Köhnə və yeni DEPUTAT arasında QARŞIDURMA

Etibar Hüseynov: “Heç olmasa danışmasın...”; Tahir Kərimli: “Başa düşə bilmirəm ki, Etibar məni niyə təhqir edir...”

Sabiq deputat  Etibar Hüseynov facebookda Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin ünvanına təhqirlərlə dolu status paylaşıb. E.Hüseynov partiya sədrini ikiüzlülükdə ittiham edir. Statusun paylaşılmasına səbəb isə T.Kərimlinin modern.az-ın “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında gedən müsahibəsidir.

Jurnalistin statusunu olduğu kimi təqdim edirik:“Buqəlumun 2, uzağı 3 rəng ala bilir. Amma bu Tahir Kərimli neçə cildə düşməyi bacarır? Saymaq olmur. Efirə gedib, arxivimdə də durur. Bu adam 2003-cü ildə Sabirabaddakı mitinqdə İsa Qəmbərin vəkili kimi çıxış edir, Heydər Əliyev haqda dediklərini etika xatirinə yazmaq olmur. Çıxışının sonunda söyləyir ki, ”əgər İlham Əliyev prezident seçilsə, bu ölkədən rədd olub getməsəm vicdansızam!" Amma ölkədən rədd  olmadı, 12 il sonra Mili Məclisdə deputat oldu. İndi bu kişi adını daşıyan adam Heydər Əliyev haqqında timsahın göz yaşları axıdaraq duyğulu xatirələr danışır saytlara.

Yaratdığına, qüdrətinə şükür, İlahi. Sən bunları necə xəlq edə bilirsən? Heyranam. Ədalətinə nə deyim..? Bu gün mən 2 ildir işsizəm, verilişimi bağlayıb, efirə çıxışıma qadağa qoyublar. Amma şükürlər olsun ki, məni buqələmun, yarasa kimi yaratmayıbsan. Bax buna görə sənə təşəkkür və şükürlər olsun..."

Related image

E.Hüseynov “Yeni Müsavat”a açıqlamasında durduq yerdən belə bir statusu paylaşmadığını söylədi: “Adam guya ki, yarınmaq, yaltaqlanmaq istəyir, amma əslində öz iç üzünü daha qabarıq ortaya qoyur. Yəni özü deyir ki, Heydər Əliyev vaxtilə bunu həbs edilməyə qoymayıb, ona vəzifə təklif edib, amma bu da mitinqlərdə onun əleyhinə kəskin çıxışlar edirdi. Sanır ki, dediklərini unutmuşuq. Amma unutmamışıq. Heç olmasa susub danışmasın da”.

Qeyd edək ki, hər iki şəxs arasındakı bu qarşıdurma ilk deyil. Bir il öncə də E.Hüseynov-Tahir Kərimli qalmaqalı yaşanmış, həmin vaxt da partiya sədrinin “bostanına ilk daşı” jurnalist atmışdı. O, Vəhdət Partiyasının üzvünün olmadığını bildirmişdi.

Image result for Tahir Kərimli

T.Kərimli barəsində yazılan aşağılayıcı statusa sərt cavab verdi: “Bu açıqlamanı sizin qəzetə və şəxsən sizə olan hörmətimə görə verirəm. Əks halda, sürünənlər sinfinə aid olan murdar insanlara cavab verməyi məqsəduyğun saymıram. Bu insan qanmır ki, Heydər Əliyevlə bağlı son müsahibəmdə demişəm ki, onun haqqında hədsiz dərəcədə kəskin çıxışlar etmişəm. Bəyəm nə vaxt imtina etmişəm ki, bu çıxışları etməmişəm? Nə var onu demişəm, nəyi yalan demişəm? Məndən nə vaxt nəsə soruşanda, nə varsa onu demişəm. O deyir ki, mən ölkədən gedib sonra geri qayıtmışam. Buna sizə olan müsahibəmdə cavab vermişəm. Xaricdə nə üçün yaşaya bilmədiyim, nə üçün geri qayıtdığım barədə suallara ətraflı cavab vermişəm. Onun adını belə çəkməyə heyfim gəlir. Etibar kimi murdar xislətli insanlar bilmirəm məndən nə istəyirlər. Hər zaman demişəm ki, mən heç vaxt keçmişimdən imtina etməmişəm. Nə düşünmüşəmsə, düzgün bilib etmişəm. Elə fikirləşmişəm ki, mən düzəm. İndi də fikirləşirəm ki, düzəm. Bu gün hakimiyyəti sabitliyi qoruduğu üçün müdafiə edirəm. Mən görmürəm ki, sabitlik pozularsa, Azərbaycan hansı vəziyyətə düşə bilər?  Ölkəmin Suriya, Ukraynanın halına düşməsini istəmirəm. Əlbəttə, mən də istərdim ki, korrupsiyadan uzaq, daha demokratik bir cəmiyyət olsun. Bu alçaqlar başa düşmürlər ki, 22 il işsiz qalmışam, indi deputatam. İndinin özündə də gücüm çatan qədər millət üçün dava aparıram. Gücüm nəyə çatırsa, onu xalqım üçün edirəm. Biz uduzduğumuzu boynumuza almalıyıq. Heydər Əliyev siyasətinin qalib gəldiyini boynuma alıram. Sabitlik indi bunların sayəsində olub, bunu heç birimiz dana bilmərik. Ona görə də, anlamıram ki, bu insanlar niyə belə axmaq hərəkətlər edirlər. 8 dəqiqəlik çıxışımın iki dəqiqəsini montaj şəklində qoyurlar, ardınca başlayırlar məni söyməyə. Bir də görürsən ki, fikirlərimi təhrif edib verirlər, gücüm çatmır ki, bu qədər sayta təkzib verim. Mən əvvəl necə adam idimsə, indi də eləyəm. Milli azadlıq hərəkatına gələndə vəzifəmi, var-dövlət qazanmaq imkanımı qurban vermişəm. Bu dövlətin altında mənim imzam var. Öz dövlətimi qorumaq mənim üçün hər şeydən əzizdir. Bu gün Qarabağda övladlarımla birlikdə şəhid olmağa hazıram. Bu tör-töküntülərə görə özümü həyatda vurası deyiləm. Bu tipli insanlar barəsində danışmağa o qədər çətinlik çəkirəm ki. Düşünürəm ki, belə murdarlara heç baş qoşmaq lazım deyil. Çünki sürünənlər çoxdur həyatda. Necə olubsa, zamanında belələri irəli çıxıblar, sonra da geri qalıblar. Başa düşə bilmirəm ki, bu Etibar məni niyə təhqir edir. Onunla ömrümdə salamım belə olmayıb. O, tanımadığım bir şəxsdir. Fındıq qədər çəkisi olan insanların iddiaları böyük olur. Etibar da belələrindəndir”.






Fikirlər