Mahmud Abbasa Azərbaycan İslam irsini əks etdirən ensiklopediya TƏQDİM EDİLDİ
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Fövqəladə Zirvə toplantısında iştirak üçün İstanbulda səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT Gənclər Forumu) sədri səfir Elşad İskəndərovun rəhbərlik etdiyi heyət ilə görüş keçirilib. AzerTaym.az xəbər verir ki, görüş zamanı Fələstin dövlət başçısı Mahmud Abbas, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini qeyd etmiş, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş İƏT Fövqəladə Zirvəsində Qüds məsələsi ilə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini də yüksək qitmətləndirdiyini qeyd edib. Daha sonra Mahmud Abbas, İƏT Gənclər Forumunun Qüds şəhərini 2018-ci il üçün “İslam Dünyası Gəncik Paytaxtı” elan etməsi haqda qərarına və eyni adlı proqramın icrası üçün gələn ilə nəzərdə tutulmuş tədbirlər proqramına görə öz təşəkkürünü bildirib. Görüş zamanı İƏT Gənclər Forumu sədri Elşad İskəndərov Fələstin dövlətinin başçısına gələn il “Qüds - İslam Dünyası Gənclik Paytaxtı” proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbir və fəaliyyətlər haqda geniş məlumat verilib. Görüşün sonunda E. İskəndərov Azərbaycanın zəngin İslam irsini, bu irsə verilən dövlət qayğısını, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam irsinə qarşı apardığı vandal siyasəti əks etdirən və İƏT Gənclər Forumu tərəfindən hazırlanmış “Azərbaycan – İslam Mədəniyyəti İncisi” adlı ensiklopedik kitabın xüsusi nüsxəsini Fələstin Prezidentinə hədiyyə edilib. Xatırladaq ki, İƏT Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində İslam mədəniyyəti irsinə qarşı apardığı vandalizm siyasəti haqda məlumat verərək, “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan, müsəlman ölkələrinin dostu ola bilməz” çağırışını səsləndirilib.