MÜXALİFƏTin yaz PLANLARI VARMI...
Azərbaycan müxalifəti 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra yenidən qeybə çəkilib. Seçkilərdən öncə əsas aparıcı qurumlardan olan Milli Şura və Müsavat Partiyası bir qədər aktivləşdilər, 3 etiraz aksiyası keçirdilər. Seçkidən sonra partiya liderləri bəyan etmişdilər ki, aktiv fəaliyyəti bundan sonra da davam etdirəcəklər. Ancaq seçkidən sonra müxalifət sanki “yoxa çıxıb”. Hətta belə iddialar da var ki, mitinqlər vaxtı bu cür aksiyaların hakimiyyətin xeyrinə işlədiyi barədə deyilənlər özünü doğruldub. İttihamlar bundan ibarətdir ki, sanki bu müxalif qurumlar bilərəkdən hakimiyyətə pas verdilər, aksiyalarla demokratiya görüntüsü yaratdılar. Digər müxalif qurumlar da yaz fəsli olmasına baxmayaraq, hələ də aktivləşməyiblər. Halbuki ötənlərdə yaz fəslini Azərbaycan müxalifəti fəaliyyət üçün uyğun zaman sayırdı, hətta “yaz hücumu” deyə bir termin də formalaşmışdı... AĞ Partiya başqanı Tural Abbaslı müxalifətin susqunluğuna bu cür şərh verdi: “Əslində ”seçkidən sonra qaldığımız yerdən davam edəcəyik" deyənlər elə də edirlər. Seçkidən əvvəl də real heç nə etmirdilər, elə indi də heç bir iş görməməyə davam edirlər. Yəni adamlar dediklərini edirlər. Biz AĞ Partiya olaraq siyasi arenada yaranan istənilən fürsətdən ıstifadə edib mübarizəmizi davam etdirmək əzmindəyik. Elə məhz bu prinsipimizə görə növbədənkənar prezident seçkilərində iştirak etdik. Bugünkü siyasi vəziyyəti analiz edəndə görürük ki, bu, ən doğru qərar idi. Boykot vasitəsilə guya hansısa böyük dövlətlərin bu iqtidarın legitimliyini şübhə altına alacağı barədəki xülyalar da özünü doğrultmadı. Biz əvvəlcədən də bu fikri səsləndirirdik ki, dünya dövlətlərini Azərbaycandakı demokratik vəziyyət qətiyyən maraqlandırmır. Onlar ancaq və ancaq öz maraqlarını güdürlər. Maraqları təmin olunduqca, o dövlətlər və beynəlxalq təşkilatlar mövcud iqtidarla əməkdaşlıq edəcək. Əksinə, boykot deyil, prosesdə aktiv iştirak edib mübarizə aparmaq lazım idi. Bu aspektdən də çıxış etdikdə görürük ki, AĞ Partiya bu mərhələdən olduğundan daha güclü çıxdı.
Biz yenə qaldığımız yerdən daha güclü davam edirik. Belə ki, partiyamızın təşkilatlanma və strukturlaşma prosesini davam etdiririk. Eyni zamanda baş tuta biləcək növbədənkənar parlament seçkilərini də hesaba alaraq bu sahədə də öz işlərimizi təşkil etməyə çalışırıq. Əminəm ki, AĞ Partiya olaraq bu templə davam edə bilsək, qarşıdan gələn hər gün, hər fürsət bizi daha da güclü edəcək. Artıq Azərbaycan siyasi səhnəsində AĞ Partiya adlı perspektivli bir siyasi oyunçunun olduğunu hər kəs qəbul edib. Biz çalışacağıq ki, bu siyasi oyunçu daha güclü siyasi gücə çevrilsin və real nəticələr əldə etsin. Hansısa siyasi qüvvələrin seçkidən öncə keçirdikləri mitinqləri biz onların hüququ kimi qəbul edirik. Hər bir partiya və ya siyasi quruluş qərar vermə azadlığına sahibdir. Bu addımların məqsədəuyğunluğu və səmərəliliyi isə başqa mövzunun müzakirə mövzusudur. Biz o zaman da bu addımın hakimiyyətin maraqlarına daha çox xidmət edəcəyini bildirmişdik. Çünki, ATƏT müşahidə missiyasının Bakıda olduğu seçki dönəmində o qədər də kütləvi olmayan aksiyaların təşkili hakimiyyətə Azərbaycanda “sərbəst toplaşma” azadlığının olduğu görüntüsü verməyinə yardımçı oldu. Hətta bu mitinqlərin demokratiyanın mövcudluğunun sübutu kimi xarici nümayəndələrlə görüşdə ölkə başçısı İlham Əliyev də nümunə göstərdi. Təəccüblüsü odur ki, bizim namizədlik verməmizi seçkilərə legitimlik qazandırmaq cəhdi kimi göstərənlər bu mitinqlərin hakimiyyətin əlinə oynadığını görməməzlikdən gəldilər. O zaman belə bir sual meydana gəlir ki, kimin fəaliyyəti bu hakimiyyətin maraqlarına daha çox xidmət etdi? Seçkilər bitdikdən sonra mitinqlərin keçirilməməsini də qətiyyən təsadüfi hesab etmirəm. Ancaq, yenə qeyd edirəm ki, hər kəs öz fəaliyyətinə cavabdehdir və hər kəs də xalqdan öz fəaliyyətinin qarşılığını alacaq. Odur ki, köhnə müxalifətin addımlarını analiz etməyi özüm üçün faydalı hesab etmirəm. Hakimiyyət də, müxalifət də köhnəlib. Bu isə inkişafa mane olur. Biz öz işimizi görüb yeniliyə və inkişafa nail olmağa çalışacağıq və ümid edirəm ki, Allah bu işdə bizi müzəffər edəcək".
AMİP katibi Əli Orucov bildirdi ki, doğru bildikləri yolla gedirlər: “Doğru bilərək getdiyimiz yolumuzu davam etdiririk. Siyasi fəaliyyətdə dayanmalar yox, fəaliyyətin gücləndirilmiş və yaxud da adi iş axarında davamı olur. Tutaq ki, seçki dönəmlərində, yaxud da ölkədəki ictimai-siyasi vəziyyətdən və onun tempindən asılı olaraq siyasi qüvvələr gücləndirilmiş aktiv fazada işləyir. İddia edə bilmərəm ki, müxalifətin bir qisminin seçkiöncəsi aksiyalar keçirməsi kimin işinə yarayır, ya yaramır. Amma fakt ondan ibarətdir ki, sosial sifarişin və xalqın marağı olmadan keçirilən istənilən kütləvi etiraz aksiyaları nə kütləvi, nə də təsiredici olmayacaq. Seçkiöncəsi Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi aksiyalar çox sönük və səmərəsiz oldu. Kütləvilik alınmadığından diqqəti cəlb etmədi. Lakin bu heç də iqtidarın dediyi kimi, o demək deyil ki, müxalifətin sosial bazası və ölkədə narazılıqlar yoxdur. Sadəcə, narazı kütlə etiraz aksiyalarına cəlb olunmurlar, yaxud da özlərini kənarda seyrçi mövqedə saxlayırlar. Bunun da müxtəlif səbəbləri var. Birincisi, cəmiyyət üzərində total basqılar qalır, ikincisi, narazı kütləni meydanlara çıxaracaq nə siyasi situasiya, nə siyasi lider, nə də siyasi qüvvə yoxdur. Eyni zamanda narazılar sanki ”fövqəladə bir qüvvənin, bir şəxsin" onların bütün problemlərini həll edəcəyini, vəziyyəti yaxşılaşdıracağını gözləməkdədir. Bu isə, təbii ki, doğru yanaşma deyil. Siyasi partiyaların gücü də, hakimiyyətə nəzarətin həyata keçirilməsi də məhz ictimai-siyasi fəallıq olan cəmiyyətlərdən asılıdır. Seçkiöncəsi bir-iki mitinq keçirənlər, məncə, bunu davamlı etsəydilər, insanların iştirakı getdikcə azalmağa doğru gedəcəkdi. Cəmiyyəti seçkilər bir qədər sakitləşdirsə də, bunun çox uzun sürməyəcəyi, ictimai-siyasi proseslərin payıza doğru qızışacağı qənaətindəyəm. Çünki bu idarəetmə və kosmetik dəyişikliklərlə uzağa getmək mümkün olmayacaq".Tural Abbaslı: “Baxaq görək, kimin fəaliyyəti hakimiyyətin maraqlarına daha çox xidmət etdi”; Əli Orucov: “Seçkiöncəsi bir-iki mitinq keçirənlər bunu davamlı etsəydilər...”