TÜRKİYƏ XARİCİ SİYASƏTİ SON 100 İLDƏ – ATATÜRKdən ƏRDOĞANadək (Qısa icmal)
Xarici siyasət dövlətin mövcudluğunu, təhlükəsizliyini və inkişafını təmin edən 2 əsas vasitədən biridir. Hər bir dövlətin xarici siyasətinin həyata keçirilməsini şərtləndirən əsas amillər bunlardır:milli maraqlar, dövlətin siyasi mahiyyəti, kültürü, ölkənin coğrafi mövqeyi, əhali sayı, tarixi, iqtisadi, siyasi, hərbi gücü, ölkə ətrafında yaranmış beynəlxalq konyuktur. İstənilən dövlətin, o cümlədən də Türkiyə Cümhuriyyətinin xarici siyasəti yuxarıda qeyd etdiyimiz amillərin təsiri ilə həyata keçirilib və keçirilməkdə də davam edir. Təxminən 100 il əvvəl Anadolu türkləri ağır şərtlər altında mübarizə apararaq Osmanlıdan sonra yeni dövlətlərini, Respublikalarını yaratdılar və Cümhuriyyətin ilk illərində tərəfsiz, bir qədər də Sovet İttifaqına yaxın, Qərblə məsafəli xarici siyasət strategiyasına üstünlük verdilər. Həmin dönəmdə belə bir xarici siyasətin həyata keçirilməsini zəruri edən əsas səbəblər bunlar idi: yeni dövlətin məhz Antanta (Qərb) dövlətləri ilə aparılan istiqlal savaşı nəticəsində yaranması, 1-ci dünya müharibəsinin maddi və insan resursu itkisi baxımından Türkiyə üçün fəlakətli nəticələri, Sovet Rusiyası ilə Qərbə qarşı ortaq maraqlarının mövcud olması, aparıcı Qərb dövlətlərinin regional siyasəti və bölgədə, dünyada formalaşan şərtlər və nəhayət, iqtisadi gerilik və türk xalqının yeni dövlət quruculuğu prosesində olması. Məhz qeyd etdiyimiz bu amillər gənc Türkiyə Cümhuriyyətinin xarici siyasətinin barışcıl ruhda formalaşmasını təmin etmişdir. Dahi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı ölkəsinin həm yerləşdiyi regiona, həm də dünyaya baxışını ifadə edirdi. 1923-cü ildə imzalanan Lozanna müqaviləsinin türk milli müqavimət hərəkatının müttəfiq işğalçı dövlətlər üzərində qələbəsini rəsmiləşdirən, Sevr müqaviləsini qüvvədən salan və Türkiyə Cümhuriyyətinin qurulmasını təmin edən siyasi-diplomatik sənəd kimi böyük tarixi əhəmiyyəti vardı. Eyni zamanda Lozanna müqaviləsində Türkiyənin maraqları baxımından bəzi məsələlərin həllini tapmaması və yaxud yanlış tapması, sonrakı proseslər rəsmi Ankaranın Qərblə münasibətlərinin soyuq qalmasında böyük rol oynamışdı. Məsələn, Misak-ı Millidə (Milli And) nəzərdə tutulan bəzi ərazilərin (Kərkük–Mosul, Hatay) Türkiyə sərhədlərindən kənarda qalması və Millətlər Cəmiyyətinin bu məsələdə mövqeyi Türkiyənin həmin dönəmdə xarici siyasət kursuna ciddi təsir göstərmişdir. Bu baxımdan 1925–ci ildə imzalanmış “bitərəflilik və hücum etməmək haqqında“ Türkiyə – SSRİ müqaviləsini də türk xarici siyasətindəki anti-Qərb meylinin bir təzahürü kimi də qəbul etmək olar. 1930-cu illərdə türk xarici siyasətində tərəfsizlik prinsipi qorunub saxlansa da, bir çox məsələlərdə yeni tendensiyalar da müşahidə olunmuşdur. İlk növbədə Qərb dövlətləri ilə münasibətlər normallaşaraq yeni mərhələyə daxil olmuş və nəticədə Türkiyə Cümhuriyyəti bəzi xarici siyasət, ərazi məsələlərinin həllində bu imkandan istifadə etməyə nail olmuşdur. 1930-cu illərdə Türkiyə üçün xarici siyasətdə əhəmiyyətli olan hadisələrə xronoloji ardıcıllıqla nəzər salaq: 1) Ölkə 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olur, bununla da beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında mühüm addım atır. 2) Türkiyə hökuməti 1930-cu illərin 2-ci yarısında “boğazlar” və Hatay məsələlərini milli maraqlarına uyğun olaraq öz xeyrinə həll edir. 1936-cı ildə imzalanan Montrö anlaşması ilə Lozanna müqaviləsinin Bosfor ve Dardanel boğazları üzərində Türkiyənin hakimiyyətini məhdudlaşdıran bəndləri qüvvədən salındı ve boğazlar yenidən Türkiyənin tam yurisdiksiyasına daxil edildi. Boğazlar üzərində Türkiyənin suverenliyinin tam bərqərar edilməsi ölkənin geostrateji əhəmiyyətini artıran ciddi hadisə kimi dəyərləndirilməlidir. Lozanna müqaviləsinə görə Fransa mandatlığında olan Suriyaya verilən və Misaki Millidə türk torpağı kimi göstərilən Hatay bölgəsi də 1936-1939-cu illər arasında aparılan qətiyyətli, düşünülmüş xarici siyasət nəticəsində Türkiyə torpaqlarına birləşdirildi. Zamanında Mustafa Kamal Atatürkün “Hatay məsələsi mənim şəxsi davamdır” (1) söyləməsi də Türkiyə dövlətinin bölgəyə xüsusi əhəmiyyət verməsinin göstəricisi idi. Qərb dünyası ilə olduğu kimi, Türkiyə Cümhuriyyəti Şərq, müsəlman dövlətləri ilə münasibətlərə də xüsusi diqqət yetirirdi və bu diqqətin nəticəsi olaraq İran, İraq, Əfqanıstanla birlikdə 1937–ci ildə Saadabad paktını imzalamışdır. Saadabad paktını imzalamaqda Mustafa Kamalın başlıca məqsədi bölgədə sülhə, əmin-amanlığa, inkişafa nail olmaqla yanaşı, Cümhuriyyət qurulduqdan sonra müsəlman Şərqi ilə zəifləyən əlaqələri yenidən dirçəltmək və bəzi Avropa dövlətlərinin regionda apardığı istila siyasətinə mane olmaq idi. Ümumiyyətlə, 1930-cu illərdə Türkiyənin xarici siyasətdə əldə etdiyi uğurların başlıca səbəbləri kimi bunları göstərmək olar: Qərb dünyası ilə münasibətlərin normallaşdırılması, pozitiv balanslaşdırma, tərəfsizlik siyasətinin aparılması, 2-ci dünya müharibəsi ərəfəsində Avropada formalaşan beynəlxalq konyuktur, nəhayət, gənc Türkiyə Cümhuriyyətinin rasional, realist xarici siyasət və fəal diplomatiya həyata keçirməsi olmuşdur. Bir vacib məqamı da qeyd etmək istərdim ki, həmin dönəmdə daxili siyasətdə olduğu kimi xarici siyasətdə də strateji hədəflər, taktiki gedişlərlə bağlı düzgün qərarların verilməsində Atatürk dühası böyük rol oynamışdır. 1920-30-cu illərdə aparılan xarici siyasətin daha bir mühüm nəticəsi I Dünya müharibəsinin faciəvi nəticələrini yaşayan bir ölkənin II Dünya savaşından özünü kənarda saxlamağı bacarması oldu. Baxmayaraq ki, Türkiyənin müharibəyə tərəf olaraq daxil olması üçün hər iki tərəfdən, xüsusilə də Qərb dövlətləri tərəfdən ciddi təzyiqlər vardı. Bu aspektdə bəzi faktları xatırlamağımız yerinə düşərdi. Məsələn, anti-Hitler koalisiyasının 1943–cü ilin yanvarında Adana, dekabrında Qahirədə keçirilən toplantılarında Türkiyəyə müttəfiqlərə qoşulması ilə bağlı təzyiqlər olmuşdu. Türkiyə, yalnız 1945–ci ilin fevralında, yeni qurulmaqda olan BMT–yə üzv olmaq üçün Almaniya və Yaponiyaya qarşı müharibə elan etmişdir. Bununla belə, hər hansı hərbi əməliyyatlarda iştirak etməmişdir. II Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verdi. Bu dəyişiklikləri xarakterizə edən əsas 2 cəhəti belə qeyd etmək olar: iki qütblü dünya sisteminin formalaşması ilə “soyuq müharibə”nin başlanması və müstəmləkə sisteminin çökməsi. Yeni formalaşan dünya düzənində Türkiyə xarici siyasətinin baslıca hədəfi ölkənin təhlükəsizliyinin, siyasi, iqtisadi baxımdan inkişafının təmin edilməsindən ibarət olmuşdur. “Soyuq müharibə”nin ilk illərində Türkiyənin təhlükəsizliyinə, ərazi bütövlüyünə ən böyük təhdidi Sovet İttifaqının xüsusilə öz sərhədləri yaxınlığında ekspansionist siyasət yeritməsi və bu siyasət çərçivəsində də Türkiyəyə qarşı ərazi iddialarını ortaya qoyması yaradırdı. II Dünya müharibəsindən sonra qələbə eyforiyasından ayılmayan və dünyanın iki fövqəldövlətindən birinə çevrilən Sovet İttifaqının Türkiyənin şərq əyalətlərinə iddiaları və boğazlarla bağlı rəsmi Anakaraya təzyiqləri xarici siyasətdə ölkənin strateji seçim etməsini sürətləndirdi. Beləliklə, yeni formalaşan geosiyasi reallıqlar Türkiyə Cümhuriyyətini quruluşunun ilk illərindən həyata keçirdiyi tərəfsizlik siyasətindən imtina etməyə və Qərbin hərbi–siyasi müttəfiqinə çevrilməsinə səbəb oldu. 1947–ci ildə ABŞ tərəfindən qəbul edilən “Trumen doktrinası” (bu doktrina Türkiyə və Yunanıstana hərbi yardımı nəzərdə tuturdu) Sovet təhdidi ilə üz-üzə qalan Türkiyənin hərbi baxımdan güclənməsində böyük rol oynadı. 1952–ci ildə Türkiyə və Yunanıstan, aralarında ərazi mübahisələrinə və ənənəvi rəqabətə baxmayaraq, birlikdə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil edildi. Bununla da Türkiyə Qərb blokunun əhəmiyyətli üzvünə çevrildi. Türkiyə Cümhuriyyəti 1950–ci illərdə də Qərb dünyasına inteqrasiya siyasətini xarici siyasətinin baslıca prioritetinə çevirmişdir. Eyni zamanda Türkiyə həmin dönəmdə ABŞ–nın qlobal və regional geosiyasi layihələrində (məs. Koreya müharibəsində iştirak, SENTO–nun yaradılması kimi və s.) də yaxından iştirak etmişdir. Bütövlükdə, “soyuq müharibə“ illərində Qərb, ABŞ üçün Türkiyənin geosiyasi əhəmiyyəti xeyli yüksək olmuşdur. Qərb blokunun Qara və Aralıq dənizləri, Orta Şərq, Balkanlar regionları üzrə həyata keçirdiyi geostrategiyada Türkiyə önəmli rol oynamışdır. NATO-nun cənubi-şərq cinahı olan Türkiyənin SSRİ ilə həm quru, həm də dəniz vasitəsi ilə sərhədlərinin olması da ölkəni Avro–Atlantik təhlükəsizlik sisteminin mühüm elementinə çevirirdi. “Soyuq müharibə“ illərində ABŞ tərəfindən SSRİ-yə, yəni əsas düşmənə qarşı tətbiq olunan “çəkindirmə“ (containment) siyasətində də Türkiyə, “kənar aypara” qurşağında (Rimland) yerləşən ölkə kimi əsas yerlərdən birini tuturdu. Əvvəldə də qeyd etdiyimiz kimi “soyuq müharibə”nin ilk dövrlərində beynəlxalq münasibətlərdə ciddi dəyişiklik yaradan əsas faktorlardan biri də Qərbin bəzi aparıcı dövlətlərinin müstəmləkə sisteminin çökməsi idi və bu məsələ Türkiyə xarici siyasətinin regional (Yaxın və Orta Şərq) aspektlərinə ciddi təsir göstərirdi. Qərbin müttəfiqi və dünyəvi dövlət olan Türkiyənin müstəmləkəçilikdən qurtularaq yeni dövlətlərini yaradan anti–Qərb meyilli müsəlman-ərəb dövlətləri ilə münasibətləri məsafəli olmuş və rəsmi Ankara bu münasibətlərdə özünün strateji müttəfiqlərinin (bəzi Qərb dövlətlərinin) maraqlarını nəzərə almağa üstünlük vermişdir. Eyni zamanda Türkiyə yeni müstəqilliyini əldə edən bu dövlətlərlə din əsaslı münasibətlər qurmaqdan və onlar arasında mövcud olan din-məzhəb qarşıdurmalarından da çəkinmişdir. 1960-1970-ci illərin Türkiyəsinin daxili və xarici siyasətində aktuallaşan 2 məsələ vardı: Kipr problemi və Avropa İqtisadi Birliyi ilə münasibətlər. Bu günə qədər də siyasi-hüquqi həllini tapmayan Kipr münaqişəsi o dönəmdə ölkənin xarici siyasətinə təsir edən əsas faktorlardan birinə çevrilmişdir. Kipr probleminin mahiyyəti və inkişaf dinamikası Türkiyə Cümhuriyyətini sərhədlərini aşan fəal xarici siyasət həyata keçirməyə təşviq edirdi. Bütövlükdə, Kipr problemi Türkiyə xarici siyasətinin yenidən formalaşmasına səbəb olmuşdur. Belə ki, 1964-cü il tarixli “Conson məktubu” böhranı (ABS prezidenti Consonun Türkiyə baş naziri İsmət İnönüyə ultimativ məktubu), 1974-cü il Kipr barış hərəkatı Türkiyənin 1945-ci ildən sonra həyata keçirdiyi birqütblü (Qərbyönümlü) xarici siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olmuşdur. Kipr siyasətində Qərb müttəfiqlərindən istədiyi dəstəyi ala bilməyən, ABŞ-ın silah embarqosu ilə üzləşən Türkiyə, NATO-da qalsa da, çoxvektorlu siyasətə keçid etmişdir. Bu çərçivədə Türkiyə SSRİ də daxil olmaqla, bütün qonşuları ilə yaxsı münasibətlər qurmağa çalışmış, ərəb-İsrail münaqişəsində belə əvvəlki mövqeyindən fərqli olaraq ərəb yönümlü siyasətə üstünlük vermişdir. Türkiyə Avropa İqtisadi Birliyinə tərəfdaşlıqla bağlı müraciətini 1959-cu ilin iyulunda etmişdir və bu müraciət əsasında 1963-cü ildə hər iki tərəf arasında Ankara anlaşması imzalanmışdır. Ankara anlaşması Türkiyə ilə Avropa İqtisadi Birliyi arasında əməkdaşlıq çərçivəsini müəyyən etməklə yanaşı, həm də özündə üzvlüyü ehtiva edən və bu gün də bitməyən uzun, mürəkkəb prosesin əsasını qoydu. Türkiyənin o dönəmdə Avropa Birliyi ilə əməkdaşlıq siyasətində hədəfləri əsasən bunlar idi: qərbləşmə prosesini sürətləndirmək, iqtisadi inkişafa nail olmaq, Yunanıstanın Birliyə inteqrasiyasından geri qalmamaq, daxili siyasətdə demokratikləşmə və siyasi-hüquqi islahatları stimullaşdırmaq. Onu da qeyd etmək istərdim ki, həmin zaman kəsiyində Türkiyə xarici siyasətində Birliyə üzvlük kimi strateji məqsədlər o qədər də aktual deyildi. 1980-1990-cı illər Türkiyə xarici siyasətində yeni mərhələ hesab olunur. Dünyada, yerləşdiyi regionda və ölkənin daxilində formalaşan yeni şərtlər rəsmi Ankaranın xarici siyasətinin müəyyənləşməsində böyük rol oynamışdır. 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Türkiyənin geosiyasi mövqeyinə, dünyadakı və bölgədəki roluna ciddi təsir göstərən hadisələrə, proseslərə qısa nəzər salaq: “Soyuq müharibə”nin yenidən kəskinləşməsi, SSRİ-nin Əfqanıstanı işğal etməsi, İranda şahın devrilməsi ilə nəticələnən İslam inqilabının baş verməsi, Türkiyədə 1980-ci il 12 sentyabr (12 eylül) çevrilişi, türk iqtisadiyyatının liberallaşması və sənayeləşməsi istiqamətində addımlar, İran-İraq müharibəsinin başlanması, İsrailin zorakı siyasətinin şiddətlənməsi və s. Bütün bu proseslərin fonunda Türkiyənin Qərb üçün geosiyasi əhəmiyyəti yenidən xeyli artmış və 12 sentyabr hərbi çevrilişindən sonra formalaşan iqtidar ilk növbədə Birləşmiş Ştatlarla münasibətlərin inkişafına xüsusi diqqət ayırmışdır. Eyni zamanda Türkiyənin digər güc mərkəzləri və xüsusilə də Orta Şərq, müsəlman dövlətləri ilə yaxın münasibətləri qurulmuşdur. 1980–ci illərdə ölkə iqtisadiyyatının sənayeləşməsi və ixracyönlü olması xarici siyasətdə iqtisadi amilin rolunun artmasına səbəb olmuşdur və Türkiyənin Orta Şərq ölkələri ilə münasibətlərini yaxşılaşdırmasına da bu prizmadan yanaşsaq, doğru olardı. 1987–ci ildə Türkiyə Cümhuriyyəti Avropa Birliyinə üzvlüklə bağlı rəsmi müraciət etmişdir və bu tarixdən başlayaraq, hər iki tərəf arasında münasibətlərdə yeni dönəm başlamışdır. Ümumiyyətlə, 1980–ci illər türk xarici siyasətini balanslı, məqsədyönlü, regional münaqişələrdə belə tərəfsizliyini qoruyan siyasət kimi dəyərləndirə bilərik. Ətrafında baş verən dəyişikliklərə belə bir strateji və taktiki yanaşma Türkiyə xarici siyasətinin regional və qlobal aspektlərinə xeyli üstünlüklər gətirmişdir. “Soyuq müharibə”nin başa çatması, Sovet İttifaqının dağılması beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qəbul olunur. O, cümlədən də Türkiyə üçün bu dönəm yeni imkanlar və risklərlə zəngin bir dövr kimi səciyyələndirilir. SSRİ–nin süqutu 1990–cı illərin əvvəllərində qardaş ölkənin geosiyasi mövqeyinə və beynəlxalq münasibətlərdəki roluna ciddi təsir göstərmişdir. İlk növbədə, əsas rəqibinin sıradan çıxması ilə Türkiyənin geostrateji əhəmiyyəti Qərb, ABŞ üçün azalmışdır. Qeyd etmək istərdim ki, son 27 ildə bu faktor ABŞ–nin regional siyasətində özünü göstərməklə hər iki tərəf arasında münasibətlərin soyumasında müəyyən rol oynamışdır. SSRİ–nin çökməsi ilə Orta Asiya, Qafqazlar və Balkanlarda yaranan geosiyasi boşluqlar Türkiyə üçün yeni imkanlar hesab olunurdu və 1990–cı illərin əvvəllərində türk xarici siyasəti bu imkanlardan yararlanmaq strategiyasını həyata keçirməyə çalışırdı. Bu baxımdan yeni müstəqilliyini əldə edən türk respublikaları ilə münasibətlər həmin dövrdə Türkiyə xarici siyasətinin əsas prioritetlərindən biri hesab olunurdu. Mərhum Süleyman Dəmirəlin “Adriatikdən Çin səddinə qədər Türk dünyası” ifadəsi o dönəmin türk xarici siyasətinin xarakterini ifadə edirdi. 1991-1994-cü illərdə Türkiyə Cümhuriyyəti Orta Asiyada və Qafqazlarda Türk amilinə, Balkanlarda isə müsəlman-Osmanlı keçmiş bağlılığına əsaslanaraq fəal siyasət gerçəkləşdirirdi. Məhz bu illərdə Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması, türkdilli dövlət başçılarının zirvə görüşləri və s. bu kimi layihələrə və təşəbbüslərə müəlliflik etmişdir. Bununla belə, Türkiyənin Sovet İttifaqının dağılması ilə yaranan yeni vəziyyətdə strategiyası uğurlu alınmadı və bunun əsas səbəblərini belə sıralamaq olar: Qeyd etdiyimiz hər üç amilin mövcudluğu və Türkiyənin “soyuq müharibə”nin gözlənilməz sonluğuna hazır olmaması rəsmi Ankaranın post-sovet regionunda siyasətinin uğursuzluğunda böyük rol oynamışdır. 1990–cı illərdə Türkiyə xarici siyasətinə təsir edən amillərdən biri də ölkədaxili şərtlərlə, daha dəqiq desək, tez-tez formalaşan, dəyişən koalisyon hökumətlərin dünyaya, regiona baxışları ilə bağlı idi. Türkiyədə siyasi islamı təmsil edən “Refah”ın daxil olduğu hökumətin xarici siyasətə özünəməxsus yanaşması var idi və bu siyasətdə islami kimlik məsələsi ön sırada dayanırdı. Beləliklə, 1990–cı illərin əvvəllərində xarici siyasətdə Türk kimiliyi, 2–ci yarısında isə qısa müddət də olsa islami kimlik aparıcı rol oynamışdı. Refah–Doğru Yol hökumətinin baş naziri mərhum Nəcməddin Ərbəkanın D–8 (İnkişaf etməkdə olan 8 böyük ölkənin – Türkiyə, İran, Misir, İndoneziya, Banqladeş, Malaziya, Nigeriya, Pakistanin birliyi) təklifi də məhz o dönəmdə meydana çıxmışdır. Lakin Ərbakanın və tərəfdarlarının milli görüş adlandırdıqları yanaşma bir çox səbəblərdən (Türkiyənin siyasi, iqtisadi resurslarının məhdudluğu, aparıcı müsəlman dövlətlərinin fərqli maraqlardan doğan siyasətləri və s.) xarici siyasətdə özünü doğrultmadı və bu hal da bir müddət Türkiyənin beynəlxalq əlaqələrində qeyri-müəyyənliyə səbəb olmuşdur. Beləliklə, Türkəyə Cümhuriyyəti 2000–ci illərin əvvəllərinə kimi, yəni təxminən 80 il ərzində davamlı, ehtiyatlı, realist və bəzi istisnaları nəzərə almasaq, əsasən milli maraqlarına uyğun xarici siyasət gerçəkləşdirməyi bacarmışdı. Məhz bu siyasət nəticəsində Türkiyə ən ağır tarixi şəraitlərdə belə təhlükəsizliyini təmin etmiş, milli maraqlarını öz sərhədləri daxilində və ondan kənarda bacardığı qədər qorumuş, bəlli çərçivədə olsa belə siyasi, iqtisadi inkişafa nail olaraq müsəlman Şərqində modern dövlətə çevrilmişdir. 2002–ci il parlament seçimlərində qələbə əldə edərək təkpartiyalı hökumət quran AKP (Adalet və Kalkınma Partisi) dönəmində xarici siyasətdə bu gün də davam edən yeni mərhələnin əsası qoyulmuşdur. Əvvəlki dövrlərdən fərqli olaraq bu mərhələni səciyyələndirən əsas cəhətləri belə qeyd etmək olar: Davamlı və ardıcıl olmayan, qısa vədəli qərarlara əsaslanan siyasətlərin həyata keçirilməsi, qonşularla “0 sorun“ siyasətinin reallaşdırılmasına edilən cəhdlər, müstəqil güc mərkəzi olması iddialarına uyğun strategiyanın gerçəkləşdirilməsi və xarici siyasətdə balansın itirilməsi, anti–Qərb meylinin güclənməsi, Osmanlı və islami kimliyin yenidən aktuallaşması. Ümumiyyətlə, AKP–nin hakimiyyətdə olduğu illərdə həyata keçirdiyi xarici siyasəti 3 mərhələyə ayırmaq olar: AKP dönəmi xarici siyasətinin 2–ci mərhələsi 2008-2011–ci illər hesab olunur və bu dövrün əsas özəlliyi Türkiyə xarici siyasətində regional lider iddiasının mənimsənilməsidir. Məhz bu mərhələdə rəsmi Ankaranın Qərblə münasibətlərinin soyuqlaşması, müxtəlif məsələlərdə fikir ayrılıqlarının dərinləşməsi, xarici siyasətin “ortaşərqliləşdirilməsi”, Osmanlı və İslami kimliyin qabardılması kimi tendensiyalar hakim olmuşdur. Türkiyə Cümhuriyyəti xarici siyasətində baş verən bu dəyişiklikləri şərtləndirən əsas səbəbləri belə qeyd etmək olar: Avropa İttifaqına üzvlüklə bağlı aparılan danışıqların nəticəsizliyi, Qərbin, xüsusilə ABŞ-ın Türkiyənin maraqları ilə uyuşmayan bəzi regional davranışları və ölkə ətrafında yeni beynəlxalq konyukturun yaranması, osmanlıcılığın və islami kimliyin xarici siyasətdə legitimləşdirilməsi, ciddi iqtisadi artım, ölkədaxili şərtlərdə qüvvələr nisbətinin dəyişməsi və AKP–nin mövqelərinin güclənməsi. Nəhayət, AKP iqtidarı xarici siyasətinin 3–cü mərhələsi sayılan və 2011–ci ildən bu günümüzə qədər davam edən dövrdə gedən proseslər Türkiyənin “dəyərli yalnızlıq” mövqeyinə keçməsi ilə nəticələndi. 2011–ci ilin əvvəllərində “Ərəb baharı”-nın başlanması ilə sosial-siyasi təlatümlərin Orta Şəqr ölkələrini əhatə etməsi və Türkiyənin bu proseslərlə bağlı mövqeyi, “regional tərəf” siyasətinə keçid etməsi, Suriyada başlanan və bu gün də davam edən vətəndaş müharibəsi, İraq Şam İslam Dövlətinin (İŞİD) meydana gəlməsi və İraq, Suriyada enerji resursları ilə zəngin geniş əraziləri ələ keçirməsi, Orta Şərqin ən böyük dövlətlərindən olan Misirlə əlaqələrdə Türkiyənin “İhvan” (Müsəlman Qardaşları) faktoruna əsaslanması və münasibətlərin pozulması, İraq və Suriyanın faktiki parçalanması nəticəsində kürdlərin bu ölkələrdə siyasi-hərbi baxımdan təşkilatlanması və Qərbin kürdlərlə bağlı Türkiyənin həssaslığını nəzərə almadan siyasət həyata keçirməsi, Türkiyənin Qərb, Rusiya, İran, Səudiyyə Ərəbistanı ilə tez-tez dəyişən ziqzaqvari münasibətləri, daxili siyasətdə avtoritar meyillərin güclənməsi və bu halın xarici siyasətdə inikasını 3–cü mərhələnin əsas səciyyəvi cəhətləri hesab etmək olar. Məqalənin əvvəlində də qeyd edildiyi kimi, hər bir dövlətin xarici siyasətini formalaşdıran bir sıra amillər var və bu amillərdən bəziləri (məs. siyasi, iqtisadi, hərbi güc, beynəlxalq konyukur və s. dəyişkən xarakterlidir. Son 100 ildə Türkiyə Cümhuriyyəti xarici siyasətində baş verən dəyişikliklərə də məhz bu stabil olmayan amillərin prizmasından yanaşsaq, daha düzgün olardı. Bununla belə, son illərdə türk xarici siyasətində müşahidə olunan dəyişkən davranışlar dövlətin beynəlxalq aləmlə bağlı strateji kursuna mənfi təsirini göstərməkdədir. Təəssüf ki, qardaş ölkənin mövcud xarici siyasətinin əsas problemi realist yanaşmadan uzaqlaşması, praqmatizmin zəifləməsidir. Siyasətdə, xüsusilə də xarici siyasətdə macəraçılıq, strategiyasızlıq, imkanları aşan iddiaların sərgilənməsi arzuolunmazdır və belə bir siyasətin ən böyük zərəri milli maraqlara dəyir. Türkiyə Cümhuriyyətinin regional güc mərkəzi kimi xarici siyasətdə milli maraqlarını təmin etmək üçün tarixi, mədəni, coğrafi aspektləri ilə birgə yetərli siyasi-iqtisadi, hərbi imkanları var. Milli maraqların, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün rəsmi Ankaranın xarici siyasətdə ehtiyac duyduğu əsas faktorlar rasionallığın, strateji düşüncənin itirilməməsidir. Fikrimcə, qədim və zəngin dövlətçilik, xarici siyasət və diplomatiya ənənələrinə malik olan bir dövlət bəzi büdrəmələrinə baxmayaraq, xarici siyasətdə strateji hədəflərinə doğru irəliləməyi bacaracaq. Mətin Məmmədli,
- Rusiya faktoru;
– İqtisadi resursların məhdudluğu;
– Bölgə dövlətlərinin siyasəti.
1 – ci mərhələ 2002-2008-ci illəri əhatə edir və bu dövrü əsasən Qərb yönümlü kimi xarakterizə etsək yanılmarıq. Avropa İttifaqına üzvlüklə bağlı ciddi addımlar atılmış və daxildə bu məqsədlə islahatlar reallaşdırılmışdır. AKP iqtidarının ölkə daxilində qanunvericilik sahəsində etdiyi dəyişikliklər, ordununun siyasi gücünün azaldılması, dünyəvi sistemin sərt qaydalarının yumşaldılması, müxtəlif etnik qrupların, icmaların hüquqlarının genişləndirilməsi istiqamətində gördüyü işlər Qərb tərəfindən açıq dəstəklənmişdir. ABŞ ilə münasibətlərdə isə “1 mart tezkeresi” (ABŞ-ın 2003-cü il İraq hərbi kampaniyasında Türkiyənin ərazisindən və hərbi imkanlarından istifadəsinə icazə verən qərar layihəsi) məsələsi istisna olmaqla, ciddi problemlər yaşanmamışdır. Bununla belə “1 mart tezkeresi” iki ölkə arasında müttəfiqlik münasibətlərində bu gün də silinməyən dərin izlər buraxmışdır. Onu da qeyd etmək istərdim ki, “1 mart tezkeresi”ni AKP iqtidarının deyil, ənənəvi türk xarici siyasətinin və siyasi-hərbi sisteminin “məhsulu” saysaq, daha doğru olardı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru