MİLLƏT VƏKİLİ Adil Əliyev: “Cavadxanın yurdunda radikal qüvvələrə yer yoxdur”

“Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və istifadə olunurlar. Onların nə milləti, nə də dini var. Onları bir maraq birləşdirir. O da dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək”.

Bu sözləri musavat.com-a millət vəkili Adil Əliyev deyib.

A.Əliyev onu da bildirib ki, neçə gündür, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı: “Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar. Gəncə tarixi bir diyarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqelərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, milli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr də bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”Musavat.com

 
 






Fikirlər