Müxalifət “seçkiyə GEDƏK - getməyək” DİLEMMASI qarşısında

Milli Şura boykot qərarı verib; bəs digər partiyalar?

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub. Bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında fövqəladə toplantı keçirdiklərini, boykot və mart ayından etibarən mitinqlərə başlamaq qərarı verdiklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak qərarı olan Müsavat Partiyası isə hələ ki növbədənkənar seçki ilə bağlı son qərarı qəbul etməyib. Partiyanın başqanı Arif Hacılı deyib ki, bu həftə partiya Məclisinin növbədənkənar sessiyası olacaq və növbədənkənar seçki ilə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Partiyanın bir qədər əvvəl namizədliyini irəli sürdüyü İsa Qəmbər isə bildirib ki, partiya nə qərar qəbul etsə ona tabe olacaq.

İsa Qəmbər ile ilgili görsel sonucu

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı isə boykot qərarının düzgün olmadığı fikrindədir. “Yeni Müsavat”a açıqlamasında T.Abbaslı seçkidə iştirak etmək qərarının üzərində dayandığını dedi: “Siyasi partiyaların yaranma və fəaliyyət göstərmə məqsədi hüquqi yolla hakimiyyətə gəlməkdir. Hüquqi yolla da hakimiyyətə gəlməyin hələ ki yeganə yolu seçkilərdir. Yəni dolayısıyla desək, seçkilər partiyaların hakimiyyətə gəlməyi və ya siyasi mövqelərini möhkəmləndirməyi üçün əlverişli şansdır. Hələ nəzərə alsaq ki, biz AĞ Partiya olaraq yeni yaranmış partiyayıq, o zaman belə şanslar bizim üçün ikiqat əhəmiyyətlidir. Odur ki, seçkilərin önə çəkilməsi ilə bağlı xəbərlər yayılan kimi biz seçkilərdə iştirak edəcəyimiz barədə bəyanat verdik. Biz çalışacağıq ki, məhdud resurslarımızla seçkidə iştirak edək. Namizədlik üçün lazım olan imzaları toplamaq xeyli ağır prosesdir. Biz prosesə qoşulub tam gücümüzlə iştirak etməyə çalışacağıq, alınıb-alınmayacağını isə zaman göstərəcək. Boykot məsələsinə gəldikdə isə AĞ Partiya üçün boykot variantı yoxdur. Biz bu yolu uğurlu yol hesab etmirik. Çünki boykotun proseslərə hər hansə bir real təsir imkanlarına inanmırıq.

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı ile ilgili görsel sonucu

Təəssüflər olsun ki, bugünkü müxalifət də xalqda hərəkətlilik yaratmaq gücündə deyil. Xalqın itirilmiş etimadı buna imkan vermir. Beynəlxalq aləmin isə prosesə reaksiyalarını illərdir ki, görürük. Seçki bitdikdən həmən sonra bəzi qüsurların olduğunu söyləyirlər və ardınca isə bunu “demokratiyaya doğru növbəti addım” kimi dəyərləndirərək  hakimiyyətlə ən yüksək səviyyədə əməkdaşlıq edirlər. Real təzyiqlər, sanksiyalar isə hər zaman kimi bizim istəyimiz olaraq gözümüzdə qalır. Dediklərimi nəzərə alanda görərik ki, boykotun heç bir əhəmiyyəti qalmır. Əksinə, seçki prosesində yaranmış əlavə imkanlardan istifadə edib xalqa xitab etmək imkanlarını qaçırmış oluruq. Mən düşünürəm ki, proseslərdə iştirak edib nələrəsə müsbət mənada təsir etməyə çalışmaq lazımdır və biz AĞ Partiya olaraq buna çalışırıq".

T.Abbaslı vurğuladı ki, kimlərinsə boykot qərarı və mitinqlərə başlamaq qərarı onların hüququdur: “Hər bir siyasi qüvvə və ya siyasi lider verdiyi siyasi qərarın nəticələrini özü görəcək. Yəni əgər doğru addım atılıbsa, müsbət, yanlış qərar verilibsə, mənfi nəticələri həmin qüvvənin qazancı olacaq. Ümumən bu günə qədər atılan addımları  analiz etsək görərik ki, hələlik müsbət nəticələr yoxdur. Demək ki, metodu dəyişmək barədə düşünmək zamanıdır”.

Yeni AXCP-nin namizədi Razi Nurullayev ile ilgili görsel sonucu

Yeni AXCP-nin namizədi Razi Nurullayev də boykotun zərər gətirəcəyi düşüncəsində olduğunu dedi. Onun sözlərinə görə, əgər siyasi partiya seçkiləri boykot edirsə, o zaman siyasi partiyanı buraxmalıdır: “Biz bilirik ki, nəticələr nə olacaq. Məgər 2013-də nəticələrin bəlli olduğunu bilmirdik? Bilirdik. Bəs onda niyə iştirak etdik? Biz iştirakın tərəfdarıyıq və əlimizdən gələni edəcəyik. Əgər yaranan vəziyyət imkan verməsə, o zaman mövcud namizədlərdən birinə dəstək də verə bilərik. Bütün imkanlar tükənsə, məcburən boykot qərarına qoşularıq. Yenə də deyirəm ki, boykot ziyanlıdır. Boykota gedən partiyalar özünü buraxsın və ya fəaliyyətini dondursun, əvəzində ümumxalq hərəkatı bəyan etsin. Bax, xalq bunu qəbul edər. Amma siyasi partiya ola-ola boykot qərarını qəbul etməz. Biz seçkidə iştirak edib, hədəfimizi 11 apreldən sonraya hesablaya bilərik Qaldı ki, təyin olunan mitinq və etiraz aksiyalarına. Bunun vacib olduğu düşüncəsindəyəm. Bununla yanaşı, bu da bir təşkilatın yox, ümumxalq mitinqi olmalıdır. Məsələn, qoy olsun adı Azərbaycan xalqının ümumxalq etiraz mitinqi. Heç kimin də adı olmasın, qoy olsun xalqın mitinqi. Təşkilatçıları da seçək xalqın fəallarından, biz isə təşkilatlar olaraq dəstək verək və iştirak edək. Yoxsa yenə də mitinq dalğalarını əvvəlki tale gözləyir. Bir-iki şüar və sonra şirin yuxular. Xalqın isə iradəsi və dirənişi qırılacaq. Qoy öncül xalq olsun, biz isə onu yönləndirək. Unudaq adımızı, partiyamızı, şəxsi nüfuz və populyarlığımızı və siyasi dividentlərimizi”.

AMİP lideri Etibar Məmmədov ile ilgili görsel sonucu

AMİP lideri Etibar Məmmədov isə bildirib ki, aprelin 11-də növbədənkənar prezident seçkisi normal addımdır: “Burada qeyri-adi heç nə yoxdur. Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni burada konstitusiyaya zidd nəsə yoxdur”.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə modern.az-a açıqlamsında Milli Şuranın boykot qərarına münasibət bildirib: “Prezidentin növbədənkənar seçki ilə bağlı sərəncamı konstitusiya tələblərinə uyğun və tamamilə qanuni bir sənəddir. Növbədənkənar seçkinin keçirilməsi praktikası dünyada geniş yayılıb. Azərbaycanda birinci dəfə keçirildiyinə görə xüsusi maraqla qarşılanır. Prezident ya da parlament seçkilərinin nə vaxt keçirilməsi ciddi siyasi qüvvələr üçün böyük əhəmiyyət daşımır. Çünki seçkilərə hazırlıq tək seçki prosesi müddətində deyil, uzun illərin fəaliyyətinin nəticəsi olur. Kimlərinsə seçkidə iştirak etməmək barədə bəyanatı onların seçkiyə hazırlaşmadığını, hər hansı bir ciddi sosial bazalarının olmadığını bir daha sübut edir. Seçkinin önə çəkilməsinin səbəbləri barədə rəsmi dairələr tərəfindən kifayət qədər aydın  məlumat verilib. 11 apreldə seçkinin demokratik şəraitdə baş tutmasına heç bir şübhə yoxdur. Hesab edirəm ki, kimlərinsə boykot barədə çağırışları onların seçkiyə hazır olmadıqlarının göstəricisidir. Bu gün onların cəmiyyətə təqdim etməyə proqramları, cəmiyyəti birləşdirəcək namizədləri yoxdur.  Azərbaycanın problemlərində iştirakı ilə bağlı hər hansı bir konsepsiyası mövcud deyil. Bu baxımdan onların bəyanatlarını ciddi qəbul etmək olmaz. Azərbaycan cəmiyyəti seçkiyə ciddi surətdə köklənib”.

Qeyd edək ki, dünən MSK-nın toplantısı olub və seçki ilə bağlı qaydalar qəbul edilib.“Yeni Müsavat”

 
 






Fikirlər