Siyasi düşərgə üçün ən “soyuq” YAY
Partiyaların planları cari işlərdən o tərəfə keçmir Azərbaycanda seçki ilinin olmaması siyasi səhnədə durğunluğu bir qədər artırıb. Siyasət meydanı sanki boş qalıb. Bir zamanlar müxalifət partiyalarının şərti olaraq yaz, yay, payız, qış planları olurdu. İndi görünür ki, belə planlar varsa da ölkəmiqyaslı və ictimai rezonans yaradacaq səviyyədə ciddi deyil. Bir neçə müxalif partiya sədri və yetkilisinin “Yeni Müsavat”a bu barədə verdiyi açıqlamalardan da görünür ki, cari işlərdən o yana hansısa planlar nəzərdə tutulmur. ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, yay aylarında ölkədə elə bir siyasi kampaniya və ya seçkilər olmadığından müxalifətin, o cümlədən ADP-nin hansısa proqram həyata keçirməsinə ehtiyac yoxdur: “Yay mövsümündə cəmiyyətin əksər sahələrində, o cümlədən siyasi həyatda da həmişə süstlük olub. Bu baxımdan, hansısa istisnalar olmasa, qarşıdakı yay aylarında da ölkənin siyasi həyatı mövsüm üçün xarakterik olacaq”. Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, yay ayları üçün əsas rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilməsi olacaq: “Bir sıra rayon təşkilatlarımızın konfransları keçirilib, bəziləri hələ qalıb. Xüsusən də Bakı təşkilatları qalıb. Yay aylarında konfransları keçirib başa çatdırmaq nəzərdə tutulub. VHP-nin bu il payızda 25 ili tamam olur. 25 illiklə bağlı tədbirlərimiz olacaq. İlin sonuna kimi partiyanın qurultayının keçirilməsi də nəzərdə tutulur”. VİP sədri Əli Əliyev bildirdi ki, hakimiyyət yay mövsümünün passivliyindən yararlanmağa çalışacaq. Lakin onun ehtimalına görə, bu yay aylarında durğunluq olmayacaq. İstisna olunmur ki, məhz durğun olacağı öncə görülən yayda növbədənkənar prezident seçkiləri kampaniyasına başlansın: “Seçki olmasa belə, siyasi qaynarlıq üçün digər faktorlar yetərlidir. Bütün hallara müxalifət də hazırlaşmalı, yarana biləcək istənilən hala adekvat olmağı bacarmalıdır”. AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, AĞ Partiya olaraq yay aylarında istirahətə çəkilmək niyyətində deyillər:“Hər həftə partiyanın İdarə Heyətinin toplantılarını keçiririk və qarşıda duran məsələlərin həlli istiqamətində iş bölgüsü, fikir mübadiləsi, müzakirələr aparılır. Həmçinin hakimiyyətdaxili baş verən prosesləri analiz edirik və buna uyğun addımları müzakirə edirik. Yayda da bu olduğu kimi davam edəcək. Həmçinin ən əsası, yeni yaranmış partiya olaraq təşkilatlanmaya xüsusi yer və önəm ayırırıq. Hər iclasın əsas mövzularından biri də bu olur. Yəqin ki, siyasi cəhətdən passiv olan yay aylarında da əsas istiqamətlərimizdən biri bu olacaq. Çalışacağıq ki, sentyabra daha təşkilatlanmış və güclü şəkildə girək. Ümumən isə inkişaf tempimizdən razıyam. Əminəm ki, insanlar AĞ Partiyanın ideoloji xətti ilə tanış olduqca və hədəf və məqsədlərimiz barədə məlumatlandıqca, bizə tərəf yön dəyişəcəklər”. Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, partiyanın 2017-2018-ci il yol xəritəsi planına uyğun olaraq təşkilatlanma davam etdiriləcək: “Qarşımızda olan yay ayı boyunca və gələn aylarda da rayon təşkilatlarımız konfranslar, regional müşavirələr keçirəcək”. AMİP katibi Elşən Mustafayev isə dedi ki, yay ayları üçün görüləcək işlər var: “Ümumiyyətlə, bütün partiyalar, təşkilatlar, müxtəlif qurumlar normalda illik iş planı ilə fəaliyyət göstərməlidirlər. Kim buna nə şəkildə əməl edir, deyə bilmərəm. Amma bizdə hər il üçün maksimum imkanlar nəzərə alınmaqla iş planı tərtib olunur və il ərzində kiçik korrektələrlə bu plana uyğun fəaliyyət göstərilir. Əgər seçkilər və ya ölkəmiqyaslı böyük siyasi tədbirlər yoxdursa, hər hansı hadisə baş verməyibsə, adətən yay ayları durğun və aktiv olmayan fəaliyyətlə müşahidə olunur. Bu vaxtlar daha çox regionlarda olan təşkilatlarımızla işlər görülür. Bu il AMİP-in yaranmasının 25 illik yubileyidir. Bu vaxt iyul ayına təsadüf etdiyi üçün yay boyunca yubiley tədbirlərimizin olacağı gözlənilir”.