Səməd Seyidovu AŞPA-da KİM ƏVƏZLƏYƏCƏK

Fazil Mustafa: “Həmməruzəçinin mütləq nümayəndə heyətinin sədri olması şərti yoxdur”

AŞ PA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞ PA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

Qeyd edək ki, AŞ PA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.

Qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.

O, müvəqqəti olaraq assambleyanın mandatından məhrum edilib.

Fazil Mustafa ile ilgili görsel sonucu

Seyidov isə ittihamları tamamilə rədd edərək, bu sanksiyanın Azərbaycanı AS PA-dan uzaqlaşdırmağa xidmət etdiyini deyib: “Sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu qərarının heç bir əsası yoxdur, başdan-ayağa qərəzlidir. Azərbaycanın AŞ PA-da fəaliyyəti daha da yüksək formada təşkil ediləcək”.

Avropa Şurası Parlament Assambleyası komitəsinin “rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə ötən həftə keçirilən müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik.

Səməd Seyidovun həmməruzəçi kimi fəaliyyətinin dayandırılması və yerinə seçki keçirilməsi isə sözügedən sanksiyadan sonra zərurətə çevrilib. Bəs AŞ PA-da Seyidovu kim əvəzləyə bilər? Habelə, Seyidovun Serbiya üzrə həmməruzəçi yerinə Azərbaycan nümayəndə heyətinin üzvünün seçilməsi şərtdirmi?

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Səməd Seyidovun Serbiya üzrə həmməruzəçi yerinə məhz Azərbaycandan olan deputatın olması kimi qayda, tələb yoxdur: “AŞ PA-nın istənilən ölkədən olan deputatı həmməruzəçi seçilə bilər.

Azərbaycan nümayəndə heyətinin üzvlərindən də kiminsə həmməruzəçi seçilməsi mümkündür. Əgər həmin şəxs həmməruzəçi seçilmək üçün standartlara cavab verən adamdırsa, seçilə bilər. Həmməruzəçinin mütləq nümayəndə heyəti sədri olması şərti yoxdur".

“Avropa Şurasının sanksiya tətbiq olunan deputatın, o cümlədən Səməd Seyidovun, ümumiyyətlə nümayəndə heyətinin tərkibindən çıxarılması, başqası ilə əvəz olunması tələbini irəli sürməsi mümkündürmü?” sualına Fazil Mustafa belə cavab verdi: “Bəli, bu ola bilər”.






Fikirlər