Adnan Oktar QARABAĞI “geri qaytarır” - BAKIDAN REAKSİYALAR (VİDEO)

Türkiyə Ermənistanla sərhədi açsa...

TTürkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar minval.info-ya müsahibəsində “Azərbaycan və Türkiyə əlaqələri barədə danışan zaman bir millət, iki dövlət olduğumuzu qeyd edirsiniz. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. Çıxışlarınızdan birində isə türklərin ermənilərlə qardaş olduğunu və sərhədlərin qeyri-şərtsiz açılmalı olduğunu bildirmisiniz. Bu iki fikir bir-biri ilə ziddiyyət təşki edir. Bunu necə anlamaq olar” sualına müzakirələrə səbəb olan cavab verib:

“Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki, Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək. Bunu bildiyim üçün deyirəm, bilmədiyim bir şey haqda danışmaram, Ermənistan Azərbaycandan aldığı torpaqları geri qaytaracaq. Və deyəcək ki, Azərbaycanla da sərhədlərimiz açılsın, cinayətkarlar da mühakimə ediləcək.

Beləliklə, biz həm Azərbaycan və Ermənistanı, həm də Türkiyə və Ermənistanı dostlaşdıracağıq. Bununla da, türk-İslam birliyinin ilk nüvəsi atılmış olacaq”.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra bağlayıb və dəfələrlə ən yüksək səviyyədə rəsmən bəyan edilib ki, Ermənistan Qarabağı Azərbaycana qaytarmayınca, işğala son qoyulmayınca, Türkiyə sərhədlərini açmayacaq. 2009-cu ildə isə Türkiyə ilə Ermənistan arasında İsveçrədə Sürix şəhərində sərhədlərin açılması ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan protokol imzalanmışdı. O zaman da belə bir təbliğat aparılırdı ki, Türkiyə Ermənistanla sərhədi açsa, bu, Qarabağın geri qaytarılmasına səbəb olar. Lakin bəlli olduğu kimi, Sürix protokollarının özü faktiki olaraq işləmədi və kağız parçası olaraq qaldı. İndi Adnan Oktar illər öncə ciddi müzakirələrdən keçmiş məsələni yenidən və daha əmin bir formada dilə gətirir. Bəs doğrudanmı Türkiyə sərhədləri açsa, Ermənistan Qarabağı geri qaytarar?

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Adnan Oktar indi də siyasi “proqnozlar” verməyə başlayıb. Onu ciddiyə almağa dəyməz. Onda psixi problemlər var: “Türkiyə Ermənistanla sərhədi 2009-cu ildə İsveçrədə-Sürixdə imzalanan protokollardan sonra açmadısa indi heç açmaz. Türkiyə bölgənin əsas dövlətlərindən birinə çevrilib, özü şərtləri diktə  edir, ona kimsə ”Ermənistanla sərhədi aç, yoxsa prroblemlərin artar" şantajını ünvanlaya bilməz. Hətta nəzəri cəhətdən düşünülsə ki, sərhədlər açılacaq, Ermənistanın buna görə Azərbaycan torpaqlarını geri qaytarması ehtimalı yoxdur". 

Konfliktoloq Əvəz Həsənov ile ilgili görsel sonucu

Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, Türkiyənin Ermənistanla sərhədi açması ilə Dağlıq Qarabağın arasında analoji təhlil aparmaq çətindir. Ermənilər üçün Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətiləri fərqli anlamda qəbul olunmağa başlanır: “Ermənilər Türkiyədən ”genosidin" tanınmasını tələb edirlər, Azərbaycandan isə Dağlıq Qarabağın tanınmasını. Bu tələblərin heç birinin qəbul olunması mümkün olmadığından sərhədin açılması məsələsi maksimum hər iki xalq arasında, sadəcə, əlaqələrin qurulmasına və inkişafına kömək edə bilər, Qarabağın isə Azərbaycana qaytarılmasına kömək etməz. Azərbaycan təbii ki, Ermənistanla öz problemini həll etməyənə qədər Türkiyə-Ermənistan sərhədlərinin bağlı saxlanmasına maraqlıdır. Amma buna nə qədər gücü çatacaq, onu demək çətindir".

Türkiyə sərhədləri açacağı halda Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmasının gözlənilmədiyini elə Ermənistan prezidentinin bir neçə gün öncə Münhen Təhlükəsizlik Konfransındakı çıxışı da təsdiq edir. Serj Sərkisyan çıxışında növbəti dəfə Sürix protokollarını xatırladıb və deyib ki, sərhədlər heç bir şərt irəli sürülmədən aparılmalıdır, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsini bu məsələyə qatmaq olmaz.






Fikirlər