MÜSƏLMANLAR ÜÇÜN ƏN PİS İL – Donald Trampın “MÜSƏLMAN QADAĞASI”nın təsirləri

tramp

Ötən il ABŞ prezidenti Donald Tramp altı müsəlman ölkəsindən ziyarətçilərin və potensial qaçqınların gəlməsini məhdudlaşdıran “müsəlman qadağasını” elan etdi. Qərarın tənqidçiləri onun ABŞ-da əlavə islamofobiya dalğasına yol açacağından narahat idilər. Belə bir dalğa onsuz da mövcud idi və bəllidir ki, Tramp öz seçki kampaniyasını antiislam hissləri üzərində qurmuşdu.

“Vox” nəşrinin yazarı Zak Beauşamp bu addımı “islamofobiyanı Amerikanın immiqrasiya siyasətinin rəsmi mayakına çevirmək” tələsi adlandırmışdı. Onun sözlərinə görə, Tramp bu yolla hakimiyyətə gəlmək üçün gen-bol yararlandığı ksenofobiya və rasizmi qanuniləşdirmək və sistemləşdirmək istəyir. Bir çox məqamlarda Trampın bu strategiyası uğurlu olub. Həm bu qadağa, həm də ümumilikdə Trampın prezidentliyi ABŞ-da yeni islamofobiya insidentləri dalğasının baş qaldıracağından xəbər verir.

MÜSƏLMANLAR ÜÇÜN ƏN PİS İL

Amerika İslam Münasibətləri Şurası (CAIR) bildirir ki, 2017-ci il Amerika müsəlmanları üçün ən pis illərdən biri olub. Bu il ərzində müsəlmanlar zorakılıq və nifrət çıxışları ilə üzləşiblər. Belə çıxışların sayı hətta 11 sentyabr hücumlarından sonrakı 2002-ci ildəkindən də artıq olub.

Ancaq Political Behavior jurnalının bu həftə dərc etdiyi araşdırmada iddia edilir ki, Tramp-n müsəlman qadağası, əslində, gözlənilməyən müsbət nəticə verib.

Məqalənin müəllifləri Riversayddakı Kaliforniya Universiteti, Miçiqan Dövlət Universiteti və Delaver Universitetindən politoloqlar Loren Collingwood, Nazita Lajevardi və Kassra A.R. Oskooiidir.

Məqalədə deyilir ki, müsəlman qadağasından narazılıq, liberal və meynstrim medianın bu siyasətin “Amerika dəyərlərinə” zidd olduğunu qabartması bəzi respondentlərin qadağaya yanaşmasını dəyişib. Nəticə etibarilə, əvvəllər bu qadağanı dəstəkləyən, yaxud ona neytral yanaşan bir çox amerikalı indi ona qarşıdır.

Tədqiqat komandası 2017-ci ilin əvvəlində, Trampın qadağanı imzalamasından bir həftə öncə və bir həftə sonra 423 nəfər arasında sorğu keçirib. Araşdırmanın müəlliflərinin gəldiyi qənaətə görə, medianın bu qadağaya kəskin reaksiyası və ictimai müzakirə bir çox sorğu iştirakçılarının məsələyə münasibətinin dəyişməsinə yol açıb. Qərardan bir həftə öncə və bir həftə sonra keçirilən sorğunun nəticələrinin müqayisəsi üzə çıxarıb ki, sorğu iştirakçılarının 30 faizdən çoxu, qadağaya öncəkindən daha mənfi münasibət bəsləməyə başlayıb.

AMERİKA DƏYƏRLƏRİ

Tədqiqatın müəllifləri bildirirlər ki, ictimai fikirdə belə ciddi sürüşmə nadir haldır. Bundan başqa, fikirləri ən kəskin dəyişən şəxslər öz kimliklərini “amerikalı” kimi göstərənlərdir. Bu isə onu göstərir ki, ictimai müzakirənin bu qadağanın qeyri-amerikan xarakter daşıması ətrafında qurulması bu dəyişikliyə təsir edib. “Qeyri-amerikan” dedikdə əsasən, onun, xaricilərə açıqlıq, qonaqpərvərlik kimi Amerika dəyərlərinə zidd olması nəzərdə tutulur.

“Qadağa ilə bağlı qərarın verilməsindən sonrakı saatlar və günlər ərzində biz həmçinin başqa xəbərlər fonunda məhz bu məsələyə fokuslanan informasiya mühitinin onu “qeyri-amerikan” qərar kimi təsvir etməsinə diqqət yetirmişik. Qadağa çoxsaylı təzyiqlərlə üzləşdi. Etirazçılar, media şərhçiləri və elita davamlı və açıq şəkildə onun fundamental Amerika dəyərlərinə zidd olduğunu vurğuladılar”, – məqalədə deyilir.

Başqa sözlə, media mühitinin Amerika dəyərlərinə fokuslanması respondentlərin “amerikalı olmağın” təcridi yox, inklüzivliyi əhatələdiyini daha yaxşı anlamasına yol açıb.

Məqalə müəllifləri yazırlar ki, Trampın vətənpərvərliyə “Amerika dəyərləri” deməsi onun şovinist və ksenofob məqsədlərini irəli aparmağa kömək etsə də, əslində Amerika dəyərləri daha çox şey deməkdir. (Amerikanın Səsi)






Fikirlər