“ABŞERON”un sahibi SAXLANILDI

Rusiyanın Arxangelsk şəhərində qalmaqallı “Abşeron” kafesinin sahibi Ərəstun Məcidov saxlanılıb.

Virtualaz.org Arxangelsk vilayəti KİV-lərinə istinadən xəbər verir ki, Məcidov Azərbaycandan olan miqrantların “məsələlərini həll edərkən” ilişib və ötən həftə saxlanılıb. Onun barəsində yaşayış yerini tərk etməmək barədə qətimkan tədbiri seçilib. Məcidova qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü haqda məlumat yoxdur.

 

Ərəstun Məcidov

Bundan bir neçə ay əvvəl Ərəstün Məcidovun adı Arxangelsk şəhər Dumasının deputatı, rüşvət almaqda təqsirli bilinib 3 il həbs cəzasına məhkum edilən Hüseyn Əliyevin işində keçirdi. Bu işdə Məcidov Əliyevin əleyhinə ifadə verib və onun həbsinə səbəb olub. İttihama əsasən Aleksey adlı biznesmen deputat Əliyevin köməkçisi təyin olunmaq üçün Məcidovun vasitəsilə ona 450 min rubl məbləğində rüşvət verib.

Köməkçi vəsiqəsi həmin biznesmenə öz biznes maraqlarını həyata keçirmək üçün lazım idi. Belə ki, o deputatın köməkçisi statusundan istifadə edərək Arxangelsk şəhər Dumasının komitələrinin qapalı iclaslarına qatılmağı, beləliklə də torpaq sahələrinin satışı, tikinti layihələri və digər işlərlə bağlı işlərini həll etməyi nəzərdə tuturdu.

Lakin rüşvət faktının üstü açılıb və istintaqda “Abşeron” kafesinin sahibi deputat Əliyevə rüşvət ötürdüyünü təsdiqləyib. Nəticədə deputat həbs olunub.

Deputat Hüseyn Əliyev

Ərəstün Məcidov habelə bundan əvvəl Arxangelskin dövlət televiziyasının əməkdaşını döymüşdü. Televiziyanın çəkiliş qrupu yaxınlıqda yaşayan sakinlərin şikayətini araşdırmaq üçün “Abşeron” kafesinə yollanmışdı. Sakinlər şikayətlənirdi ki, sahibkar kafenin ərazisini qanunsuz olaraq genişləndirir, habelə ora toplaşan sərxoşlar insanların rahatlığını pozur. Məcidov isə jurnalistlərin çəkiliş aparmasına mane olaraq onları vurub.

Ərəstun Məcidov keçmiş polis əməkdaşı olub və məlumatlara görə xidməti nöqsanlara görə polis sıralarından xaric edilib. O, sahibkarlıq fəaliyyəti ilə yanaşı özünü vəkil kimi də təqdim edir.






Fikirlər