Oljes Süleymenovun kahin babası - Jayau Musanın heyrətamiz ÖZƏLLİKLƏRİ
Qədim türklər arasında öncəgörmə və digər fitri qabiliyyətə malik olanların qəbri üstə at başı qoyulurmuş “Filankəsin ağlı topuğundadır” - dilimizdəki bu ifadəni tutuquşu kimi işlətməyinə işlədirik biz. Ancaq mənasına, məntiqinə fikir vermirik bir o qədər. Əslinə qalsa, bu ifadə heç də məcazi məna daşımır. Ağlı topuğunda olan nadir, xüsusi, seçilmiş insanlar sıralarımızda, içərimizdə həqiqətən var. Var, bir də deyirəm. Müasir dünyada belələrinə “stalker” də deyirlər, biləsiz. *** Dediklərim, sizləri iynə ucu qədər belə təəccübləndirməsin. Ağlın, zəkanın dəqiq ünvanı bəzi adamlarda təkcə elə beyində, bədənin baş nahiyəsində olmur. Solaxaylarda, misal üçün, ağıl sol əldə yerləşir. Yazımızın əsas mövzusu “topuqdakı ağıl”dı deyə, gəlin solaxaylıq üzərində çox da dayanmayaq. Gücümüzü verək “stalker” mövzusuna. *** AĞCAQUM ÇÖLÜNDƏ STALKER DÜZ GEDİR: Ağlı topuğunda olan bu cür nadir insanlardan biri məşhur qazax şairi Oljes Süleymenovun doğmaca babası Jayau Musa imiş. Tanrı dağları ətəklərində dünyaya göz açmış bu fitri istedad sahibi təkcə elə “akın”, yəni əli sazlı, qopuzlu aşıq kimi tanınmayıb Qazaxıstanda. O, həm də kaşif olub - qeybdən xəbər gətirərək müşkülləri həll edib. Öncəgörən kimi də tanınıb öz həmvətənləri arasında. Ancaq bir dəfə də öz topuğuna, ayaqlarına xəyanət edərək at belində əyləşməyib. Təkərlərə qəti etibarı yox imiş bu sirli insanın.
MƏZAR ÜZƏRİNDƏ AT KƏLLƏSİ: Vəfatından sonra Qazaxıstanda belələrinin məzarı üzərinə adətən at kəlləsi qoyulur. Ucsuz-bucaqsız Qazaxıstan çöllərində bu cür mənzərələrə indi də rast gəlmək mümkündü. Məsələn, nəhayətsiz, ucsuz-bucaqsız Qazaxstan çöllərində gedirsən at, eşşək belində. Bir də görürsən, qarşına tənha qərib bir məzar çıxdı. Başdaşısı olmur adətən belə məzarların. Üzərində min ilin sür-sümüyü, at başı ağarır ancaq. *** KƏRAMƏTLƏRİ: “Jayau” qazaxca “piyada” deməkdir. Stalkerlər adətən ata minmir, nəqliyyat vasitələrindən istifadə etmirdilər. Yəni öz ayaq pəncələrinə daha çox etibar edirdilər, nəinki təkərə, sükana, digər minik növlərinə. Yəni belələrinin beyni, düşüncə mərkəzi həqiqətən topuqdadır, nəinki adi baş nahiyəsində. Qədim türklər də, indiki qazaxlar kimi, belələrinə “yayaq” deyər, bəzi vacib tapşırıqların icrasını məhz bu cür stalkerlərə həvalə edərmişlər. Stalkerlər qədimlərdə aşağıdakı çox vacib vəzifələri mövcuddu:
Köç zamanı hamıdan irəlidə addımlayar, arxasınca gələn millətə səhralarda yol göstərərmişlər. Öncəgörənlik edər, qeybdən xəbər gətirərmişlər. Ulduzlara daha çox etibar edirmişlər səfər zamanı. Göydə bir ulduzu nişan tutub, ya Allah, gəlib mənzilə yetişirmişlər. Susuz səhralarda su mənbəyini tapmaq kimi mühüm vəzifə də adətən qədimlərdə stalkerlərə tapşırırlarmış. “Şirakçı” (yəni çiraqçı) adı altında pirlərdə, ziyarətgahlarda yaşayardılar. Oxşar bir çox paranormal ünvanların dəqiq yolunu zəvvarlara göstərərmişlər. İtmiş əşyaları, ən vacibi - insanları axtarıb aşkarlamaq da, yadda saxlayın, qədim zamanlar türklərdə məhz bu stalker tayfasına etibar edilirdi. *** MÖVZU DÜNYA KİNEMATOQRAFINDA: Hə... nəhayət ki, yazımızın “mus-mus”unu qurtarıb, necə deyərlər, “mustafa”sına gəlib yetişdik. Stalkerlərin itmiş əşyaları, insanları tapmaq istedadı, qulaqlarınızda sırğa edin, əfsanə-filan deyil. Danılmaz, təkzibolunmaz həqiqətdi. Mövzu, həqiqət olmasa, məşhur fransız kinorejissoru Fransiz Veber ona müraciət etməz, 1981-ci ildə özünün məşhur “La Chevre”, yəni “Bəxtsizlər” filmini çəkib geniş tamaşaçı kütləsinin müzakirəsinə buraxmazdı.
Jerar Departye, Pyer Rişar kimi məşhur simaların oynadığı bu filmin süjet xətti elə əsl stalker mövzusudur: Fransa milyarderlərindən biri yasa batıb. Qızı, gözünün ağı-qarası Mari Bens, işə bir bax, Güney Amerika səfəri zamanı yoxa çıxıb. İnterpol, əlini havada yelləyib gücsüzlüyünü etiraf edən vaxt, araya ştatlı psixoloq cənab Meyer qarışır. Deyir, bəs Mari Bensin axtarışına özü kimi bəxtsiz birisini-şirkət əməkdaşı Fransua Perreni qatmaq lazımdı. Kor koru tapan kimi, Perren də Latın Amerikasına gedib orda mütləq öz psixoloji oxşarını, özü kimi bəxtsiz Mari Bensi aşkarlayacaq. Stalker mövzusu filmdə komik, gülməli məzmun alıb son dəqiqəsinədək öz tamaşaçısını sakit, biganə buraxmır. Stalker rolunun ifaçısı, təkrarolunmaz Pyer Rişar film boyu daim hərəkətdədir. Axır, özü də bilmədən, özündən tam ixtiyarsız gəlib çıxır lazımı coğrafi nöqtəyə. Jan Kampana (Jerar Departye) adlı polis agentinə itmiş qızın düzgün, dəqiq ünvanını göstərir. *** GÜNÜMÜZÜN DƏDƏ QORQUDU: Elə həmin 1980-81-ci illərdə stalker mövzusuna eyniadlı filmdə məşhur rejissor Andrey Tarkovski də müraciət etməyi özünə borc bilir. Çayxana söhbətlərinə görə, Andrey Tarkovski stalker mövzusuna atası, məşhur Rusiya şairi Arseniy Tarkovski vasitəsi ilə sahiblənib. Rəhmətlik şair, bütün 40-cı illər boyu Orta Asiyaya, Qaraqalpaqlara gedib-gəlirmiş. İstəyirmiş Qaraqalpaqların “Qırx qız” dastanını ruscaya çevirib məzmununu ümümittifaq oxucuların diqqətinə çatdırsın. Növbəti səfərlərin birində yerli sakinlər şairə deyirlər, bəs burdakı Barsagəlməz adasında Abdurazak adlı çox məşhur bir öncəgörən var. Dədə Qorqud kimi qeybdən xəbər gətirir. Paranormal, müqəddəs ünvanlara zəvvarları müşayiət edir. Qısası, burda çox müəmmalı bir şəxs mövcuddu. Adada yaşayır. Gizlinlərdən xəbərdardı. Ətrafda elə yer yoxdu Abdurazak oranı tanımasın. Adada qulun atları ilxısı da varmış. Abdurazak bu atların göz bəbəyinə baxıb orda gələcəyi görürmüş. Hadisələrin cərəyan etdiyi Barsagəlməz adası indi də paranormal ünvan kimi tanınır. Burdakı bir il, qitədəki otuz, yaxud on ilə bərabərdi guya. Elmdə buna “xronoanamaliya” deyilir. *** Ata Arseniy, qaraqalpaqların “Qırx qız” dastanını ruscaya çevirdiyi vaxt bütün bu ünvanlarla balaca Andreyi də tanış etməyi unutmur. Hətta bir gün həmin Abdurazakla da öz oğlunu görüşdürür. Öncəgörən, gözlərini yumur bir an balaca Tarkovskinin hüzurunda. Sonra bu balacaya bir çox sirləri, o cümlədən öləcəyi günü - 28 dekabr tarixini söyləyir. KİÇİK HAŞİYƏ: Sonrakı “Stalker” filmində Andrey Tarkovski, çəkdiyi növbəti bir mənzərədə həmin bu məşum “28 dekabr” tarixinə lal işarə vuracaq. Epizodların birində kamerasının iti gözünü təqvimdən düşmüş “28 dekabr” səhifəsinə yönəldəcək. Yazıq, təxminən elə həmin gündə - 29 dekabr 1986-cı ildə, Parisdə vəfat edəcək. Mövzunu, bir kərə mən ANS telekanalındakı “Sirlər xəzinəsi” verilişində müzakirəyə çıxarmışam. Həmin gün də, inanmazsız, kor təsadüfə bir bax, ayın 28 idi. FİLMİN SÜJETİ: Andrey Tarkovskinin “Stalker” filmindəki mürəkkəb süjet avropalılara qəliz görünə bilər, razıyam. Ancaq bizə yox. Süjet hər birimizə pir, ziyarətgahlardan yaxşı bələddi: hardasa uzaqda bir qapalı otaq, yəni pir mövcuddu. Stalkersiz belə sirli ünvana kimsə ayaq basa bilməz. Girdinmi, nəhayət, belə yerə, vəssalam. Bütün arzuların orda çindi. Rejissorun ürək döyüntüləri, həyəcanı bütün film boyu bizi təqib edir. O, bizi bəri başdan xəbərdar edir - daxilinizdəki ən əziz arzularınız bu otaqda reallığa qovuşacaq. Ehtiyatlı olun bu zaman. Məkrli arzulara qapanmayın. *** OLJES SÜLEYMENOV NÜMUNƏSİ: Oljes Süleymenovun babası Jayau Musadan sonra bu istedad keçir bayaq dediyimiz kimi öncəgörən Abdurazakın ixtiyarına. Jayau Musanın nəvəsi Oljes Süleymenovda isə həmin istedad yerdəyişməyə məruz qalıb öz fiziki ünvanını dəyişir bir gün. Topuğu tərk edib beyinə, qafaya qayıdır sanki. Oljes Süleymenov simasında başlayır qazax poeziyasına qulluq etməyə. 1961-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan bu gənc təsadüfən Moskvada möhkəm, qanlı davaya düşür. Nəticədə institutdan xaric olub qayıdır kor-naçar öz vətəninə. O vaxt da kimsə - indi bilmirəm bu şəxs falçı Abdurazak idi, yoxsa bir başqası, - Oljesə öncəgörənlik edir. Qeybdən xəbər gətirir lap elə Dədə Qorqud sayağı. Deyir, qulağını gətir bəri: “Sabah Qazaxıstandan kosmosa, göyün yeddinci qatına bizim kimi bir insan övladı qalxacaq!” *** 1961-ci ilin 11 aprel tarixində bu xəbəri eşidən Oljes Süleymenov cəld əl atır masadakı qələmə. Görür mürəkkəb quruyub qələmin ucunda. Qələmin ucuna tüpürə-tüpürə mövzunu çöndərir poeziya nümunəsinə. “Qazaxıstanskaya pravda” qəzetinin baş redaktoru Fedor Bayarski poemanı oxuyunca əvvəl gözlərinə inanmır. Sonra təcili olaraq bu şerləri çapa imzalayır. Əmr verir, bu poema yüz min tirajla ayrıca vərəqələrdə nəşr edilsin. Sabah isə təyyarələrdən Almaatı üzərinə səpələnsin.
Səhəri gün bütün SSRİ ərazisində səsgücləndiricilərdən Levitanın səsi başlayır guruldamağa: “Dünyada ilk dəfə kosmosa insan qalxıb bu gün. O, sovet vətəndaşı Yuriy Qaqarindi!” Həmin andaca səmadakı təyyarələr göydən poeziya yağdırırlar xalq kütlələri üzərinə. Bu, Jayau Musanın nəvəsi Oljes Süleymenova məxsus “Torpaq, insana səcdə et!” poemasıdır. *** Qorki adına Ədəbiyyat İnstitutundan qovulan Oljes, ədəbiyyatda bax, bu cür bərpa edir öz yerini. Tezliklə dönür bir saylı sovet şairinə. Təkcə öz poeziyası ilə deyil, həm də öz türkçülüyü, Turan sevdası ilə ürəklərə yol tapır. Bu yol bir gün - 20 yanvar 1990-cı ildə Ojesi Bakıya gətirir. Xalqımızın ən ağır günündə bizimlə olan Oljes, Azərbaycana gəlir. Şair indi də Azərbaycanın alovlu pərəstişkarıdır. Bir-iki il əvvəl yazarlarımızın qurultayına gəlməyi də, görünür, təsadüfü deyil. Deyəsən, bu xəbəri də o, əvvəlcədən, qeybdən eşidib bəlkə də. Bəlkə də. *** Qədim türklər bu cür stalkerlərin məzarı üzərinə at kəlləsi qoyub sükuta qapılırdılar. Belələrinin bir günü, deyilənə görə, başqalarının otuz gününə bərabərmiş. Oljes Süleymenov, çox qədim bir ənənənin müasir təzahürü, şirin acı meyvəsidir bu həyatımızda. Gəlin bu poeziyanı lazımi dərəcədə dəyərləndirək. Gördüyünüz bu fotoda isə Oljes at kəlləsi ilə öz fotosunu elə-belə çəkdirməyib.