SƏRDAR CƏLALOĞLU: “Bu şərtlər daxilində MÜXALİFƏT BÖHRANDAN ÇIXA BİLMƏZ”

“Cəmiyyət demokratiyadan uzaqlaşdıqca müxalifət də onun arxasınca sürünə-sürünə demokratiyadan uzaqlaşır”

11 aprel prezident seçkilərindən sonra ölkədə siyasi aktivlik müşahidə edilmir. Müxalifət düşərgəsində də siyasi süstlük hökm sürür. Heç bir hərəkətlilik yoxdur.

Bir sıra siyasi ekspertlər və hətta bəzi partiyaların sədrləri belə, bu vəziyyəti müxalifətin və cəmiyyətin süstlük böhranı kimi şərh edirlər.

Bəs bu vəziyyətdən çıxmaq üçün müxalif düşərgənin hansısa planı, imkanı varmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, müxalifət partiyaları hazırkı vəziyyətdə böhranın qarşısını almaq üçün heç bir addım ata bilməzlər. Çünki hazırkı süstlük bir total böhrandır: “Bunun bir çox səbəbi qlobal siyasətlə bağlıdır. Yəni qlobal iqtisadi böhran davam edir və bütün dövlətləri, hətta ABŞ kimi, Çin kimi nəhəng dövlətləri də sarsıdır. Cəmiyyətlərdə də neqativ hallar inkişaf etməyə başlayır. Avropanın özündə də dağılma prosesləri gedir. Bu prosesin dayanması və müsbətə doğru tendensiyanın başlanmasının yeganə yolu qlobal düzənin yenidən reformasiyasıdır və beynəlxalq hüququn dəyişdirilməsidir. Baxın, bütün qanunlar, konstitusiyalar dəyişir, ancaq BMT-nin 1947-ci ildə qəbul edilmiş qanununda heç bir dəyişiklik edilmir və bu da dəyişən dünya ilə ziddiyyət təşkil edir.

Azərbaycanda siyasi, ictimai sektorda böhranın səbəblərindən biri subyektiv amildir, vətəndaşların özünün şüur səviyyəsidir, passivliyidir. Ona görə də istəsək də biz o passiv kütləni aktivləşdirə bilmirik. Vətəndaş gərək öz maraqlarını müdafiə eləməyə hazır olsun ki, siyasi partiyalar da onu təşkil eləsin. Siyasi partiyaların işi siyasi aktiv kütləni təşkil etmək, onları nizamlı şəkildə öz maraqları uğrunda mübarizəyə cəlb eləməkdir. Əgər belə bir siyasi aktiv kütlə mövcud deyilsə, müxalifət nəyi təşkil eləyə bilər? Əlbəttə, olmayan şeyi təşkil etmək olmaz. Bu baxımdan xalqın apolitik vəziyyətdə olması da bizim indiki böhrandan çıxmamıza imkan vermir".

S.Cəlaloğlu qeyd etdi ki, üçüncü səbəb iqtidarın apardığı siyasətdir. İqtidar ölkədə siyasi aktivliyin olması istiqamətində siyasət aparsaydı müxalifətin işi asan olardı: “Məsələn, Azərbaycan iqtidarı bir çox ölkələrdə tətbiq olunan və seçkilərə gəlməməyə görə məsuliyyət nəzərdə tutan qanunu qəbul etsəydi, o zaman vətəndaşlar məcbur olub seçkilərə gələrdi. Nəticədə məcburi bir aktivlik yaranardı. Seçkiyə gəlməməyə görə 50 manat cərimə qoyulsa, bütün seçicilər səsverməyə gələr. Seçicilərin seçkilərə laqeydliyi də hazırkı siyasi süstlüyü yaradan və müxalifətin işini çətinləşdirən amillərdən biridir”.

O ki qaldı müxalifətdən asılı olan səbəblərə, ADP sədri vurğuladı ki, cəmiyyət və xalq necədirsə, müxalifət də elə olmalıdır. Cəmiyyət demokratiyadan uzaqlaşdıqca müxalifət də onun arxasınca sürünə-sürünə demokratiyadan uzaqlaşır: “Demokratiyadan uzaqlaşmaq isə ona gətirib çıxarır ki, hər kəs özünü daha güclü sayır, daha ağıllı sayır, bir-birinə dözümlülük, uzlaşmalar, birləşmək meylləri sıradan çıxır. Hətta ayrı-ayrı partiyaların özünün daxilində belə, bu demokratik dəyərləri artıq müşahidə eləmək mümkün deyil. Bu da müxalifət qüvvələrinin təmərküzləşməsinə imkan vermir. Belə vəziyyətdə olan müxalifət partiyaları isə ortaya ciddi nəticələr qoya bilməzlər. Siyasi partiyalarda birlik, təmərküzləşmə, ümumi maraqlara görə bir addım geriyə atmaq meylləri yoxdur. Məsələn, bu il prezident seçkilərində namizəd kimi mən demək olar ki, bütün müxalifət partiyalarının qapısını döydüm. Lakin heç biri mənə dəstək vermədi. Belə bir vəziyyətdə biz hansı aktivlikdən, demokratik dəyərlərdən, bir araya gəlməkdən danışa bilərik. Azərbaycan müxalifəti üçün dar bir baxış var-hakimiyyətə gəlmək. Yerdə qalan heç bir məsələ barədə Azərbaycan müxalifəti nə düşünür, nə də maraqlanır. Bu da müxalifətin dar bir çevrədən çıxmasına imkan vermir. Mən mütəmadi olaraq çalışıram siyasi gündəmə yeni-yeni ideyalar gətirim ki, xalqın hansısa kəsimi bəlkə bu ideyaların müzakirəsində aktivləşsin. Böhrandan çıxa bilməmənin səbəblərindən biri müxalifətin özünün demokratik böhran keçirməsi ilə bağlıdır. Artıq partiya liderlərinin əksəriyyəti ritorikalarında belə, demokratiya sözündən istifadə eləmirlər, demokratik dəyərlərdən danışan yoxdur və əməli işində də demokratik prinsip və dəyərləri rəhbər götürən heç kim yoxdur. Azərbaycan müxalifəti siyasi ayırma siyasəti aparır, amma siyasi birləşməni həyata keçirmir. Böhranımızın ən ciddi səbəblərindən biri budur. Biz neçə ki, birləşmə qabiliyyətinə malik deyilik, düşdüyümüz böhrandan çıxa bilmərik”.






Fikirlər