız anamızın üzərinə düşdü. Çətin illər yaşadıq. 
Amma gənclik çağlarım nisbətən maraqlı keçib. 
16 yaşım olanda dörd nəfərdən ibarət rok qrupu yaratmışdıq.
 Qrupun adı "Yuneps” idi. Biz o vaxtlar çox dəbdə olan Bitles kimi ansamblları yamsılayırdıq...
 
– Toylara da gedirdiz?
– Yox, nə toy? ( gülür) Ad günlərində, tədbirlərdə, diskotekalarda, məktəblilərin buraxılış gecələrində iştirak edirdik. Zaqatala parkında hər şənbə və bazar günləri rəqs gecələri keçirilirdi. Ordakı rəqs dairəsi elə indi də qalmaqdadır. O vaxtlar Zaqatala turizm mərkəzlərindən biri idi. Eyni zamanda Bakıda təhsil alan xarici tələbələr yayı orda keçirir və bu tipli tədbirlər təşkil edirdilər. Sonra orta məktəbi bitirdik, hərə bir tərəfə getdi, kimi əsgərliyə, kimi təhsil dalınca. 
 
– Bəs əsgərlikdə harda olmusunuz?
– Almaniyada. Hərbi hissədə slavyan olmayan təkcə mən idim. O vaxt bizi bölüşdürərkən rusca təmiz danışdığıma görə qərbi ukraynalı olduğum qənaətinə gəlmişdilər. Amma sonradan öyrənəndə problemlər yarandı, məni başqa hərbi hissəyə keçirmək istəyirdilər.
– Neçənci il idi?
– 1980... Amma başqa yerə keçirtmədilər. Almaniyanın Drezden şəhəri yaxınlığında iki illik hərbi xidmətimi başa vurdum. Hərbi xidməti bitirəndən sonra Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. O dövrdə jurnalistikaya sənədlərin qəbulu üçün iki il əmək stajı lazım idi. Mən məktəbi qurtardıqdan sonra cəhd etsəm də, alınmamışdı. Çünki iki illik staj tələbi birmənalı olaraq qoyulmuşdu. Düzdü, müəyyən adamların qəbul olmaq imkanı vardı, amma mən bunu edə bilmədim. Təhsil Nazirliyinə getdim, qəbul komissiyasında oldum, nəticəsi olmadı. Ona görə də əsgərliyə getdim.
– Nə üçün məhz jurnalistika?
- Əvvəldən  bu sahəyə marağım çox olub. İlk yazım 1976-cı ildə – 14 yaşımda çap olunub. Universitetə ərizə verəndə isə artıq əlliyə yaxın yazım dərc olunmuşdu. O dövrdə şeirə də maraq göstərirdim. Şeirlərim mətbuatda çap olunurdu.
– Maraqlıdır, tələbəlik illərindən kimlər yadınızda qalıb?
– Tələbəlikdə münasibətim olan adamların bir çoxu hazırda Azərbaycanda tanınırlar. Bir qrupda oxuduğum Yaşar Əliyevlə yaxın dostluq münasibətlərim vardı.
– Ramiz Rövşənin qardaşı Yaşar?
– Bəli... Müqəddəs Mehdiyev, Əfqan Fərəcov adlı qrup yoldaşlarım vardı, yaxın dost idik. Aşağı kurslarda Yusif Rzayev, bizdən bir qrup yuxarıda Rəşad Məcid təhsil alırdı. Rauf Mirqədirovu, Mirşahini tanıyırdım. Elə həmin dövrdə  – 1985-86-cı illərdə Ramiz Rövşənlə tanış olduq. Mənim müəyyən qərarlar qəbul etməyimdə Ramiz Rövşənin rolu olub. Mən onun şeirlərini oxuyandan sonra şeir yazmağı tərgitdim. İndi arada olur, hobbi kimi yazıram, amma məhz 
Ramiz Rövşənlə tanışlıqdan sonra şair olmaq qərarımdan vaz keçdim.
Universitet illərini çox məmnunluqla xatırlayıram. Nüşabə Sadıqlı, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Zeynal Məmmədli, Nəsir Əhmədli kimi müəllimlərin əhatəsində mənim də dünyagörüşüm formalaşdı. Dekanımız Tofiq Rüstəmov çox mədəni və səviyyəli bir şəxs idi. Ümumiyyətlə, jurnalistika fakültəsində atmosfer tamam başqa idi. Yaradıcı bir mühit vardı, ordakı insanlar xarici ədəbiyyatı, rus ədəbiyyatını, Azərbaycan mətbuat tarixini çox yaxşı bilirdi. Universitetin aşağı kurslarında oxuyanda artıq mən minlərlə kitab oxumuşdum.
– Minlərlə?
– Bəli. Rus dilini yaxşı bilməyim rus ədəbiyyatı ilə tanış olmağıma imkan yaradırdı. Mən Zaqatalada yaşayanda rayon kitabxanasının üzvü idim. Ordakı oxunması mümkün olan kitabların demək olar ki, hamısını oxumuşdum. Oxumadığım kitabları isə tale elə gətirdi ki, həbsxanada mütaliə etdim.
Universitetin jurnalistika fakültəsinin fərqli cəhətlərindən biri də o idi ki, müəllimlərimiz rüşvət almırdılar. Başqa fakültə müəllimlərinin rüşvət alması faktları vardı, amma bizdə yox idi. Bu faktor fakültəmizdə atmosferi daha da yaxşılaşdırır, sivilləşdirir, mədəni edirdi. Ona görə də mən həmişə həmin fakültədə keçirdiyim illərə yüksək dəyər verirəm. 
 
– Uşaqlığınızdan nəsə yadınızda qalıbmı? Davakar idiniz?
– Mən davakar yox, tələbkar və ədalətpərəst, haqsızlığa qarşı olmuşam. Çəkingən, utanan olmamışam. Çünki bizi evdə bu cür tərbiyə etmişdilər. O vaxt mühit eləydi ki, evə qonaq gələndə uşaqlar süfrədə əyləşməzdi, amma bizim evdə belə deyildi. Atam sağ olan vaxtlar atam, sonra isə anam evdəki bütün məsələlərdə bizim fikrimizi soruşurdu.
 
– Atanız nə işlə məşğul olurdu?
– Müəllim idi. İki ali məktəb oxumuşdu, pedaqoji institutu və o vaxtlar nüfuzlu sayılan ali partiya məktəbini bitirmişdi. O məktəbi bitirənlər adətən, rəhbər vəzifələrdə çalışırdılar. Atam da müəyyən dövrdə partiya vəzifələrində və məktəb direktoru vəzifəsində çalışmışdı. Haqsızlıqlarla barışmayan bir insan idi. 
Kommunist partiyasının fəaliyyətindən narazı idi. Hətta bu mövzuda dissertasiya da yazmışdı, amma qəbul etmədilər. Sonradan atam xərçəng xəstəliyinə tutuldu...
 
– Arif bəy, necə oldu ki, siz siyasi proseslərə qoşuldunuz?
– Mən dünyada baş verən proseslərlə kifayət qədər məlumatlı idim. Xüsusən, dünya ədəbiyyatını mütaliə edirdim. Düzdü, oxuduğum kitablar bədii olsa da, müəyyən siyasi biliklər də verirdi. SSRİ-də çoxpartiyalı sistemin olmamasından, seçkilərin formallığından, saxta, yalan təbliğatdan, Azərbaycandakı haqsızlıqlardan narazı idim. Eyni zamanda seçkilərin alternativsiz keçirilməsinə qarşı açıq danışırdım. 
Bilirsiniz ki, o dövrdə də bütün seçkilər tamamilə formal keçirilirdi.
Siyasi baxışlarımın, mövqeyimin formalaşmasında Qarabağ probleminin mühüm rolu oldu. 1985-1986-cı illərdə erməni alim və yazıçıların Azərbaycana qarşı çıxışlarına və yazılarına sərt və qəti reaksiyalar verirdim. Bu məsələ ilə bağlı düşüncələrimi yaxınlarımla bölüşürdüm. Bakıda mitinqlər başlayan vaxt biz tələbə idik. O vaxt universitetin jurnalistika fakültəsi köhnə binada yerləşirdi. Bizim binanın yanında - Sabir bağının qarşısında lokal mitinqlər keçirildi. Mən o mitinqlərdə iştirak etmişəm. Orda həm Qarabağla, həm də Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlər səslənirdi. SSRİ konstitusiyasında onun tərkibinə daxil olan ölkələrin formal da olsa, müstəqil olmaq hüququ var idi. Mən isə bu maddədən istifadə edərək Azərbaycanın müstəqil dövlət olmasını arzulayır və bunu açıq şəkildə bildirirdim.
Mənə ilk milis dəyənəyi 88- ci ilin 16 noyabr mitinqində dəydi. Həmin gün mitinqçiləri dağıtdılar. Əsasən, 
ruslar bizə hücum edirdi. Mənim də kürəyimə dəyənəklər dəymişdi və buna görə çox romantik hislər keçirirdim. Yataqxananın həyətində futbol oynadığım uşaqlara kürəyimdəki dəyənək izlərini fəxrlə göstərirdim. (gülür)
– Onda neçə yaşınız vardı?
– 1988-ci ildə 26 yaşım vardı. Mən noyabr mitinqlərində demək olar ki, əvvəldən axıra kimi iştirak etmişəm. Noyabrın 22- də rus tankları meydana girsə də, insanlar dağılışmadı. Bu mənə çox təsir etdi və həyatımı Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə həsr etməyə and içdim. 1988-ci ilin 22 noyabrı mənim siyasətə gəldiyim gündür.
 
– Maraqlıdır, bəzi yaşlı adamlar ermənilərlə münasibətlərini xoş hislərlə xatırlayırlar. Sizin necə, erməni dostlarınız vardımı?
– Mən Zaqatalada böyümüşəm. Orda ermənilər ancaq mərkəzi küçələrə yaşayırdı. Tale elə gətirib ki, onların heç biri ilə yaxım münasibətim olmayııb. Amma bir erməni dərzi vardı, ona şalvar-filan tikdriridilər. Təkcə o yadımda qalıb. O da daim erməniləri tərifləyirdi, erməni xalqının böyüklüyündən danışırdı. O vaxtdan davranışlarına bələd idim. Əsgərlikdə qonşu hərbi hissələrdəki erməniləri tanıyırdım. Heç onların da bizimkilərlə münasibətləri yaxşı deyildi. 
 
– Sizcə, bir insan ermənidirsə, yaxşı ola bilməzmi?
– Ola bilsin ki, ayrı-ayrı insanlar ermənilər haqqında başqa cür fikirləşə bilər, amma bütövlükdə onların bizimlə münasibətləri heç vaxt yaxşı olmayıb. O dövrdə bunu əks etdirən misallar da vardı. 
O vaxtı hamı "Neftçi" klubuna azarkeşlik edirdi. Əgər il ərzində komanda uduzub, bircə "Araratı" udsaydı, Azərbaycan azarkeşi xoşbəxt idi. Amma bütün oyunları udub, "Ararat"a uduzsaydı, bunu çox ağrılı qarşılayırdı...
 
 
– Deyəsən, futbolu çox sevirsiniz, eləmi?
– Bəli... Hətta orta məktəbdə oxuyanda beynəlxalq futbol komandalarının oyunçularını bircə-bircə tanıyırdım.
 
– Heç xlor qabı ilə məhlə-məhləyə futbol oynamızınız?
– Bəzən rezin topla olurdu. (gülür) Qış aylarında böyük tennis topu ilə xokkey də oyanyırdıq. Mənim atam və əmilərim eyni həyətdə yaşayıblar. Üç qardaşın 13 uşağı vardı. Həmişə həyətdə futbol, xokkey, nərd, domino, şahmat yarışları təşkil edirdik. Balaca əmim aramızda 30 yaş fərqi olsa da, bizimlə yaşıd kimi davranırdı, bizimlə futbol oynayırdı. Əsgərlikdə də hərbi hissələr arasında gedən yarışlarda iştirak etmişəm. Məni Almaniyadakı Sovet kontingentinin yığma komandasına götürmüşdülər. Orda 2 nömrəli forma ilə müadfiəçi kimi oynayırdım. Ən böyük və yadımda qalan yarış "Dinomadrezden” adlı komanda ilə görüş olmuşdu. 9 may günü idi. Oyun heç-heçə başa çatdı. Amma düzü, mən inanmırdım, yəqin razılaşdırılmışdı, çünki o komanda olduqca güclü idi.
 
– Siz Qarabağ müharibəsində iştirak etmisiniz, döyüşlərdə olmusunuz, elədirmi?
– Mən Qarabağa 1989-cu ildən getməyə başladım. Onda heç Xalq Cəbhəsi yaranmamışdı. Zaqatalada özüm könüllülər dəsəsi təşkil etmişdim. Əvvəl Hadrut rayonunun Axullu adlı bir kəndi vardı, dərənin bu üzündə ermənilər, o üzündə bizimkilər yaşayırdı. Zaman-zaman atışmalar olurdu. Biz, azərbaycanlılar yaşayan hissəni qoruyurduq, eyni zamanda məktəb tikirdik. Sonra bizə Ağdamın Cinli kəndini qorumaq həvalə edildi. Aprel döyüşlərində şəhid olan polkovnik Raquf Orucov o kənddən idi. 
 
Biz evlərdə, fermada qalırdıq, gecələr isə ön xətti qoruyurduq. 
Ordakı əməliyyatlarda iştirak etmişəm. Şuşaya isə ilk dəfə 1989-cu ilin sentaybrın 3-də getdim.
 
– Nə yaxşı tarixi dəqiqliyi ilə yadınızdadır...
– Ona görə ki, sentyabrın 2-də mənim ilk övladım dünyaya gəlmişdi. Biz onda Əsgəran ərazisindən keçirdik. Həmin vaxtlar Şuşaya ərzaq aparan bir maşın ermənilər tərəfindən vurulmuşdu və iki nəfər həlak olmuşdu. Yəni ora getmək olduqca təhlükəli idi. Mən də Şuşaya gedən yardıma rəhbərlik edirdim. Sentyabrın 3-də xəstəxanaya gedib cocuğumla görüşdüm ki, bəlkə bir daha görmədim.
O dövrdə ölümə də romantik məsələ kimi baxırdım. 
Xatırlayıram ki, Yeltsin, Nazarbayev Qarabağa gələndə biz Xalq Cəbhəsinin nümayəndələri kimi Xocalıda, Şuşada plakatlar asmaqla, piketlər təşkil etməklə onları vəziyyətlə tanış etmək istəyirdik. Mən onda millət vəkili idim. Biz vertolyotla da uça bilərdik, amma vertolyot balacaydı, çox adam yerləşmirdi. Mən özüm maşınla getməyə üstünlük verirdim. Xalq Cəbhəsinin Yusif Hacıyev adlı hüquq şöbəsinin müdiri vardı, mənə dedi ki, necə yəni maşınla gedirsən? Başa düşmürsən ki, səni öldürə bilərlər? Mən tam səmimi olaraq cavab verdim ki, Yeltsin və Nazarbayevin Qarabağa gəldiyi gün millət vəkilinin öldürülməsi Azərbaycan üçün necə vacib məsələ olardı, bilirsinizmi?
Həqiqətən düşünürdüm ki, bir deputatın Əsgaranda öldürülməsi Azərbaycanın münaqişədə haqlı olduğunun daha bir sübutu ola bilər. Şuşaya getdiyim gün Şuşa televiziyası açılmışdı. Mən Şuşa televiziyasının birinci verilişində müsahibə vermişəm. Ora nə məqsədlə gəldiyimiz, nə iş gördüyümüzdən danışdım. Şuşadan qayıdandan sonra bir məqalə yazdım. O yazı həm rayon, həm də respublika mətbuatında çap olundu.
Dövlət müşaviri olduğum dövrdə isə Qarabağa daha çox getmişəm. Hakimiyyətdə olduğumuz 13 ayın 6-nı, bəlkə də daha çoxunu Qarabağda olmuşam. Tərtərdə, Füzulidə, Qubadlıda, Ağdərədə, Ağdamda bir çox döyüş əməliyyatlarında iştirak etmişəm. Bir çox hallarda yerli icra hakimiyyəti strukturları, Xalq Cəbhəsi strukturları, eyni zamanda yerli özünümüdafiə batalyonlarının birgə fəaliyyətinin təmin edilməsi və digər məsələlərə rəhbərlik etmişəm. Yarım-mühasirə şəraitində olan Qubadlıda olmuşam, üç tərəfdən mühasirəyə alınmış Füzulidə, bir tərəfi ermənilərin, o biri tərəfi bizim nəzarətimizdə olan Ağdərədə olmuşam.
Ağdərə işğal olunan ərəfədə demək olar ki, bir ay yerli özünümüdafiə batalyonlarına rəhbərlik işində iştirak etmişik. Və nəhayət, Qlobus adlı yüksəklik vardı, oranı ələ keçirdik. Milli Qəhrəman Vəzir Orucov da o yüksəkliyin ələ keçirilməsi uğrunda aparılan döyüşlərdə həlak oldu. Mən onu yaxşı tanıyırdım. Azərbaycanda Milli Qəhrəman çoxdu, amma Vəzir Orucov qəhrəmanlar qəhrəmanı idi. Bəlkə də ona iki dəfə Milli Qəhrəman adı verilməli idi ki, digərlərindən seçilsin. Həm ağıllı idi, həm də hərb işini yaxşı bacarırdı, cəsurluğunun həddi-hüdudu yox idi. Bir neçə dəfə ağır yaralanmışdı və bununla belə döyüş əməliyyatlarını davam edirdi.
 
 
– Arif bəy, hakimiyyətdə olduğunuz vaxt hamı sizdən qorxurmuş, çəkinirmiş, ehtiyat edirmiş. Haqqınızdan bu cür şeylər danışılır...
– Yox, yanlış məlumatdır. Mənim heç mühafizəçilərim də yox idi. Biz hakimiyyətdə olduğumuz vaxt prezident istisna olmaqla heç bir avtomobil yolu qırmızı işıqda keçmirdi. Təsəvvür edirsinizmi?
 
– Amma silahla gəzirdiniz?
– Silah hamımızda var idi. Biz hələ hakimiyyətə gəlməmişdən qabaq Milli Məclis üzvlərinə silah verilmişdi. Silahı əlimdə gəzdirmirdim ki...
 
– Heç istifadə etmişdinizmi?
– Heç vaxt! Yalnız ov tüfəngindən ovda istifadə etmişəm. 
– Belə bir söhbət də yayılıb ki, mitinq zamanı polis rəisi sizin yanınıza gəlib. Onunla əsəbi halda danışmışınız! Qəfil silah üstünüzdən düşüb, patronlar yerə dağılıb. Siz heç nəyə məhəl qoymadan güllələri yığıb, silahı yerinə qoymusunuz və söhbətə davam etmisiniz...
– Yox, mitinq deyildi. Bu, 90-cı ilin əvvəlinə aid olan hadisədi. Orda polislər vardı, biz də onlarla müəyyən məsələlər barədə danışırdıq. Belə bir fikir uydurublar ki, guya, silah üstümdən düşüb, mən də əyilib götürmüşəm. Haqqımda bu cür sözlər danışıldığının mən də dəfələrlə dəfələrlə eşitmişəm, amma düzgün söhbətlər deyil.
– Bu hadisələri sizin imicinizə zərbə vurmaq üçün danışmırlar. Əksinə, təqdir edirlər ki, Arif Hacılı belə bir kişi olub.
– Ola bilər...
– Siz neçə dəfə həbsdə olmusunuz?
– Saymamışam. (gülür)
 
– Yəni o qədər çox olub?
– Uzun müddətli həbsim iki dəfə olub. Amma ümumilikdə, çox həbs olunmuşam.
– Bildiyimizə görə siz həbsxanada xüsusi hörmət və nüfuz sahibi olmusunuz. Bunu ayrı-ayrı adamlar danışır. Məsələn, sizin sözünüzlə həbsxanaya istilik sistemi quraşdırılıb. Doğrudanmı?
– Əvvəl həbsxanada mənə yaxşı münasibət göstərilmədi. Kürdəxanıda məni təkadamlıq kameraya, qısa zamandan sonra dəfələrlə həbs olunmuş bir narkotik istifadəçisiylə bir yerdə saxladılar. Bilirsiniz ki, belə bir adamla eyni kamerada olmaq çox çətindir, bunu həbsxana həyatı görmüş adamlar yaxşı bilər. Çünki onlar narkotikdən uzaq olduğu üçün çox əzab çəkirlər.
Müəyyən vaxt keçəndən sonra cəzaçəkmə müəssisəsində məni karantində saxladılar. Dustaqları karantində ya qısa müddətlik saxlayırlar, ya da ümumiyyətlə saxlamırlar. Amma mən xeyli müddət orda qaldım. Sonra isə mənə zona çıxmağı təklif etdilər. Mən rəislə görüşmədən zona çıxmayacağımı dedim. Artıq təcrübəli məhbus kimi bildirdim ki, müəyyən şərtlərimi dərhal həll etməliyəm. Orda da belə qanun var ki, əgər məhbus karantindən çıxmaq istəmirsə, onu PKT deyilən bir yer var, ora bağlayırlar. Bir-iki ay orda qalandan sonra Qobustanın qapalı həbsxanasına göndərirlər.
– Rəislə görüşdünüzmü?
– Bəli, bir müddət sonra nəhayət, görüşdüm və bir sıra şərtlərimi bildirdim. Məsələn, istənilən siravi dustaq yanından nəzarətçi keçəndə ayağa qalxıb ad-soyadını deməlidir, əli arxada gəzməlidir, geyim formasına müəyyən məhdudiyyətlər qoymalıdır və s. 
Mən rəisə dedim ki, hər səhər və axşam yoxlanışında iştirak edəcəm, amma digər alçaldıcı şərtlərə əməl etmək niyyətində deyiləm. Orda istədiyin kimi geyinmək, məsələn, şapka qoymaq qadağandır. 
Eyni zamanda mətbuatın, "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinin həbsxanaya gətirilməsini xahiş etdim.
Dedilər ki, şərtləri qəbul etməsək nə olacaq? Dedim qalacam kartantində, məni qapalı həbsxanaya göndərərsiniz. Bir gün sonra məni yenə çağırdılar. Dedilər, bütün şərtlərə razıyıq, amma qəzetlərin içəri gətirilməsini həll edə bilməyəcəyik. 
 
– Razılaşdınızmı?
– Hə! Amma bir müddət sonra hüquq müdafiə təşkilatı ilə danışdım və həbsxanaya qəzet gətirilməsinə nail oldum. Davranışlarım həbsxanada müsbət qarşılanmışdı. Çünki dəfələrlə içərində olduğum üçün davranış qaydalarını çox yaxşı bilirdim. Ordakı dustaqlar məndən məsləhət almağa gəlirdilər. Tualetlər pis gündəydi, xahiş elədim oranı düzəltdilər. Yenə də mənim xahişimdən sonra istilik sistemi quraşdırdılar. Dustaqlar belə şeyləri çox yüksək qiymətləndirir. Mübahisələr düşəndə tərəflər ağsaqqal kimi mənə müraciət edirdilər.
 
– Deməli, içəridə "vəziyyətə” baxırdınız?
– Yox! Mən əvvəl 14, sonra 16-cı zonda olmuşam. Onların heç birində "polojeniya” yox idi. Sadəcə, mənim həbsxananın düzəldilməsi ilə bağlı xahişlərimi həbsxana rəhbərliyi nəzərə alırdı.
 
– Azadlığa çıxdıqdan sonra necə oldu, yenidən həbsxana, ordakı insanlar üçün darıxdınızmı?
– İçəridə adama elə gəlir ki, buradakı insanlarla əbədi olaraq ünsiyyətdə qalacaqsan. Amma ordan çıxdqıdan sonra bir qayda olaraq belə olmur. Yəni darıxmırsan!
– Arif bəy, neçə övladınız var?
– Bir qızım var, bir oğlum.
– Nə ilə məşğuldular?
– Azərbaycanda deyillər. Xaricdə oxuyurlar, artıq təhsillərini yekunlaşdırmaq üzrədirlər.
– Adətən, adamlar övladlarının Azərbaycanda yaşamasını istəmir. Siz necə?
– Övladlarım Azərbaycanda yaşamasını çox arzulayıram. Amma təəssüf ki, mümkün deyil. Mənim ailəm 5-6 ildir ki, bir yerə yığışa bilmir.
 
– Qızınız hansı universiteti bitirib?
– Xəzər universitetini.
 
– Magistrı xaricdə oxuyur?
– Yox... Xəzər universitetinin yekununu Bostonda davam etdirdi. Oğlum isə Polşada kompüter mühəndisliyi və menecer ürə təhsil alıb.
 
– Uşaqların xaricdə oxumağı maddi cəhətdən sizə çətinlik yaratmır ki?
– Oğlumun Polşada təhsil haqqı o vaxtkı pulla min manatdan bir qədər artıq idi. Yəni Azərbaycan universitetlərinin təhsil haqqı ilə müqayisədə çox azdır. Orda ərzaq məhsulları da bizdəkindən qat-qat ucuzdur. Bu baxımdan oğlumun işi asandır. Övladım saatı 8 dollara molda işləyib təhsilini davam etdirir. 
 
– Övladlarınızla bağlı xüsusi arzunuz varmı?
– Əlbəttə! İstərdim ailə sahibi olsunlar, işlə təmin olunsunlar, həyatlarını istədikləri kimi qura bilsinlər. 
 
Kəramət Böyükçöl

BakiPost.az 

 

 

 






Fikirlər