Tahir Kərimlidən Sərdar Cəlaloğluna cavab: "Soğan yeməmisən, için niyə göynəyir" — QALMAQAL

Sərdar Cəlaloğlunun Tahir Kərimli haqqında səsləndirdiyi fikirlərə Tahir Kərimli cavab verib

"Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli Fazil Mustafa və Sərdar Cəlaloğlu arasında gedən diskusiyaya qoşulub. Tahir Kərimli iki partiya sədri arasında gedən diskusiyaya belə münasibət bildirmişdi:

"Partiya sədrləri siyasətlə, partiyanın nizamnamə və proqramında nəzərdə tutulan məsələlərlə məşğul olmaq yerinə başqa işlərlə məşğul olurlar. Onlardan biri şiəliyi, digəri sünniliyi, üçüncüsü nurçuluğu təbliğ edir. Bu partiya sədrləri demək olar ki, azərbaycanlılar arasında ayrı-seçkilik salır və xalqı parçalayırlar. Hərə öz nöqteyi-nəzərini, hərə bir dövlət adamını, tarixi xadimi, hansısa dövləti istinad gətirməklə digərlərini təhqir edir. Bununla da cəmiyyət parçalanır, məsələ virtual aləmdən real aləmə keçərək cəmiyyətimizə sıçraya bilər".

Buna cavab olaraq isə Azərbacan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu bildirmişdi ki, Tahir Kərimlinin bu mövqeyinə el arasında "anlamadan banlamaq" deyilir. Görünür o, nə mənim, nə də Fazil Mustafanın yazdıqlarını oxumayıb. Tahir Kərimli özünü bitərəf, millətçi kimi təqdim edir. Nə yazdığımızı oxusun, sonra çıxıb mövqeyini ortaya qoysun.

Sərdar Cəlaloğlunun səsləndirdiyi bu fikirlərə Tahir Kərimli Ölkə.Az-da münasibət bildirib:

"Mən “bəzilərinin özünə vurğunluğunun, narsizm xəstəliyinə tutulmağının və müəyyən məzhəbçiliyi təbliğ etmələrini, hətta sevdikləri və nifrət etdikləri hansısa keçmiş dövlətlərimizi, tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi qarşı-qarşıya qoyduqları” fikirlərini deyərkən onun adını çəkməmişəm. Adama deyərlər ki, “soğan yeməmisən, için niyə göynəyir” ki, bunu özünə aid eləmisən. Mən ona cavab vermək istəməzdim. Onun partiyadaşlarına  müraciət etmək istəyirəm. Onun partiyasında elə adam yoxdur ki, desin ki, ay Sədrimiz sən özünü Nobel mükafatına layiq bilmisən, yeni qlobal  nəzəriyyə kəşf etdiyini deyirsən, hər dəqiqə elmi əsərlər yazdığını bildirirsən və müsahibələrində kobud ifadələr işlədirsən. Qarşındakılara qərəz nümayiş elətdirirsən. Başqa şəxsiyyətlərə qarşı alçaldıcı mövqe tutursan. Axı belə hal sənin “dahiliyinə” təsir edir. Eyni zamanda, sənin böyüklüyünlə bağlı partiyamıza da mənfi təsir edir. Sən özünü belə aparma, partiyamıza düşmən qazandırma".Sərdar Cəlaloğlu Tahir Kərimli onun yazdıqlarını oxumadan diskusiyaya qoşulduğunu iddia edib. Buna cavab olaraq isə millət vəkili bunları deyib:

"O iddia edir ki, onun əsərlərini oxumuram. Düzü, bir neçə il öncə “Hürriyyət” qəzetində onun “elmi məqaləsini” oxumuşdum. Çoxlu, mütəfəkkirlərdən stat gətirib, analogiyalar aparırdı. Mən səbr edib onu oxuyurdum. Ziyəddin Göyüşovun “Həzz və İztirab” , “Fəzilət və Qəbahət”, “ Daxilə pəncərə” əsərləri var idi. Oradan çoxlu statlar gətirilirdi. Lakin Ziyəddin Göyüşovun Azərbaycan üçün yeni olan, məsələn, filosof Hobsdan  misal gətirib, insanı təkmilləşdirən mövqeləri də vardır, amma Sərdarın taftalogiyasına dözə bilmədim. Yəni  məni qınasalar da səbrim çatanı qədər oxuyuram. Çünki mən ondan fərqli olaraq öyrədən deyiləm, öyrənənəm. Çalışıram hamının mövqeyini öyrənim. İndi əgər hansısa elmi əsərlərini oxuya bilməmişəmsə, gərək üzürlü saysın. Düşünürəm ki, onun partiyadaşları bu dediklərimi eşidərlər.

Bir də biz həddimizi bilənik: kimlərin böyük olmasını bilirik, nəkarayıq ki, böyüklük eşqinə düşək".






Fikirlər