“MƏN DTK ARXİVLƏRİNİN AÇILMASININ TƏRƏFDARI İDİM” – Sülhəddin Əkbər
- Sülhəddin bəy, İranla bağlı yaşananları necə qiymətləndirirsiniz?
– Amerika uzun müddət idi ki, İranın nüvə proqramı ilə bağlı məsələni danışıqlar vasitəsilə həll etməyə çalışırdı. Bu istiqamətdə hazırda irəliləyiş əldə edilib. Başqa sözlə, İranın nüvə texnologiyası ilə bağlı siyasi razılaşma əldə edilib, amma bu, hələlik tərəflər arasında hüquqi öhdəlik yaradan müqavilə deyil. Belə bir müqavilənin hazırlanması istiqamətində iş aparılır və sənəd iyunun 30-na qədər hazırlanmalı, imzalanmalıdır. İndilikdə bu razılaşma kövrək xarakter daşıyır və iyunun 30-na qədər dünyada nələrin baş verəcəyi, bu sənədin imzalanıb-imzalanmayacağı bəlli deyil. Çünki dünyada bu razılaşmanın əleyhinə olan ciddi qüvvələr var. Həm Amerikanın öz daxilində, xüsusilə, yəhudi lobbisi və Respublikaçıların bəzi qrupları, həm də İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdə anlaşmaya qarşı çıxanlar var. Odur ki, indilikdə bu anlaşma haqqında əsaslı nəticələr çıxarmaq bir qədər tezdir. Digər tərəfdən, İran yaxın Şərqdə aktiv siyasət aparır. Həm İraq, həm Suriya, həm də Yəməndə baş verən proseslərdə fəal iştirak edir, həmçinin Livanda Hizbullahı dəstəkləyir. Bu mənada İranın bəhs etdiyimiz regionda ABŞ, İsrail, Səudiyyə və həm də Türkiyə ilə maraqları toqquşur. Bu da, başqa bir istiqamətdir. Bunu deməkdə məqsədim odur ki, İran 5+1 ölkələri ilə nüvə texnologiyasına dair anlaşma əldə etsə belə, Tehranın Yaxın Şərqdə problemləri qalmaqda davam edəcək. Ola bilsin ki, sözügedən anlaşma imzalanandan sonra bu problemlər daha kəskinləşsin. Xüsusilə, İsrail və Səudiyyə Ərəbistanı ilə. Odur ki, proseslərin dinamikası davam edir və bu istiqamətdə sabit durumdan danışmaq tezdir. Aydındır ki, ABŞ və Avropa Birliyi İranla anlaşma əldə etməyi çox istəyir. Bu anlaşmanın əldə ediləcəyi təqdirdə başqa situasiya yaranacaq. Odur ki, anlaşmaya qədər bir, anlaşmadan sonra isə tam ayrı durum mövcud olacaq. Üçüncü istiqamət isə Yəmənlə bağlıdır. İran Sənadakı üsyançı husiləri dəstəkləyir. Husi qruplaşması şiə məzhəbindədir. Odur ki, burada da İranla Səudiyyə başda olmaqla ərəb ölkələri arasında maraqlar toqquşur. Artıq BMT Təhlükəsizlik Şurası qərar verdi və bu məsələ də Rusiyanın bitərəf qalması olduqca maraqlı oldu. Bunun Moskva-Tehran münasibətlərinə necə təsir edəcəyi yaxın gələcəkdə bilinəcək. Rusiyanın Suriya siyasətinin Yəməndə davam edib-etməyəcəyi hələlik bəlli deyil. Əgər Moskva da Yəməndəki proseslərdə iştirak edəcəksə, bu zaman təbii ki, Rusiya-İran münasibətlərində problem yaşana bilər. Onu da qeyd edim ki, indilikdə əsas məsələ enerji təhlükəsizliyi ilə bağlıdır. Yəni, İranın yenidən dünyanın neft-qaz bazarına qayıtması məsələsi var. Bu da, anlaşmanın imzalanmasından sonra olacaq. İndilikdə İran məsələsi həll edilməmiş qalır.
- Bu proses İran-Türkiyə əlaqələrinə necə təsir edəcək?
– İran-Türkiyə əlaqələri tarixi və əzəli rəqabətə söykənir. Hər iki dövlət bir-birinə üzdə yaxın görünsələr də, hər zaman rəqabət içində olublar. Türkiyə İranın nüvə proqramı məsələsində üzdə Tehranın tərəfdarı kimi görünür. Çünki, İranın nüvə silahı əldə etməsi Türkiyənin milli maraqlarına ziddir. İran nüvə silahı əldə edəcəyi təqdirdə, bu, regionda Ankaranın roluna ciddi təsir göstərəcək, əvəzində Tehranın təsiri artacaq. Hazırda Türkiyə İrandan böyük həcmdə mavi yanacaq alır. Başqa sözlə, Ankaranın Tehrandan enerki asılılığı var. Bu baxımdan Türkiyə İranla enerji əlaqələrini genişləndirmək, iqtisadi imkanları açmaqda maraqlıdır. Əvvəllər İran Türkiyənin daxili siyasətinə müdaxilə edirdi. Türkiyədə islamçı qüvvələrin hakimiyyətdə olması İranı bir qədər sakitləşdirsə də, regionda maraqları toqquşur. Biz bunu İraqda da, Suriyada da görürük. İndi isə bu proses Yəməndə müşahidə edilir. Bir sözlə, regional məsələdə bu iki ölkə rəqib dövlətlərdir. Bu baxımdan rəqabət bundan sonra da davam edəcək, amma əməkdaşlıq da genişlənə bilər. Türkiyə İran münasibətləri birmənalı deyil. Düzdür, hər iki ölkədə islamçı qüvvələr hakimiyyətdədir. Ancaq tərəflər arasında məzhəb fərqliliyi də özünü göstərir. Məsələn, Türkiyə İraqda türkmənlərə dəstək olmadı, sonda İran türkmənlərə dəstək verdi. Bu məsələdə neçə müddətdir ki, Türkiyə daxilində müzakirə edilir. Yeri gəlmişkən, İran və Türkiyə təkcə Yaxın Şərqdə deyil, Qafqaz bölgəsində də tarixən rəqib olub. Tarixdən indiyə qədər Qafqaz ölkələri üzərində Ankara-Tehran-Moskva arasında rəqabət olub. İndi də bu rəqabət davam edir.
- Roma Papasının saxta erməni “soyqırımı” ilə bağlı dediklərini necə qiymətləndirmək olar?
– Bunlar təbiidir. Aprelin 24-nə qədər belə bəyanatların olacağını gözləmək lazım gəlirdi. Birincisi, ermənilər katolik kilsəsinin bir parçasıdır. Katolik dünyasında erməni qriqoryan kilsəsinin müəyyən rolu və hüquqları var. Bu baxımdan indiki Papanın əvvəllər mövcud olan şəxsi mövqeyini nəzərə alsaq, onun bu cür bəyanat verəcəyi gözlənilən idi. Həm də görünür ki, saxta “soyqırımı”nın yüz illiyi ilə əlaqədar həm qriqoryan kilsəsi, həm də erməni lobbisi ciddi iş apara biliblər. Biz burada xristian həmrəyliyi məsələsini də unutmamalıyıq. Şübhəsiz ki, burada konkret praqmatik maraqlar da var. Saxta “soyqırımı” məsələsi həm də Türkiyəyə qarşı təzyiq vasitəsidir. Bu bəhanədən istifadə edərək Türkiyənin imicinə də zərbə vurmaq məqsədi güdülür. Çox güman ki, gələcəkdə də bu bəhanədən istifadə ediləcək. Mən bu məsələnin yaxın zamanda həll ediləcəyini düşünmürəm. Qardaş ölkənin inkişafında marağı olan dövlətlər susqunluq nümayiş etdirsələr, Ankaraya dost olmayan ölkələr bu bəhanədən daima istifadə edəcəklər. Bu isə gələcəkdə saxta “soyqırımı”nın tanınmasının genişlənməsi deməkdir.
- Türkiyənin buna qarşı atdığı addımlar nə dərəcədə yetərlidir?
– Təbii ki, yetərli deyil. Çünki bunun obyektiv tərəfləri var. Saxta genosidi dəstəkləyən tərəf Türkiyə və onun dostları ilə müqayisədə çox güclü görünür. Bu baxımdan tərəflər arasında gücü hesabladıqda “soyqırımı”nın tanınması tərəfdarları daha güclü görünür. Amma mənə elə gəlir ki, bu məsələdə islam dünyası və türk dünyasının gücündən yetərincə istifadə olunmur. Əgər bu məsələdə türk və müsəlman dünyası həmrəylik nümayiş etdirərək Türkiyənin yanında yer alsa, qarşı tərəf bir qədər ehtiyatlı davranar. Yox, əgər bu məsələdə Türkiyə meydanda tək qalacaqsa, qarşı tərəf daha aktiv iş fəaliyyətini davam etdirəcək. Əks təqdirdə, türk-müsəlman dünyası Türkiyə ətrafında sıx birləşsə, bu məsələdə onu müdafiə etdiyini açıqlasa, Ankaraya qarşı addım atmaq istəyən qarşı tərəf düşünəcək ki, digər ölkələrlə münasibətləri zədələyə bilər. Amma təəssüflər olsun ki, biz xristian dünyasının saxta genosidlə bağlı nümayiş etdirdiyi həmrəyliyi müsəlman-türk dünyasında görmürük. Təbii ki, bu məsələdə Azərbaycanın özünün qəti və formalaşmış mövqeyi var, Bakı bu məsələdə haqlı olaraq Türkiyənin yanında yer alır. Bundan sonra da belə olacaq.
- Ukraynada KQB-nin arxivlərinin açılması haqqında qərar verilib, bu məsələ MDB-də bəzi ölkələrin gündəminə gəlib. Bizdə də mütəmadi olaraq arxivlərin açılması haqqında təkliflər səsləndirilir. Bu barədə siz nə düşünürsünüz?
– Ukraynada KQB-nin arxivlərinin indi açılan hissəsi Azərbaycanda 1992-ci ildən açıq idi. Ukraynada verilən qərarda agentura şəbəkəsinin arxivinin açılmasından danışılmır. 1992-ci ildə xüsusi icazə almaqla tarixçi alimlər bizdə arxivlərə daxil olub işləyə bilirdilər. Onlardan biri də akademik Ziya Bünyadov idi. Odur ki, bu məsələdə Ukrayna bizdən geridədir. Hələlik Ukraynada agenturanın arxivinin açılmasından söhbət getmir.
- Niyə bizdə arxiv məsələsi gündəmə gələndə xalq hərəkatının iştirakçıları dərhal reaksiya verirlər?
– Çünki onların rəyini soruşurlar.
- Ancaq Ukraynada verilən bu qərara ilk olaraq Pənah Hüseyn reaksiya verib…
– Mən Pənah Hüseynin açıqlaması ilə tanış deyiləm. Şəxsən mən arxivlərinin açılmasının tərəfdarı idim. Biz arxivlərin açılması üçün dövlət sirri haqqında qanunun qəbulunu tələb edirdik. Həmçinin arxivlərin açılmasının qaydasını müəyyən edən qanunvericilik bazasının yaradılmasını təklif edirdik. Ancaq bu zaman açılan arxivlərdən kimsə öz marağı naminə istifadə edə bilməzdi. Qanunda arxivlərin hansı hissəsinin açılmalı, hansı hissəsinin indiki formada qalması müəyyən edilməlidir. Bundan sonra xüsusi komissiya yaradılmalı və arxivlər açılmalıdır. Bütün bunları həll etmədən arxivləri neçə açmaq olar? Hər bir addımın qanunvericilik bazası yaradılmalıdır. Biz onu da nəzərə alırdıq ki, ölkədə inqilab baş verib, yeni dövlət qurulur, müharibə vəziyyətindəyik. Həmin zaman onsuz da, agentura şok vəziyyətində idi və demək olar ki, kiçik istisnalarla fəaliyyət göstərmirdi. Elə arxivlərin açılması söz-söhbəti də bu məsələyə ciddi zərbə vurmuşdu. Demək istəyirəm ki, həmin dövrün tələbləri başqa idi. Ancaq indi dövlətçilik strukturları oturuşub. Tarixi müqayisəli analiz etsəniz, zamanlar arasında böyük fərqlər var.