İsa Qəmbərin müalicə aldığı klinikadan REPORTAJ

Milli Strateji Düşüncə Mərkəzinin sədri həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacaq

Milli Məclisin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ürəyində narahatlıq yaranması səbəbindən yanvarın 13-də kardioloqa müraciət edib. Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçən İ.Qəmbərin ürəyində problemlərin yarandığı məlum olub.

İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacaq.

 “Yeni Müsavat”ın əməkdaşı olaraq adıçəkilən klinikaya yollanıb, İsa bəyin vəziyyəti, ümumi durumla maraqlanmaq istədik. Klinikanın əsas qapısından rahat daxil olsaq da, içəridə maneə ilə üzləşdik.  Belə ki, klinikanın qeydiyyat şöbəsinin əməkdaşları gəlişimizin səbəbini soruşdular. İsa bəyin yanına gəldiyimizi söylədiyimizdə isə əvvəlcə bildirdilər ki, burada elə bir xəstə müalicə olunmur. Bir qədər mübahisədən sonra qeydiyyat şöbəsinin əməkdaşları söylədilər ki, xəstə burada müalicə alır, ancaq onun  haqqında məlumat verə bilməzlər. Həmçinin onu da qeyd etdilər ki, İsa Qəmbər hazırda xüsusi mühafizə olunur. Onun yanına yaxınlarından başqa kimsənin buraxılması üçün yalnız müdiriyyətin icazəsi olmalıdır. Əks halda isə heç bir məlumat vermək ixtiyarında deyillər. Təbii olaraq, qeydiyyat şöbəsinin əməkdaşları bizə İsa Qəmbərin hansı şöbədə müalicə aldığını söyləməyib, içəri keçməyimizə icazə olmadığını bildirdilər.

Bir qədər sonra nəhayət ki, içəri keçməyi bacardıq. Öyrəndik ki, İsa Qəmbər kardioreanimasiya şöbəsindədir. Onun müalicə aldığı şöbəyə qədər getdik. Orada da mühafizə ilə rastlaşdıq. Bildirildi ki, hazırda heç bir xəstə ilə görüşmək mümkün deyil:

xeste1.jpg (165 KB)

“Klinikada yalnız saat 18:00-dan 19:00-a qədər xəstələrlə görüşməyə icazə verilir. Bazar və bayram günlərində isə saat 14:00-dan 16:00-a qədər xəstələrlə görüşmək mümkündür. Digər bütün saatlarda isə xəstə ilə görüş mümkün deyil”.

Mühafizə həmçinin bildirdi ki, İsa Qəmbər kimi xəstələrlə yalnız yaxınları görüşə bilərlər. Əgər başqa bir şəxs onunla görüşmək istəyirsə, müdiriyyətin və yaxınlarının bu barədə məlumatı olmalıdır. Həmçinin reanimasiya şöbəsi olduğu üçün burada xəstələrlə görüşə xüsusi nəzarət mövcuddur. Xəstə yaxınlarının təyin olunan vaxta qədər aşağı mərtəbədə və ya yeməkxanada gözləməli olduğunu da söylədilər. Vurğuladılar ki, reanimasiya şöbəsində  icazəli vaxtda belə hər kəsin içəri girməsi mümkün deyil.

Biz xəstəxanada olduğumuz müddətdə İsa Qəmbəri ziyarət edən tanınmış sima, eləcə də partiya təmsilçisi görmədik. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə telefon əlaqəmiz zamanı o bildirdi ki, yanvarın 15-də İsa Qəmbərlə görüşməyə cəhd edib:

“Ancaq məni də içəri buraxmadılar. Ümumiyyətlə, təyin olunan vaxtdan tez kimsəni içəri buraxmırlar. Reanimasiya şöbəsi olduğu üçün bir qayda olaraq çətindir. Dedilər ki, ora polis də qoyublar”.

İsa Qəmbərin həkimi, klinikanın kardioloqu Firdovsi İbrahimov ürək əməliyyatında olduğu üçün onunla görüşə bilmədik. Lakin bu gün (dünən - red.) səhər saatlarında həkim APA-ya açıqlamasında bildirib ki,  İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir. Həkim həmçinin qeyd edib ki, onu palataya köçürməyi də planlaşdırırlar:

Firdovsi İbrahimov ile ilgili görsel sonucu

“Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır". İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: ”Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur".

xeste2.jpg (96 KB)

İsa Qəmbərin həyat yoldaşı, tarix elmləri namizədi Aidə Qəmbər isə “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər dünən axşamdan etibarən ümumi palataya köçürülüb:

“Ümumi vəziyyəti yaxşıdır. Hazırda ümumi palatadadır. İsa bəyi reanimasiya şöbəsindən dünən axşamdan çıxarıblar. Bəzi müayinələr olunsa da artıq yekunlaşmaq üzrədir. İsa bəyin vəziyyəti getdikcə yaxşılaşır”.

xeste.jpg (68 KB)

Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  bildirib ki, əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək.

musavat.com






Fikirlər