“Vətəndaşların siyasətçilərə İNAMI İTİB” - AŞ PA-nın YENİ PREZİDENTİ
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası alternativsiz seçki ilə başladı; Mikele Nikoletti: “Milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik” Yanvarın 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayıb. Nəzərə çatdıraq ki, sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın açılış günündə, öncədən gözlənildiyi kimi, AŞ PA-nın yeni prezidenti seçilib. Habelə, vitse-prezidentlər və qurumun insan haqları üzrə komissarı seçilib. Yanvarın 22-də, İtaliyalı deputat Mikele Nikoletti AŞ PA-nın yeni prezidenti vəzifəsinə təsdiq olunub. M.Nikoletti AŞ PA prezidentliyinə yeganə namizəd olduğundan səsvermə keçirilməyib və avtomatik təsdiqlənib. Mikele Nikoletti 19 noyabr 1956-cı ildə İtaliyada anadan olub. O, Trento, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb, fəxri müəllim vəzifəsində çalışıb. Boloniya Universitetinin doktorudur, elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib. M.Nikoletti İtaliyanın AŞ PA-dakı nümayəndə heyətinin və sosialistlər qrupunun rəhbəridir. O, 2013-cü ildən Parlament Assambleyasında ölkəsini təmsil edir. 2014-cü ildən AŞ PA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir. Nəzərə çatdıraq ki, 2017-ci ilin payızında Pedro Aqramunt səhhətində yaranan problemlə əlaqədar AŞ PA prezidenti vəzifəsindən könüllü istefa verib.
Yeni sədr Mikele Nikolettinin assambleyada sədr kimi çıxışı maraqlı olub. O, Avropa Şurası məkanında münaqişələrin sayı artdığını və bunun narahatlıq doğurduğunu bildirib. AŞ PA prezidenti deyib: “Biz bu münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib”. O söyləyib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: “Biz Parlament Assamblyeasının nüfuzunun qalxması üçün birlikdə səylər göstərməliyik. Ayrılıqda milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik”. Assambleyanın iclasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da yenidən AŞ PA-nın vitse-prezidenti seçilib. Səməd Seyidovla bərabər yanaşı, daha 17 nəfər vitse-prezident təsdiqlənib. Qeyd edək ki, S. Seyidov buna qədər də rotasiya qaydasında AŞ PA-nın vitse-prezidenti olub.
Daha sonra iclasda gündəliyə uyğun olaraq “Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrin gedişində çıxış edən Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib. (APA)
Sitat: “Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır”. Qeyd edək ki, ötən il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Artıq bir müddətdir ki, sərəncamın icrasına başlanılıb... Parlament Assambleyasının qış sessiyası çərçivəsində yanvarın 24-də Ermənistan prezidenti Serj Sərkisyanın da çıxış edəcəyi gözlənilir. Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü - yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi”mövzusunda məruzəsini təqdim edəcək.