Sərdar Cəlaloğlu SEÇKİ üçün SPONSOR axtarır

ADP sədri: “Seçkinin o qədər çoxlu siyasi əhəmiyyəti var ki, onu yalnız hakimiyyətə gəlmək prinsipi ilə məhdudlaşdırmaq düzgün deyil, kimin maliyyə imkanı varsa, iştirak etsin”

Fevralın 6-da müxalifət partiyaları sədrlərinin növbədənkənar prezident seçkisi ilə bağlı fövqəladə toplantısı olub. 4 saatdan artıq çəkən görüşdə seçkidə iştirak, yoxsa boykot qərarı verilməsi müzakirə edilib. Seçkidə iştirak etmək tərəfdarları ilə boykot tərəfdarları arasında yekdil razılığa gəlmək mümkün olmayıb. Bu səbəbdən də belə bir toplantının olduğu barədə mətbuata ümumiyyətlə məlumat verilməyib. Ümumi mövqe belə olub ki, seçki ilə bağlı hər kəs özünün məqbul hesab etdiyi qərarı versin.

Bu barədə ətraflı məlumat almaq üçün müraciət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu belə bir görüşün keçirildiyi barədə “Yeni Müsavat”a daxil olan məlumatın düzgün olduğunu bildirdi. Lakin ətraflı informasiya vermədi. S.Cəlaloğlu qeyd etdi ki, bir araya gəlmək və vahid mövqedən çıxış etməmək üçün əsassız bəhanələr irəli sürülür. Müxalifətdə nailiyyətsizlik sindromundan doğan bir vəziyyət hökm sürür. Hər kəs özünü düzgün, qarşı tərəfi satqın sayır. 

Seçkidə iştirak edib-etməmək məsələsinə gəlincə, ADP sədri dedi ki, ümumiyyətlə, seçkidə iştirakın iki prinsipi var. Biri nəyin bahasına olur-olsun seçkidə iştirak, biri isə sadəcə, seçkidə iştirak naminə iştirakdır: “Nəyin bahasına olur-olsun iştirak o deməkdir ki, sən artıq demokratik prinsipləri yox, hakimiyyətə gəlmək prinsiplərini əsas götürürsən. Ona görə də hətta anti-demokratik yolla da olsa hakimiyyətə gəlmək üçün seçkilərə qatılırsan. Mən demokratiyanı üstün tutan adam olduğum üçün hesab edirəm ki, seçkiyə nəyin bahasına olur-olsun prinsipi ilə heç vaxt qatılmıram.

Seçkilər xatirinə seçkiyə qatılmaq prinsipi isə demokratik prosedurların müdafiə olunması deməkdir. Yəni indi seçki antidemokratik ola bilər, sabah isə demokratik olar. Amma seçki olmasa, demokratiya və qanunun olmasının heç bir əhəmiyyəti olmaz. Çünki seçki yoxdursa, hakimiyyətin seçki yolu ilə dəyişilməsi də yox deməkdir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, demokratik seçki prosedurası müəyyən bir dövrdə işləməsə də seçkinin özü qaldığı üçün müəyyən müddət sonra seçki demokratik keçirilir və demokratlar dinc yolla hakimiyyətə gəlir. Yaxın tarixdə bu cür təcrübələr var. Ona görə də seçkinin bir institut kimi tamamilə sıradan çıxmaması üçün seçki seçkidə iştirak edilməlidir".

S.Cəlaloğlu həmçinin bildirdi ki, seçkidə iştirak etmək ən azı siyasi müxalifətin mövcudluğunu qorumaq üçün də lazımdır: “Mövcudluq qorunmalıdır ki, gələcəkdə şərait yaransa, biz müxalifət vəzifələrimizi yerinə yetirək. Ölkədə demokratik prinsipləri qorumalıyıq. Odur ki, 11 aprel seçkisində iştirak eləmək çox vacibdir. Şəxsən mən özüm namizədliyimi vermək qərarına gəlməmişəm. Yeganə səbəb seçki üçün lazım olan maliyyə resursumun olmamasıdır. Seçkidə iştirak eləmək üçün müəyyən qədər vəsaitin zəruri olduğu bəllidir. Hazırkı Seçki Məcəlləsi namizədlərə dövlət büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmur. Maliyyə problemindən başqa seçkiyə getməməklə bağlı səbəb olaraq irəli sürülən fikirlərin heç biri demokratik düşüncəyə uyğun deyil. Mənim maliyyə imkanım olsa böyük məmnuniyyətlə bu seçkilərdə iştirak edərəm. Seçkilər siyasətçinin xalqa sözünü çatdırması üçün həm də böyük bir fürsətdir. Ağıllı siyasətçi maliyyə imkanı varsa, bu fürsəti əldən buraxmamalıdır. Seçki yalnız və yalnız hakimiyyətə gəlmək vasitəsi deyil. Seçkilər xalqı aktivləşdirmək, xalqın öz gələcək taleyini düşünmək vasitəsidir, müxalifət ideyalarının xalqa çatdırılma vasitəsidir. Bu cür ciddi vasitədən imtina edilməməlidir. Seçkinin o qədər çoxlu siyasi əhəmiyyəti var ki, onu yalnız hakimiyyətə gəlmək prinsipi ilə məhdudlaşdırmaq düzgün deyil. Mən siyasi qüvvələrə demək istəyirəm ki, kimin maliyyə imkanı varsa, seçkidə iştirak etsin. Mən özüm müəyyən yoldaşlara müraciət eləmişəm, əgər maliyyə sponsorluğu eləyən olsa namizədliyimi irəli sürəcəyəm. Buna görə də heç kim məni və ya seçkidə iştirak edən digər şəxsləri ittiham etməməlidir. Bəzilərində bir adət yaranıb ki, kim düzgün addım atır, kim onun atdığı səhv addımları dəstəkləyib təkrarlamırsa, başlayırlar onu xəyanətkar adlandırmağa. Belə adamların özləri seçkidə iştirak edəndə onu düzgün qərar kimi təqdim edirlər, özləri seçkiyə getməyəndə, boykot qərarı verəndə seçkiyə getməyi xəyanət, satqınlıq kimi təqdim edirlər. Bu cür yanaşma ilə uzağa getmək olmaz. Mən hesab edirəm ki, seçkidə iştirak eləmək onun nəticəsindən asılı olmayaraq vacibdir”.

ADP sədrinin sözlərinə görə, seçkiyə getməyənlər iddia edirlər ki, seçkiyə qatılmaq onun nəticələrini legitimləşdirməkdir. Lakin onlar unudurlar ki, seçkini müxalifətin iştirakı legitimləşdirmir: “Qanunda var ki, alternativsiz seçki olmaz. Hakimiyyət istədiyi qədər alternativ namizədlər meydana çıxara bilər. Qanunda yazılmayıb ki, müxalifət seçkidə iştirak etmirsə seçki legitim ola bilməz. Bilmək lazımdır ki, bütün seçkilərin nəticələrini legitimləşdirən xalqın seçkidən sonra passivliyidir. Bəzi yoldaşların savadsızlığıdır ki, müxalifətin seçkidə iştirakını seçkini legitimləşdirən amil kimi sırımağa çalışırlar. Müxalifətin seçkidə iştirak edib-etməməsinin seçkinin legitimliyinə heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, Sərdar Cəlaloğlu 2013-cü ilin prezident seçkisində iştirak edib.

AzerTaym.az






Fikirlər