BBC: "İsa Qəmbər güclü beyin QANAXMASI keçirib"

BBC:

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Ankaradakı Hacettepe Xəstəxanasının nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur.

Qaynarinfo-nun məlumatına görə, BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib. 3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib.
"Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq", mənbə bildirib.
Xəstəxananın həkimləri İsa Qəmbərin ümumi sağlıq durumunun "yaxşı" olduğu qənaətindədirlər.
Lakin bununla belə, İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı var.
"Bakıda beyin qanaması keçirib. Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Huşu yerindədir. Yeməyini yeyir, hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə onun istirahət etməsi lazımdır", mənbə əlavə edib.
"İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır" sualına Hacettepe Universiteti Xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib:
"Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar müayinəsi müayinəsi aparılacaq".
"İsa Qəmbər Ankaraya Türkiyədəki Azərbaycan cəmiyyətinin və dostlarının dəstəyi ilə gətirilib", Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyinin başkan müavini İsa Yaşar Tezel BBC Azərbaycancaya bildirib.
"Nə Türkiyə, nə də Azərbaycan hökuməti tərəfindən heç bir maraq göstərilməyib", cənab Tezel əlavə edib.






Fikirlər