LAVROV GETMƏYƏ hazırlaşır, JİRİNOVSKİ isə qalır – Bizim üçün NƏLƏR dəyişir?

Image result for Lavrov getməyə və, Jirinovski

Hələ Rusiyanın rəsmi qaynaqları tərəfindən təsdiqlənməsə də S.Lavrovun hökumətdən gedəcəyi haqqında xəbərlər, eləcə də biznesmen R.Tillerson cənablarının kəşfiyyatçı ilə əvəz olunması çoxunda fikir yaratdı ki, rəqib ölkələrin hər ikisi diplomatiyada yeni səhifə açmaq niyyətindədi.

Xarici siyasətin oriyentirlərini əlbəttə ki, ilk növbədə prezidentlər müəyyənləşdirir və buna uyğun da baş diplomat arayırlar. Amma birinci diplomatlar da bütün məsələlərdə olmasa da, hər halda, bəzilərində də öz yanaşmalarını, simpatiya və antipatiyalarını əks etdirə bilirlər.

Təsadüfi deyil, S.Lavrov da azərbaycanlıların yaddaşında iki əsas məsələ ilə qaldı. Həmin məsələlər gündəmə gələndə nəinki adi insanlar, hətta siyasi təhlilçilər də çox ciddi şəkildə, üstəlik, bəlkə ilk dəfə olaraq Kremlin baş diplomatının bioqrafiyası maraqlanmağa başladılar.

Ötən il Lavrov sevimli kadrlarından birini, ermənilərə simpatiyası ilə seçilən bir nəfəri Azərbaycana səfir təyin etmək istədi.

Di gəl, Azərbaycan hökuməti operativ bir şəkildə bunun qarşısını aldı və onun kadrına aqreman vermədi.

Daha bir detalsa budur ki, Lavrov bir dəfə “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil!” demişdi. Bu bəyanat da geniş etirazlara səbəb oldu; jurnalistlər yazdı, diplomatlar və bu sferaya yaxın insanlar məsələ ilə bağlı fikirlərini bildirdilər.

Artıq bunlar keçmiş kimi yadda qalmağı vəd edir. Amma yadda qalmağı vəd edən bir ifadə də var – o da “Lavrov planı”dır. Ermənilər daim buna ironiya edirdi ki, əslində reallıqda heç bir “Lavrov planı” – filan yoxdur.

Amma müəyyən proses vardı axı! Diplomatlar xeyli fəallaşmış, həqiqətən də “mərhələli həll” variantı ilə “paket variantı”nı birləşdirən yeni layihə meydana çıxmışdı, hətta bunun bir maddəsi -“ aralıq status” məsələsi tərəflər arasında fikir ayrılığına səbəb olmuşdu.

Düzdür, bunu da keçmiş kimi qəbul etmək olar. Amma elə yaxınlarda Kremlin daha bir adamı, politoloq A.Duqin də beş rayonun qaytarılması haqda sənədin stol üstündə olduğunu bildirmədimi?..

Bunlar bir daha deyirik ki, yaxın tarix də ola bilər və ya yeni nazirin gəlişilə təkrar, artıq başqa adla aktuallaşa da bilər. Bəs həmin yeni adam kim olacaq? Təəssüf, bu haqda yalnız Rusiyanın xarici siyasət idarəsinin dəhlizlərində nəsə danışırlar...

Vacib olanı başqa sualdı: S.Lavrovun gedişi Azərbaycana nə vəd edir? Düşünürük, bütün halda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər indikindən pis olmayacaq.

Birincisi, hakimiyyətdə yenə Putindi və Lavrov aşkar və ya qeyri-aşkar şəkildə ermənilərə yardımçı olsa da, heç də ideoloq-diplomat deyildi.

O, xarici işlər naziri təyin olunarkən deyilən bir cümlə hələ də yadımızdadır: onun BMT- dəki bütün fəaliyyəti siqaret çəkənlərə mənzil- qərargahda daha çox sərbəstlik verilməsilə bağlı idi...

İkincisi, əlbət ki, S.Lavrovun etnik mənşəyi də istər-istəməz hamıda şübhə yaradırdı və şəxsən bizə elə gəlir ki, bu şübhələr tamam əsassız da deyildi.

İki detalı yazının əvvəlində qeyd etdik. Başqa birisi budur ki, o, Ermənistanın Avropa Birliyi ilə saziş imzalamasına imkan yaratdı. İndi də yadımızdan çıxmayıb ki, Bakını və Minski bunu etməməyə görə tərifləyən, Tbilisini, Kişinyovu və Kiyevi isə Avropaya hədsiz dərəcədə qucaq açmağa görə hədələyən Lavrov Ermənistanın adını heç çəkməmiş və bunun üstündən tam sükutla keçmişdi, halbuki Ermənistan da Birliklə saziş imzalamışdı.

Düzdür, Türkiyə ilə intensiv münasibətlər, hətta sıx yaxınlaşma da Lavrov dövrünə təsadüf etdi və bu, bir daha göstərir ki, diplomatiyanın prioritetlərini heç də o, müəyyən etmirdi.

Bir daha deyirik ki, Kremllə Bakı arasındakı münasibətlər bütün halda indikindən pis olmayacaq. Həm də çox şey V.Putinin gələcək altı ildəki geosiyasi hədəflərindən asılı olacaq.

Məsələn, ermənilər “daha geniş” Avrasiya Birliyindən yazırlar. Burada hətta Türkiyə kimi böyük dövlətin guya, Avrasiya Birliyinə “maraq göstərməsi” haqqında vaxtilə Duqinin və Jirinovskinin dilindən səslənən “ehtimal”ları xatırlasaq, ilk baxışda inandırıcı da görünə bilər. Amma yalnız ilk baxışda, çünki ruslar özləri də bir suala cavab verməyə çətinlik çəkirlər: Rusiyanın böyük geosiyasi və geoiqtisadi layihələrin mühərriki olmaq iqtidarı varmı?

Amma yenə də farağat dayanmırlar .Bu günlərdə Jirinovski daha bir “açıqlama” ilə çıxış etdi: Azərbaycan və Tacikistan Rusiyaya birləşəcək!

Nə deyək? O qədər axmaq fikirdir ki, heç şərh etməyə dəyməz və onu sadəcə, ona görə xatırladıq ki, Rusiyanın Lavrovlardan və ya Jirinovskilərdən asılı olmayan bir siyasəti var və adı neoimperializmdir.






Fikirlər