14.08.2014- F.Əliyev hakimiyyəti məhkəməyə verir?
Bir müddət əvvəl azadlığa buraxılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkədə olarkən hakimiyyətə sədaqətini desə də, Londonda qərarlaşdıqdan sonra fikrini dəyişib. Etibarlı mənbələrdən verilən məlumatlara görə, bu həftənin əvvəlindən etibarən hökumət nümayəndələri ilə sabiq nazir arasında ciddi narazılıq baş qaldırıb.
Həmin məlumatda deyilir ki, Fərhad Əliyev Bakıya dəvət olunub və onunla söhbət ediləcəyi bildirilib. Lakin rəsmi qurumlara gözlənilməz cavab gəlib və sabiq nazir onlarla görüşmək niyyətində olmadığını bildirib. Mənbə deyir ki, bunun ardından Fərhad Əliyev onunla danışıq aparan məmurlara çatdırıb ki, məsələni bu şəkildə qoymaq fikrində deyil və o, əlindən alınmış obyektlərin qarşılığı olaraq onların pullarını tələb edir.
Məlumatda vurğulanır ki, hal hazırda sabiq nazir onun, qohumlarının və yaxınlarının adına olan obyektlərin və biznes sahələrinin siyahısını hazırlatdırmaqla məşğuldur. Ardından isə həmin əmlakların geri alınması üçün Avropa Məhkəməsində iddia qaldırmaq fikrindədir.