Seçkidən sonra MƏMMƏDYAROV İSTEFAYA gedir - İDDİA
Prezidentliyə namizəd xarici işlər nazirini sərt tənqid etdi; son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti XİN-in “dişsiz siyasətinin” nəticəsi hesab olunur 11 aprel prezident seçkisi yaxınlaşdıqca, mediada ən çox müzakirə edilən məsələlərdən biri də yeni formalaşacaq komanda ilə bağlıdır. Belə iddialar var ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 7 illik hakimiyyətin başlanğıcında bir sıra “köhnələr” yeni komandada olmaya bilər. Bu səbəbdən də seçki təbliğatı dövründə namizədlər tərəfindən sərt tənqidə məruz qalan məmurlar dərhal medianın da diqqət mərkəzinə düşür ki, bu da təbiidir. “Azərbaycanın hazırkı dövründə milli varlığına ən böyük təhlükə mövqesizlik, laqeyidlik və biganəlikdir”. Bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında Zahid Oruc bildirib. Prezidentliyə namizəd bir ildən artıqdır ki, Avropadan Azərbaycana qarşı terror təhdidləri, siyasi qətillərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqları xatırladaraq xarici işlər naziri Elmar Məmmədyarova çağırış edib: “Mən hesab edirəm ki, bunun əhəmiyyətini indi başa düşməkdəyik. Mən bu tribunadan xarici işlər naziri Elmar Məmmədyarova çağırış etmək istəyirəm. Onsuz da on illərdir ki, apardığın danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməmisən. Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?”
E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat və korrupsiyaya bulaşmayan E.Məmmədyarov təəssüf ki, illərdi XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov yerli mediaya son müsahibəsində (unikal.org) namizədlərin məmurları hədəfə almasına toxunub. “Onlara heç kim fikrinə görə qadağa qoya bilməz. Bu, seçki kampaniyasıdır. Əgər namizədlər kimisə tənqid deyil, təhqir edirsə, onun həll yolu məhkəmədir” deyən YAP funksioneri seçkidən sonra mümkün kadr dəyişikliyinə də toxunub. “Vəzifədə çox qalmağın bir pis cəhəti var. Bir adam bir yerdə çox oturduqca, o yer onun üçün adiləşir və o vəzifəyə çox zaman yenilik gətirə bilmir. Bunu bu cür şərh edirlər”. S.Novruzov əlavə edib ki, bu gün Azərbaycanda bütün siyasəti ölkə başçısı aparır və məmurlar icraçıdırlar. Yada salaq ki, Elmar Məmmədyarov 2004-cü il aprel ayının 2-dən xarici işlər naziri postunu tutur.“Yeni Müsavat” AzerTaym.az