Rusiya və Türkiyə PREZİDENTLƏRİ arasında 2 ayda İKİ GÖRÜŞ
Qarabağ məsələsi də görüşdə müzakirə olunacaq Noyabrın 13-də axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. “Report”un xəbərinə görə, yola düşməmişdən əvvəl qardaş ölkənin rəhbəri hava limanında keçirdiyi mətbuat konfransında bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər. Kifayət qədər sərt danışan R.T.Ərdoğan onu da xatırladıb ki, ABŞ prezidenti Donald Tramp və Vladimir Putinin Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri ilə bağlı verdikləri bəyanatı da Kreml rəhbəri ilə müzakirə edəcək: “”Bunu başa düşmürük. Dünyanı aldatmasınlar. Bəs bu qanı kim tökür? Qoy onlar Suriyadakı hərbçilərini geri çəksinlər. Bizim orada hərbçimiz yoxdur. Biz ABŞ-ın İraqa girməsini də istəməmişdik. Bunu onlara demişdik. Dedilər ki, İraqı tamamilə terrorçulardan təmizləyəcəklər. Təmizlədilərmi? Xeyr". Türkiyə prezidenti vurğulayıb ki, Suriyanın şimalında ABŞ-ın 5 hava və daha 8 hərbi bazası var: “Üst-üstə gələndə hərbi bazaların sayı 13 edir. Birini də Raqqada yerləşdirirlər. Rusiyanın isə Suriyada 5 hərbi bazası var. Ora silah göndərirlər. Bu silahlar kimə göndərilir? Təbii ki, ya PYD, ya da YPG-yə göndərilir. Bölgədəki vəziyyəti bizdən yaxşı heç kim bilmir”. Jurnalistin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirəcəyi hərbi əməliyyata hazırlıqla bağlı sualına cavabında R.T.Ərdoğan deyib: “Suriya ilə 911 km-lik sərhədimiz var. Bu əməliyyatı ABŞ, Almaniya və Rusiya ilə müzakirə etmişik. Ancaq indi əsas hədəf İdlibdir. İdlibdə mülki insanlar təcavüzə məruz qalır. İdlibdə Rusiya ilə birgə hərəkət edəcəyik. Afrin də qonşu bir əyalətdir. Bu əyalətdə bizə uyğun olan elementlər də var. Eyni zamanda terrorçulara uyğun olanı da var. Rusiya ilə birlikdə Afrində fəaliyyət göstərəcəyik”. Qəzetimiz çapa gedərkən Ərdoğan və Putin arasında Soçidə baş tutan görüşün detalları tam məlum deyildi. Görüşün nəticələri barədə növbəti sayımızda ətraflı yazacağıq. Ekspertlər səfərin hər iki ölkə üçün əhəmiyyətli olacağını, xüsusilə, Rusiya və Türkiyə arasında son illərdə yaranan yaxın əlaqələrin daha da möhkəmlənəcəyini qeyd edirlər. Suriya və digər bu kimi problemlərin aradan qaldırılmasında, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu səfərin də töhfə verəcəyi vurğulanır.
Politoloq Elçin Mirzəbəyli Rusiya-Türkiyə münasibətlərinə mərhələli yanaşmanın tərəfdarıdır: “Bu gün Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını zəruri edən səbəblər bu dövlətlərin geostrateji hədəfləri, maraqları ilə bağlı deyil, regional və qlobal proseslərin diktə etdiyi şərtlər altında formalaşan, alternativi olmayan münasibətlərdir. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinə mərhələli yanaşmanın tərəfdarıyam. Birinci mərhələ daha öncə qeyd etdiyim kimi, mövcud geosiyasi proseslərin diktə etdiyi şərtlərin altında formalaşan, hər iki dövlətin siyasi, iqtisadi sabitliyi və təhlükəsizliyi üçün həyati önəm daşıyan münasibətlərdir. Hazırda biz bu münasibətlərin təzahürlərinin şahidi oluruq. Digər mərhələ isə strateji xarakter daşıyır, avrasiyaçılıq meylləri əsasında qarşılıqlı əlaqələrin daha geniş spektrdə inkişafını nəzərdə tutur. Göründüyü kimi, birinci mərhələ üçün münasibətlərə ciddi maneə yarada biləcək əngəllər yoxdur. Həm regionda baş verən proseslər, həm də iqtisadi münasibətlərin inkişafı müstəvisində hər iki ölkə üçün əməkdaşlıq faydalıdır. İkinci mərhələ isə geosiyasi xarakter daşıdığı və yalnız Türkiyə-Rusiya münasibətlərindən asılı olmadığı üçün gerçəkləşəcəyi az inandırıcı görünür. Son dövrlərdə həm Rusiya, həm də Türkiyə ekspertləri bu barədə daha açıq şəkildə danışırlar. Rusiya geosiyasi nəzəriyyəçisi Duqin də bununla bağlı öz müsahibəsində ətraflı söhbət açmışdı. Duqinin müsahibəsində haqqında söhbət açılan türk avrasiyaçılarının başında Vəli Küçük Paşa və vaxtilə onunla birlikdə Ergenekon davasında həbsə atılan bəzi hərbçilər dayanırdı. Perincək bu prosesin nəzəri tərəfində dayandığı üçün açar fiqur deyildi. Ergenekon davasında həbsə atılanlar Rusiya ilə münasibətlərinə görə cəzalandırılıblar. Rusiyadan fərqli olaraq, Türkiyədə avrasiyaçılığın tərəfdarları çox deyil. Hətta hakim partiyanın bəzi strateqləri də bu nəzəriyyəyə spektik yanaşırlar. Digər tərəfdən, Duqinin təbliğ etdiyi avrasiyaçılıq türk-slavyan birliyindən daha çox yeni rus imperialist dünyagörüşünü təbliğ edir. Yəni Duqinin avrasiyaçılığında Rusiyanın liderliyi ilə yaranan ittifaqdan söhbət gedir ki, bu da heç bir halda bərabərhüquqlu birlik anlamına gəlmir. Bu baxımdan da ikinci - strateji mərhələnin həyata keçirilməsi üçün əlverişli şəraitin olmadığı qənaətindəyəm”.
Politoloq onu da qeyd etdi ki, indiki şəraitdə münasibətlərin inkişafına mane olan səbəblər azdır: “ Mövcud şərtlər çərçivəsində əməkdaşlıq isə hər iki ölkənin maraqlarına uyğundur. Bu gün qlobal dünya siyasətində çox böyük boşluqlar var. Nə ABŞ, nə də Avropa İttifaqı artıq əvvəlki kimi öz şərtlərini diktə etmək gücündə deyil. Bizim Qərb adlandırdığımız hərbi-siyasi qütbün mövqelərinə və nüfuzuna ciddi ziyan dəyib. Yaranmış boşluqlar, Qərb liderlərinin dişsizliyi Rusiya və Türkiyə kimi liderlər vasitəsilə yönəldilən dövlətlərin daha geniş coğrafiyada fəal siyasət yürütmələrinə imkan yaradıb. Rəcəb Tayyib Ərdoğanın səfərinin Türkiyə-Rusiya əlaqələrinin yaxın mərhələdə inkişafına stimul verəcəyi şübhəsizdir. Bu münasibətlərin haraya qədər yürüyəcəyini isə zaman göstərəcək. Suriya böhranı bir görüşlə başlamadığı kimi bir görüşlə də bitməyəcək. Prosesdə iştirak edən tərəflərin sayı yetərincədir. Bu baxımdan böhranın aradan qaldırılması üçün hələ xeyli vaxt və əmək sərf olunacaq. Terrora qarşı mübarizə isə hər iki ölkə üçün həyati önəm daşıyır. Bu istiqamətdə əməkdaşlığa mane olan problemlər demək olar ki, aradan qaldırılıb. Hər iki ölkə Suriyanın və İraqın ərazi bütövlüyünün qorunmasında maraqlıdır. Bu isə kürd məsələsində ortaq razılığın olduğu anlamına gəlir və təbii ki, bu yanaşma Ankaranın Moskva ilə münasibətlərində ən önəmli xətti təşkil edir. Biz Türkiyənin Avropadan uzaqlaşmasından danışmazdan öncə Avropanın Türkiyədən uzaqlaşmasını da qeyd etməliyik. Breksitdən sonra Avropa İttifaqının vahid bir geosiyasi məkan kimi qiymətləndirilməsi real görünmür. Avropa İttifaqı öz sərhədləri yaxınlığında formalaşmaqda olan güc mərkəzlərinin mövcudluğu ilə barışmaq məcburiyyətindədir. Artıq heç kim ABŞ-ın və Avropa İttifaqının diktə etdiyi şərtlər altında yaşamaq istəmir. Yeni bir dünya qurulur. Bunu görməmək mümkün deyil. Bu prosesin nə qədər vaxt aparacağını söyləmək də çətindir. Avropa İttifaqının özü də mövcudluğunu qoruyub saxlamaq üçün öz strategiyasında ciddi dəyişikliklər etməlidir. Və bu dəyişikliklərin də baş verdiyinin şahidi olmaqdayıq. Bu gün dünyada əksər münaqişələrin, müharibələrin ilham mənbəyi olan ərazi bütövlüyü üzərindən manipulyasiyalar əks effekt verməkdədir. Avropa İttifaqı artıq bu fundamental məsələyə münasibətini dəyişir. Bu çox önəmli faktordur. Bundan sonrakı prosesdə ola bilsin ki, Avropa İttifaqının ”dəyərlər üzərindən maraqlar" taktikası “maraqlar üzərindən dəyərlər” taktikası ilə əvəz olunsun. Hazırda Avropada demokratiya manipulyatorlarının son çırpıntıları yaşanmaqdadır. Son olduğu üçün də özünü daha aqressiv şəkildə büruzə verir. Baş verənlər isə onu deməyə əsas verir ki, nə Türkiyə Avropadan, nə də Avropa Türkiyədən indikindən daha artıq uzaqlaşmayacaqlar. Bəlli məsafə qalacaq, təbii ki. Əməkdaşlıq isə yalnız tərəflərin qarşılıqlı maraqları əsasında mümkün olacaq". Sonda qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasındakı bu görüş son iki ayda ikinci görüşdür. Belə ki, sentyabrın 28-də Putin Ankaraya səfər etmiş, türkiyəli həmkarı ilə yüksək səviyyədə görüş keçirmişdi.