Mübariz Əhmədoğlu: “AZƏRBAYCANDA qeyri-ənənəvi təriqətlər MÖHKƏMLƏNMƏYƏ ÇALIŞIR”

“Ölkəyə çox böyük təhlükələrdən biri də odur ki...”

İraq və Suriyada sıxışdırılan İŞİD üzvləri Avropaya, Mərkəzi Asiyaya yayılmaqdadırlar. Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü ölkələrə silah keçirə bilməyən terrorçular taktikanı dəyişir, yeni üsullardan istifadə edərək dinc insanların ölümünə yol açan terror aktları törədirlər.

Azərbaycanda da vaxtilə  radikal dini qruplaşmaların mövqeləri güclü olub. Lakin bununla belə, ölkədə bu kimi dini cərəyanlara xidmət edənlər vaxtaşırı aşkar olunaraq, məsuliyyətə cəlb olunublar. Məsələn, 2016-cı ildə Türkiyədə 15 iyul hadisəsindən sonra Azərbaycanda da Fətullah Gülənin tərəfdarları istintaqa cəlb edildi. O vaxt Baş Prokurorluq məlumat yayaraq bildirdi ki,  Azərbaycanda da Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Son zamanlar isə bu istiqamətdə sakitlikdir.

Bəzi təhlükəsizlik ekspertlərinə görə, Azərbaycanda radikal dini qruplaşmaların imkanları hələ də qalır, sadəcə, onlara hələ hərəkətə keçmək əmri verilməyib.

 “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, hazırda FETO-çulardan Azərbaycana qarşı heç bir təhlükə yoxdur: “Türkiyə prezidenti Ərdoğanın komandası bütün dünyada FETO-çuları ciddi şəkildə izləyir. Hesab edin ki, Türkiyənin bütün rəsmi dairələri tərəfindən dünyanın hər yerinə səpələnmiş gülənçilərin ad və soyadı toplanıb. Əgər Azərbaycanda onların üzvlərindən kimsə vəzifədə olsaydı, hökmən Türkiyə bunu vurğulayardı. Lakin nə ictimai, nə də digər formada eşitməmişəm ki, Türkiyə Azərbaycandan bu istiqamətdə nəsə tələb etsin. Mərkəzi Asiya dövlətləri ilə bağlı olan tələblərdən məlumatlıyam. Hətta son olaraq Türkmənistanda bir neçə alim, iş adamı tutuldu. Qazaxıstan, Özbəkistan, Qırğızıstanın da bu məsələdə mövqeyi bəllidir. Türkiyə bu məsələdə çox həssasdır. Azərbaycanda deyərdim ki, FETO mövzusu artıq qapanıb. Hər şeydən əvvəl onu da qeyd edim ki, bizim cəmiyyət də dini baxımdan fərqlidir. Görünür, cəmiyyət tərəfindən də müəyyən təpki olduğu üçün hansısa dini qruplaşmanın üzvləri üzə çıxa bilmirlər. Düşünmürəm ki, bu kimi qruplaşmaların üzvləri ölkə ərazisində haradasa gizli formada toplanıb, yığıncaqlar təşkil edirlər. Vaxtilə adı FETO-çuların sırasında hallanan şəxslərin də indi verdikləri açıqlamalardan başa düşmək olur ki, bu insanlar artıq o yolda deyillər. Ancaq təbii ki, dini radikal qruplaşmalar Azərbaycan üçün də təhlükədir. Biz elə başa düşürük ki, dünya üçün bizim təkcə tranzit ölkə olmağımız maraqlıdır. Bəli, vacib coğrafi regionda yerləşirik. Lakin biz təkcə yaxşı mənada kimlərinsə marağında deyilik axı. O cümlədən bizim bu cür geosiyasi və coğrafi mövqeyimizi daimi ələ keçirmək istəyən dövlətlər olur”.

Ekspert bildirdi ki, Azərbaycanda qeyri-ənənəvi dinləri yaymaq istəyirdilər: “Azərbaycan yeni müstəqil olan zaman bura xristian inhisarları gəlirdilər. Hazırda isə burada demək olar ki, xristian sektaları mövcud deyil.  Hərəsi indiyə qədər müəyyən qədər gənclərimizin fikirlərini oğurlayıb, onları özləri tərəfə keçirə bilib. Son zamanlar isə bu istiqamətdə də aktivlik yoxdur. Qeyri-ənənəvi İslam dini təriqətləri isə müxtəlif istiqamətlər baxımından çox aktivdir. Yəni onlar da çalışırlar ki, Azərbaycanda öz mövqelərini gücləndirsinlər. Azərbaycan əhalisinin dinə sağlam münasibətindən istifadə edib, onları müxtəlif terrorçu qruplaşmalara qoşsunlar. Çox böyük təhlükələrdən biri də Azərbaycanda böyük əksəriyyət olan şiələrə xarici dövlətlərin münasibətindən irəli gələn hallardır. Əslində Azərbaycanın şiəliyi çox sağlamdır. Bunun hesabına güclü inkişaf yolu keçib, müstəqil dövlət qurmuşuq. Teatr, elm, dahi bəstəkarlar bizdə yetişib. Bu, bizim normal formada inkişaf edən şiəliyimizin hesabına baş verib. Ancaq bu gün Azərbaycanda şiəliyi dindən çıxarıb, siyasətə çevirmək cəhdləri var. Bu da təhlükəlidir. Azərbaycanda dinlə bağlı hesab edirəm ki, yeni konsepsiya işlənib hazırlanmalıdır. Ölkədə İslam cəmiyyəti formalaşdırılmalıdır. Şiələrin, hənəfilərin və digərlərinin qanuni maraqları qorunmalıdır. Bu təriqətlər ölkəni xətərli İslam təriqətlərindən qorumalıdır. Eyni zamanda xristian sektalarının da qarşısı alınmalıdır”.






Fikirlər