ABŞ SİYASƏTÇİLƏRİ hegemonluğun bərpası üçün DÜNYA MÜHARİBƏSİ təklif edirlər – Təhlil
İvan Danilov, Crimson Alter bloqunun müəllifi RİA Novosti, 13.03.2018 Amerika jurnalistikasının məşhur üslubu – 32 dişin hamısının göründüyü coşğun gülüş, təkəbbürlü nikbinlik, dəmir-beton qarışığıyla şəxsi müstəsnalığa əminlikdir. Bu, “tarixin sonu”nda – Fukuyamanı oxuyan jurnalist məsləkdaşlarımız və ekspert cəmiyyəti, senator və konqtresmenlərin ardınca daha heç bir tarixin olmayacağı, yalnız bircə uzun “Amerika əsri”, yəni ABŞ-ın ideoloji, mədəni, hərbi və iqtisadi üstünlüyünün sonsuz total dövrünün olacağına fanatcasına inanarkən xüsusən parlaq təzahür etməyə başlamışdı. Və budur, Amerika biznesinin flaqman KİV “Bloomberg” işgüzar informasiya agentliyi etiraf etməyə məcburdur ki, “Amerika əsri bitib”, özü də dünya üzərində total Vaşinqton üstünlüyü sadəcə başa çatmayıb. Məlum olur ki, “Amerika əsri” ölüb və bu, zorakı ölüm olub. “Bloomberg”-in versiyasına görə, cinayət yeri artıq dəqiq müəyyən edilib – bu, Suriyadır, müəllifi isə Rusiya Federasiyasının – tarixi arşınlara əsasən, lap bu yaxınlarda soyuq müharibəni uduzmuş ölkənin prezidentidir. Hətta bu qədər mənfi etiraflar da Amerika nikbinliyinin yenilməz ümumi ruhunu, adətən, sındırmır. Ən nəhayətdə, Donald Trampın bütün seçki kampaniyası “Amerikanı yenidən əzəmətli edək” ismarıcı üzərində qurulmuşdu. Bu da təkcə ciddi problemlərin valığını deyil, həm də uyğun qərarları nəzərdə tuturdu. Bunlardan biri ölkənin istehsal sektorunu canlandırmaq üçün Trampın gündən-günə açmağa hazır olduğu “böyük ticarət savaşı” olmalıydı. Lakin proteksionçuluq və prezident nikbinliyi sənayesonrası Amerikanın sərt gerçəkliyi ilə toqquşur. Məsələn, elə “Bloomberg”-in kədərlə boynuna aldığı kimi, “Trampın tarifləri Amerika şistli nefti üçün deyil, Rusiya və OPEK üçün hədiyyədir”. Belə bir başlıqdan sonra şübhə yarana bilər ki, ciddi bir nəşr sanki növbəti konspiroloji nəzəriyyə yeritməklə məşğuldur ki, ABŞ prezidenti Putinin agentidir. Praktikada hər şey daha aydın və kədərlidir. Məlum olur ki, Amerika metallurgiyası o qədər tənəzzül edib ki, artıq şistli neft hasilatı üçün gərəkən fövqəlyüksək keyfiyyətli boru istehsal edə bilmir. Və bu, paradoksal duruma səbəb olur: xarici borulara qabaqlayıcı tariflər tətbiq edilsə, yeganə iqtisadi effekt Amerikanın şist şirkətlərinin rəqabət bacarığının azalması olacaq və istənilən səbəbdən yüksəkkeyfiyyətli boruların Amerikaya idxalı ümumiyyətlə dayansa, yeni şistli yataqlara adekvat xidmətin mümkünsüzlüyü haqda məsələ tam gücüylə qarşıda duracaq. Trampın iddialı proteksionçu siyasəti genişləndikcə – bunun üçün isə hər cür zəmin var – onun administrasiyası sistemli problemlərlə və əksəriyyətini “pul axıtmaqla” sadəcə həll etmək mümkün olmayan ciddi struktur məhdudiyyətlərilə təkrar-təkrar üzləşəcək. Çünki bunlar idarəçilik, korrupsiya və ya hətta mədəni müstəvidə qərarlaşıb. Suriya məhz ona görə “Amerika əsri”nin ölüm məkanı sayılır ki, Suriya münaqişəsi kontekstində dünyaya bütünlükdə aydın olub ki, ABŞ yüksək səviyyəli konsentrasiya və hərbi, diplomatik keyfiyyətlər və idarəçilik resursları tələb edən yüksək dərəcədə mürəkkəb sivil vəzifələri artıq həll edə bilmir. Rusiya isə bacarır. Rusiyanın “Qərb həvəskarları təriqəti”nin bu fonda ölkələrimizin hərbi büdcələri arasındakı fərqə əsaslanmaqla Rusiya auditoriyasını ABŞ-la rəqabətin perspektivsizliyinə inandırmağa çalışmasını müşahidə etmək yetərincə qəribədir. Səciyyəvidir ki, kənar müahidəçilər büdcə fərqlərindən tamamilə başqa nəticə çıxarırlar – Rusiya (və müəyyən dərəcədə Çin) öz vəsaitini effektli şəkildə sərf edir, amerikalılar və NATO üzrə müttəfiqləri isə xeyr. Lap güclü şişirdilsə, onda sıradakı tutuşdurmanı təklif etmək olar: Amerika hərbi büdcəsi qatar istehsalına sərf edilən pullardır, Rusiya hərbi büdcəsi isə bu qatarı yoldan çıxardan “partizan partladıcı qurğusu”nun hazırlanması və yaradılmasına itirilən pullardır. Amma məsələ təkcə hərbi büdcələşmənin müxtəlif effektivliyində olsaydı, onda “Amerika əsri”nin öldüyündən danışmaq çox tez olardı. Problem xeyli dərindir və təkcə və o qədər də iqtisadiyyatla deyil, daha çox çağdaş ABŞ-ın müəyyən kulturoloji özəllikləriylə bağlıdır. Məsələn, artıq Trampın dövründə siyasi nəzakətə və cinslərin bərabərliyi prinsipinə riayət naminə Amerika dəniz piyadaları (yəni ordunun yüksək döyüş hazırlığı gözlənən qismi) öz bölmələrini seçmək üçün fiziki dözüm üçün sərt sınaqlardan imtina edib. Rusiyada və yaxud Çində “gəlin, xallı beretlərin daha çox qadın əldə etməsi və siyasi fəalların bizi KİV-lərdə tənqid etməyi tərgitməsi xatirinə fiziki sınaqlardan imtina edək” üslubunda məntiqi təsəvvür etmək çətindir. Daha mühafizəkar dairələrdə hesab edilir ki, qadınlara sayğı seçim prosesinin maksimal ciddiliyində və onları müdafiə edəcək kişilərin hazırlığında təzahür edir. ABŞ-da siyasi nəzakət və axmaqasına dərk edilən bərabərlik artıq hətta həyatın əvvəllər təkcə effektivliyin yeganə mühüm olduğu sahələrinə də sirayət edib. Güvənlik sahəsi və güc tətbiqinin bir tərəfdən peşəkar “mişarçılar”ın, digər tərəfdən isə ideologiya ilə doldurulan fəalların məsuliyyət zonasında olduğu sivilizasiya, güman etmirəm ki, dünya hegemoniyasını saxlamaq və xüsusən də tam bir əsr ərzində total üstünlük iddiasına qabil olar. Amerika jurnalstlərinin “zəif kartlarla yaxşı oynadığı” haqda fikrinə Vladimir Putin məntiqi qeyd edib: “Biz zəif kartlarla güclü oynayırıqsa, onda, deməli, onlar ümumiyyətlə oynamağı bacarmırlar. Deməli, o qədər də güclü deyillər. Deməli, nəsə çatmır”. Bu mənada Suriyada toqquşma açar məqamdır. Durumu amerikalıların çox sevdikləri poker oyunuyla tutuşdursaq, Putin əvvəlcə Obamanı, sonra Trampı öz kartlarını açmağa məcbur edib və bir anda aydın olub ki, ABŞ-ın üstünlüyü blefdir. Vaşinqton planetin əsas bölgələrində ölkələrin taleyini təkbaşına müəyyən etmək imkanını itiribsə, deməli, kral lüt çıxıb. “Amerika əsri”nin ölümü haqda məqalənin müəllifi əbəs yerə gözləmir ki, tezliklə Çin də Rusiya nümuməsini təqib edəcək və Cənubi Çin dənizində mübahisəli adalar uğrunda münaqişədə Ştatlara öz gücünü sərgiləyəcək. Hadisələrin bu cür inkişafından məyus olan Amerika ekspert və siyasətçiləri kürəsəl savaş arzulayırlar. Onların təsəvvüründə yalnız bu, “masanı döndərmək” və məğlubiyyətdən qaçmağa imkan verər. Amma, budur, Putin Rusiya müdafiə sənayesinin kürəsəl savaş çərçivəsində digər tərəfin sağ qalmağa istənilən ümidini sıfırlaşdırmağı bacaran bir neçə “məhsul”unu sərgiləyəndən sonra “masanın döndərilməsi” variantı artıq kiməsə cazibədar görünməyə bilər. Partiyanı sonadək oynamaq lazım gələcək və nəticəsi çətin ki Vaşinqtonun xoşuna gəlsin. Tərcümə Strateq.az-ındır.