Azərbaycanlılardan türk dünyasına haray: “TƏK QALMIŞIQ”

ABŞ, İran və digər imperialistlər peşmərgə və Haşdi Şabi kimi ünsürləri silahlandırıb türkmanların üzərinə yönəldirlər.

Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehi söyləyib. Onun sözlərinə görə, türkmanların hazırda özlərini müdafiə etməsi üçün silaha ehtiyacları var:

“Türkiyə və türk dünyasının yardımına ehtiyacımız var. Bölgədə bizi yalnız buraxmayın. Əks təqdirdə əriyib yox olacağıq. Suriyada 4,8 milyon (Suriya əhalisinin 22%-i), İraqda isə 6,3 milyon (İraq əhalisinin 19%-i) türkman yaşayır. Türkmanlar bölgədə sahibsiz qalıblar. İraqda mərkəzi hökumət və kürd muxtariyyəti var. Bunların birinin peşmərgəsi, digərinin isə ordusu və Haşdi Şabisi mövcuddur. Bizim nəyimiz var axı? Bizim güclü silahlı qrupumuzun olması lazımdır. İraq türkmanlarının bölgədə hüzur içində yaşaya bilməsi üçün mütləq ordu yaratmalıyıq”.

Qeyd edək ki, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə İraqda ən çox əzilən xalq məhz türkmanlar olublar. Uzun illər ərzində onların çoxu yaşadıqları ərazidən zorla köçürülmüş, bəziləri köçmək məcburiyyətində qalmışlar. Nəticədə türkmanların kürdləşdirilməsi və ərəbləşdirilməsi prosesi aparılmışdır. Üstəlik, türkmanların özlərinin mənəvi mərkəzi elan etdikləri Kərkük şəhəri son 30 ildə sürətlə müxtəlif vasitələrlə kürdləşdirilir.

Türkmanların vəziyyəti, xüsusilə, İŞİD-in ortaya çıxmasından sonra pisləşib. Həm İŞİD, həm peşmərgə, həm də İran dəstəkli Haşdi Şabi ilə vuruşmalı olan türkmanlar İraqda artıq yalnız qalıblar. Haşdi Şabi, peşmərgə və İraq ordusunun İŞİD-dən təmizləmək adı ilə türkmanların tarixi Təlafər şəhərinə hücumu artıq 30 min türkmanın öz yurdunu tərk etməsinə səbəb olub.

Türkmanlar Azərbaycan türkləridir.






Fikirlər