“İslam NATO”su ilə NATO arasında - Bakı üçün KRİTİK DÖNƏM

Azərbaycanın əsas problemi olan Qarabağ məsələsinin həlli üçün unikal şans pəncərəsi açıla bilər, əgər...

Azərbaycanın da daxil olduğu bölgə və onun ətrafı daha ciddi geosiyasi proseslər astanasındadır. Türkiyədə prezidentli üsul-idarəyə keçidə “yaşıl işıq” yandıran referendumun, digər qonşumuz İranda növbəti prezident seçkilərinin, işğalçı Ermənistanda isə əksinə, parlamentli idarəçiliyə keçidi rəsmiləşdirən seçkilərin bitməsi, eyni zamanda ABŞ-ın yeni hökumətinin xarici siyasətinin əsas oriyentirlərinin yavaş-yavaş dəqiqləşməsi ilə regiondakı situasiyaya əhəmiyyətli müəyyənlik gələcəyi gözlənilir.

Proses artıq başlayıb. Bu, həm prezident Donald Trampın ilk xarici səfərini məhz sözügedən bölgəyə, Səudiyyə Ərəbistanına eləməsində, həm qardaş Türkiyənin aktiv diplomatik səylərə başlamasında, həm də nə qədər xoşagəlməz olsa da, Rusiyanın Ermənistan timsalında bölgədə, Şimali Qafqazda və işğal altındakı Abxaziya və Cənubi Osetiyada hərbi aktivliyini artırmasında özünü göstərməkdədir. Şimaldan son vaxtlar Azərbaycan əleyhinə artan de-marşları da nəzərə alsaq, vəziyyətin konkret olaraq, Azərbaycan üçün kifayət qədər yeni və həssas bir dönəmə girdiyini söyləmək olar.

***

Təbii ki, bu gəlişmələr fonunda bizi ən çox Azərbaycan və əsas müttəfiqimiz Türkiyənin çıxarları maraqlandırır. Heç şübhəsiz, yeni və daha qəliz dönəmdən Bakı və Ankara yalnız sinxron siyasət yürütməklə, yəni birlikdə uğurla çıxa bilər. Xüsusən də Türkiyənin bu mərhələdə yürüdəcəyi siyasətdən az qala, bütöv bölgənin taleyi asılıdır desək, yanılmarıq.

Türkiyə ilə Rusiya isə nə qədər bir-birini strateji tərəfdaş adlandırsa da, əslində onlar regionda rəqibdir. Bunu baş nazir Binəli Yıldırımın təzəcə başa çatan Gürcüstan səfərinin Rusiyada doğurduğu rahatsızlıq bir daha sübut etdi. Həmin səfər isə prezident R.T.Ərdoğanın Gürcüstana gələn ay reallaşacaq səfərinə hazırlıq məqsədi daşıyırdı.

İş ondadır ki, Türkiyə NATO-nun mühüm üzvü, bölgədəki tək dayağı olmaqla, faktiki şəkildə illərdir Gürcüstanın NATO-ya inqteqrasiyasına stimul verir. Bu yöndə ona hərbi xarakterli köməkliklər edir. Bunun nəticəsidir ki, qərb qonşumuz NATO-ya üzvlüyün bir addımlığındadır. Alyansın dünənki Brüssel sammitində olmasa da, gələn sammitlərin birində onun NATO-ya üzv ediləcəyi kifayət qədər real sayılır.

Bu isə NATO-nun rəsmən Cənubi Qafqazda olması, Azərbaycanla alyansın daha geniş qonşuluğu deməkdir. Bu, həmçinin o anlama gələcək ki, dünyanın ən böyük hərbi-siyasi bloku artıq Gürcüstanın işğal altındakı bölgələri ilə bağlı problemlərə də biganə qala bilməcəyək.
Belə bir perspektiv sözsüz ki, Azərbaycan və Dağlıq Qarabağ üçün də yaxşı presedent yarada bilər. O üzdən Rusiyanı narahat edən həm də NATO-nun Cənubi Qafqazda rəsmən oturuşmasıdır. Azərbaycanın da alyansa üzv olmasının ardınca Ermənistana ayrı yol qalmayacaq.

***

Image result for İslam natosu

Bu yandan da ABŞ-ın “İslam NATO”is ideyası. Bəllidir ki, hələ Obama dönəmindən aktual olan ideya Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən İslam sammitində yenidən gündəmə gətirilib. Ekspertlər isə Azərbaycan prezidenti İlham Əliyevin də həmin sammitdə iştirakına diqqət çəkərək, səfəri son vaxtlar Azərbaycan əleyhinə addımlar atan Moskvaya bir xəbərdarlıq mesajı kimi qiymətləndirirlər. 
“Bu, Kremlə bir mesajdır ki, Bakı geniş seçim imkanına malikdir və günün birindı öz siyasi oriyentirini dəyişə bilər”, - politoloq Qabil Hüseyni deyib. Hərçənd fərqli mövqedə olan şərhçilər də var. Məsələn, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri Komitəsinin üzvü Zahid Oruca görə, “İslam NATO-su” ideyası bəlkə də aralıq bir dövr üçün gerçəkləşə bilər, lakin Azərbaycan həmin hərbi ittifaqda yer almayacaq" (axar.az).

Image result for İslam natosu

“Əslində yeni bir islami əsasda hərbi birlik yaratmaq məsələsi doğrudan da çox düşündürücüdür. Hərbi ittifaqı kimlərlə quracaqlar, onların hədəfi hara yönələcək, o ordular hansı prinsiplər əsasında formalaşacaq? İslam ölkələri bir silahlı birlik yaradıb, onları hansı məkanlarda döyüşdürəcək? Bütün bunlar çox önəmli suallardır və Trampın səfərindən sonra da öz aktuallığını qoruyub saxlayır” - deputat qeyd edib. 
Onun fikrincə, ölkəmizin belə bir tədbirdə yer alması Bakının qlobal gündəmin əsas proseslərində iştirakı baxımından önəmlidir. “Lakin mən düşünmürəm ki, Azərbaycan ”İslam NATO-su"na qoşulacaq. Biz bölücülük, parçalanma, yeni konfliktlər üçün addımlar atmırıq. Azərbaycanın belə görüşlərdə yer alması nə qədər əhəmiyyətlidirsə, xarici siyasətimizin dəqiq hədəf və prinsipləri də mövcuddur. Bakı artıq diplomatik, siyasi bir paytaxt statusunu almaqdadır. Azərbaycan terror və ya antiterror mübarizəsinin xüsusi idealogiyalara bürünməyinin qəti əleyhinədir, eyni zamanda belə tədbirlərdə iştirak edərkən əsas hədəfinin də barış və sülh olduğunu təqdim etməkdədir", - Z.Oruc əlavə edib.

*** 
Ancaq məsələ ondadır ki, əsas müsəlman ölkələrinin təmsil olunduğu “İslam NATO-su” İran əleyhinə olmaqdan daha çox, elə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) özəyini təşkil edəcək - hansı təşkilat ki, Ermənistanı işğalçı, Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Demək, yeni hərbi qurumda təmsilçiliklə Azərbaycan Ermənistana qarşı olduqca güclü bir təzyiq rıçaqı qazana bilər - xüsusən də böyük Qarabağ müharibəsi başlayacağı halda. Unutmayaq ki, “İslam NATO-su”nun, İƏT-in lokomotivi olan Səudiyyə Ərəbistanı Azərbaycana görə hələ də Ermənistanla siyasi-diplomatik münasibətlər qurmayıb.

Doğrudur, son vaxtlar Bakı həm də böyük güclərin dialoq məkanına çevrilməkdədir. Az öncə ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşünü, ondan qabaq isə Azərbaycan, Rusiya və İran prezidentlərin üçlü Bakı görüşünü yada salmaq olar. Gələn ay isə Tehranda üç prezidentin zirvə görüşü keçiriləcək. Əsas mövzular regional iqtisadi əməkdaşlıq, o sırada “Şimal-Cənub” nəqliyyat dəhlizi məsələsi olacaq.

Lakin o da sərt bir gerçəkdir ki, Azərbaycan bloklara qoşulmamaqla, NATO-dan da, “İslam NATO-su” ideyasından da uzaq durmaqla, İran və Rusiyanın maraqlarını gözləməklə bu illər ərzində özünün əsas probleminin - Dağlıq Qarabağ məsələsinin ədalətli həllini yaxınlaşdıra bilməyib. Nə Moskva, nə də Kreml Bakı ilə əməkdaşlığa mühüm önəm verdiklərini daima bəyan etsə də, onlar işğalçı ölkəyə təzyiq etməyə hazırlaşmırlar.

Bu da düşündürücüdür. O mənada ki, bizim qəvi düşmənimizin dostları - İran və Rusiya bizə qarşı dostluq və qardaşlıq bəyanatlarında nə dərəcədə səmimidirlər? O üzdən əslində NATO ilə “İslam NATO-su” arasında var-gəl edirmiş kimi görünən Azərbaycanın əsl seçimi əslində elə də uzaqda deyil. Bu seçim bizi qardaş Türkiyənin təmsil olunduğu təhlükəsizlik sistemi ilə yanaşı, Qarabağ məsələsinin həllinə də yaxınlaşdıra bilər.

 






Fikirlər