Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENEALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO

Politoloq Zərdüşt Əlizadə ilə Qaynar Qazanda müsahibədə çoxdandır görüşmək planımız var idi, amma heç cür alınmırdı ki alınmırdı. Gah bizim, gah da Zərdüşt bəyin vaxtı olmurdu. Bir ara heç “Qaynar Qazan”a müsahibəyə gəlmək istəmədi, mən də taleyimlə barışası oldum. Amma yaxın günlərdə Zərdüşt bəylə “Qaynar Qazan”da söhbətləşməyə razılıq ala bildim.

Mən Zərdüşt bəyi illərdir – hələ Türkiyədə təhsil aldığım tələbəlik illərindən tanıyırdım. Hər Bakıya gələndə bütün siyasilərlə görüşürdüm. Zərdüşt bəylə də hər gələndə görüşür, söhbətləşirdik. Zərdüşt bəy fərqli idi. Onu səmimiliyi və düzgünlüyü digərlərindən fərqləndirən əsas amillərdən biri idi. O zaman Bakının ən prestijli yerində, “Nizami” kinoteatrının yanında Sosial Demokrat partiyasının qərargahı var idi və hər dəfə partiyaya gedəndə oranı adamlarla dolu görərdim.

Zərdüşt bəyi o illərdən böyük demokrat kimi tanıyıram. Biz belə götürəndə fərqli dünyaların və ideoloji görüşlərin adamları idik və normalda biz heç bir zaman normal münasibətlərdə olmamalı idik, amma Zərdüşt bəyin böyük demokratlığı və insanlara səmimi yanaşması bizim dostluğumuzun indiyə qədər davam etməsinə vəsilə oldu. Azərbaycanda bu cür demokrat adamların olması, əslində ölkə üçün ciddi bir şansdır.

Bəlkə buna görədir ki, Zərdüşt bəylə söhbətimizin ortasında onun 73 yaşı olduğunu biləndə gerçəkdən şok oldum. Mən elə bilirəm ki, o, hər zaman mənim o zaman – 27 il bundan əvvəl gördüyüm adamdır. Zaman bəzən işlərin və həyatın axarında durur – elə bilirsən, o zamandır, amma hiss edəndə, hesablayanda, biləndə ki doğrudan da Zərdüşt bəyin 73 yaşı var – bax o zaman fərqinə varırsan ki, Zərdüşt Əlizadə də çürüyən nəsillərin möhtəşəm bir nümayəndəsidir. Bizim hamımız kimi…

Zərdüşt Əlizadə Azərbaycanın ən obyektiv politoloqlarından biridir. “Qaynar Qazan”da da buna sadiq qalıb. Azərbaycanı və onu çevrələyən dövlətlərin siyasətlərini mükəmməl bir şəkildə izah edib. Bizi əhatə edən dövlətlərin Azərbaycana və bölgəyə olan münasibətini dəqiq konturları ilə cizib. Ermənistanda baş verənlərə, Gürcüstanda baş verənlərə elə açıqlamalar gətirib ki, inanmaya bilmirsən.

Zərdüşt Əlizadə ölkəmiz kimidir bəzən. Ölkəmizin də xarici siyasətdə bəzi uğurları gözə dəysə də, daxildə hər şey bərbaddır. Zərdüşt bəylə də daxili – öz məsələləri ilə danışmaq bir az çətin oldu. Təbii ki siyasətdən danışan kimi söz AXC-yə, Əbülfəz Elçibəyə və milli hökumətə getdi. Bu məqamlarda Zərdüşt bəy qatıdır. O qədər ki, onun müsahibəsini yayınlamaq üçün Əbülfəz Elçibəyin 80 illiyini keçirməyi gözləməli oldum. Zərdüşt Əlizadə AXC-yə, Elçibəyə, milli hökumətə çox sərt, amansız və qətidir. Bu müsahibədə də bir çox sensasion məqamlardan danışıb.

Zərdüşt bəy qardaşı Araz Əlizadəyə aid suallara da qapalı oldu. O haqda heç danışmaq istəmədi, ancaq mən onun Araz Əlizadəyə görə çox əziyyət çəkdiyini hiss etdim. Onun haqqında susdu.

Qaynar Qazanda Zərdüşt Əlizadə ilə söhbətimiz çox maraqlı alındı. Bunu təbii ki, Oxucular daha yaxşı qiymətləndirəcək. Elə isə Zərdüşt Əlizadəni dinləyək. Görkəmli Azərbaycan politoloqu və siyasi şərhçisini. O, həm də qocaman jurnalistlərimizdən biridir. Danışır Zərdüşt Əlizadə.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissə

 

Ermənistan qalın barmaqlıqları olan dəmir qəfəsin içindədir

– Bu gün “Qaynar Qazan”da növbəti qonağımız Zərdüşt Əlizadədir. Zərdüşt Əlizadə ilə uzun müddətdir “Qaynar Qazan”da görüşmək istəyirdik, amma gəlib bu günə təsadüf elədi. Zərdüşt bəy, xoş gəlibsiniz…

– Xoş gününüz olsun.

– Bəlkə, Ermənistanda baş verən hadisələrdən başlayaq? Nə baş verir Ermənistanda?

– Ermənistanda çox sadə bir hadisənin şahidiyik. Hakim zümrədə çat yaranıb. Hakim zümrənin bir hissəsi üstdə olan o biri hissənin həddən artıq və uzun müddət Ermənistanı təkbaşına qarət etməsindən narazı qalaraq, “Demokratiya” və “Ədalət” şüarları ilə kütləni ayağa qaldırıb. O cümlədən hakim zümrədəki müəyyən mövqelərindən istifadə edərək polisi, ordunu bitərəf saxlayıb və 20 ildən artıq Ermənistanda hakim olan “Qarabağ klanı”nı, zümrəsini “Yerevan zümrəsi” yavaş-yavaş kənarlaşdırmaq istəyir. Deyəsən, buna da nail olur. Çünki Nikol Paşinyan “Yerevan zümrəsi”nin nümayəndəsi sayılır. Amma bu, o demək deyil ki, “Qarabağ zümrəsi” tamam gedəcək, sadəcə bir az insafla böləcəklər o “qoğalı”. Erməni qoğalını daha insafla böləcəklər, çünki fərz etsək ki, əvvəlcə 90 faizini Qarabağ zümrəsi götürürdü, 10 faizi Yerevan zümrəsinə qalırdı, indi bölüşmə 50/50-yə olacaq.

– Zərdüşt bəy, bu hadisə səbəbilə erməniləri bizdən daha irəli millət hesab edənlər var.

– Nə fərqi var ki, Robertdən sonra Serj gəldi? Heç bir fərqi yoxdur. Yəni həmin “Qarabağ klanı” hakimiyyətdə idi. Hakimiyyətin mahiyyəti dəyişməmişdi.

– Amma Paşinyan “Qarabağ klanı” deyil axı.

– Deyirəm də, o gəlir ki, “Yerevan klanı” ilə “Qarabağ klanı” arasındakı pay bölgüsü məsələsi var, onu həll etməyə. 90/10 faiz olmayacaq, olacaq 50/50. “Qarabağ klanı”nın imkanları yenə də qalacaq, amma bir az “Yerevan klanı”na da pay ayırmalı olacaq. Vəssalam.

– Elvin Aslanov soruşur: “Ermənistanda baş verən dəyişiklik xalqın iradəsi idi, yoxsa nə? Rusiya niyə müdaxilə etmədi prosesə?

– Rusiya ona görə müdaxilə etmədi ki, Ermənistan qalın barmaqlıqları olan dəmir qəfəsin içindədir. Qapısından çox qalın bir qıfıl asılıb, bu qıfılın da açarı Rusiyadadır və Ermənistan bu qəfəsin içindədir. Rusiyanın nə vecinədir ki, qəfəsdə olan Ermənistanın başında Köçəryandır, Sərkisyandır, Paşinyandır, Mkırtıçyandır, Melkumyandır, ya da kimdir. Nə fərqi var ona? Qəfəsin içindədir də. Xarici sərhədlərini Rusiya qoruyur, ordusuna Rusiya nəzarət edir, strateji-iqtisadi sahələrə Rusiya nəzarət edir, elektrikinə, nəqliyyatına, maliyyə sisteminə Rusiya nəzarət edir, Ermənistan büdcəsinin 35-40 faizi Rusiyadan gələn transferlər hesabına formalaşır və bu qəfəsin içində olan Ermənistan Rusiya üçün heç bir başağrısı törətmir. Ona görə də onların işinə qarışmaq da istəmir. Bilir ki, Ermənistan qəfəsin içindədir.

 

Ermənistandakı xalq cahildir, azad deyil, kölədir

– Yəni bu hadisələrin demokratiya ilə, Avropaya inteqrasiya ilə heç bir əlaqəsi yoxdur?

– Heç bir əlaqəsi yoxdur. Bilirsən, qəfəsin içində oturub Avropa demokratiyası qurmaq olar? Avropa demokratiyası azad və demokratik xalqın hakimiyyətidir. O zaman bu, “İstiqlal” qəzetinin şüarı idi. Ermənistandakı xalq cahildir, azad deyil, kölədir. Nə cür demokratiya qura bilər? Və onun Avropa ilə nə əlaqəsi var? Rusiyanın qəfəsində oturan Ermənistan nə cür Avropaya inteqrasiya edə bilər? Siz mənə izah edin, mən başa düşmürəm, bəlkə. Və buna inanın. Mümkün olan şey deyil.

– Bizim 1992-ci ildəki hadisələrə də bir az oxşarı varmı?

– Əlbəttə, var. Hakim zümrənin daxilində çat əmələ gəlir, zümrənin bir hissəsi ən yuxarıda oturan şəxsi və onun dəstəsini kənarlaşdırmaq üçün şüarlar qaldırırlar: “Demokratiya”, “Azadlıq”, “Müstəqillik” və s. Sonra mafiya gəlir, götürür əlinə dövləti, vurur xalqın başına, oturdur xalqı yerində. Sizə deyirəm, bir azdan siz görəcəksiniz ki, erməni xalqı o eyforiyadan çıxacaq, o qələbə nəşəsindən xilas olacaq və özünün gündəlik ağır, acınacaqlı məşəqqətlərinə qayıdacaq. Heç bir “erməni baharı”, “erməni azadlığı”- filan yoxdur, qəfəsin içində azad olmaq mümkün deyil. O qəfəs, “Qarabağ münaqişəsi qəfəsi”dir. Biz də onun içində, ikimiz də orada oturmuşuq. Açarı da Rusiyadadır. Sağa, sola addım atmaq mümkün deyil.

 

Azərbaycanda hakim zümrə yumruq kimi möhkəmdir

– Ermənistanda baş verən hadisələrin Gürcüstandakı hadisələrdən çox fərqi var deyirsiniz? Onun regiona yayılma təsiri, ya da bunun küləyinin Azərbaycana gəlmə ehtimalı yoxdurmu?

– Yox. Azərbaycanda hakim zümrə yumruq kimi möhkəmdir. Birinci şəxsin kim olması məsələsi müzakirə olunanda ehtimal olunan çat var idi. Bəy, yoxsa xanım olacaq? Bax bu məsələ olanda hakim zümrədə yavaş-yavaş çat əmələ gəlməyə başlamışdı. Elə ki, Bəy təhlükəni duydu və dedi ki, elə mən olacam və ya ona dedilər ki, sən olmalısan, ondan sonra yenidən birləşdilər. Yəni bu hakimiyyət xalqa qarşı mütəşəkkildir, öz aralarında “qoğalın bu hissəsini sən, bu hissəsini mən götürməliyəm” məsələsində fikir ayrılığı yoxdur. Ona görə çəkişə bilirlər və biz bunu vaxtaşırı görürük. Bir də görürsən o nazirin başını əkdilər, bu nazirin başını əkdilər, onun yerinə başqasını qoydular, amma ki, bütövlükdə xalqa, demokratiyaya, dünyaya, tərəqqiyə qarşı mövqedə birləşirlər, möhkəmdirlər və çat yoxdur. Ona görə də belə bir parçalanma mümkün deyil.

– Deputatlardan biri çox maraqlı bir söz dedi ki, Ermənistanı bu vəziyyətdən yalnız bizim prezidentimiz çıxara bilər.

– Nə bilim, mən yuxarıda əyləşənlərin məntiqi ilə tanış deyiləm, anlamıram da onları. Mən tamam fərqli bir dünyanın insanıyam. O deputat tayfası ilə əlaqəm yoxdur.

– İlkin Əli Məmmədli soruşur: “Suriyada böhranın dərinləşməsinin səbəbkarı kimdir? Azərbaycan hökumətinin Suriya ilə bağlı mövqeyi Zərdüşt bəyi qane edirmi?”

– Bəli, qane edir. Münasibət belədir də, görürsünüz ki, haradasa uzaqda bir dava-dalaş gedir, ağlı olan kəs gedib ora girər? Mənim yerim buradır, sakit oturmuşam. Yəni Azərbaycan xalqının o qədər müşkülü var ki, indi bir də Suriyə müşkülünə qarışmağı düzgün olmaz.

– Belə çıxır ki, hakimiyyətin xarici siyasəti doğrudur…

– Bu məsələdə doğrudur. Beynəlxalq hüquqda əksini tapan müddəalara tam uyğun olaraq dedik ki, biz Suriya xalqının öz müqəddəratını təmin etmək hüququnu tanıyırıq, hesab edirik ki, Suriyaya xarici müdaxiləyə son qoyulmalıdır və terrorçulara qarşı mübarizə düzgün aparılmalıdır və biz Suriya xalqı ilə həmrəyik. Vəssalam. Bundan artıq nə etməliyik?

O ki qaldı Suriyada nə baş verir, çox sadə izahı var: neft və qaz. Baxın, Fars körfəzində, Qətərlə İran arasında dünyanın ən nəhəng qaz yatağı var. Qaz yatağı elə yerdədir ki, orada dövlət sərhəddi yoxdur. Kim ora birinci borunu salıb oradan qazı sömürüb satmağa başlasa, o qaz yatağı onundur. Qətər Qərbin qabaqcıl texnologiyalarına açıqdır, yəni Qətər üçün heç bir məhdudiyyət yoxdur, amma İrana məhdudiyyət var. Qabaqcıl texnologiyaları İrana vermirlər. Baxmayaraq ki, bəzi müqavilələr imzalanıb, amma Amerika İrana icazə vermir, bəzi sanksiyalar var. Bu tərəfdən Qətər dünyanın ən böyük qaz ixracatçılarından biridir, amma qazı nə cür satır, əvvəl mayeləşdirir, sonra satır – gəmilərlə. Amma boru çəksə, çox asan olar, qazın maya dəyəri çox aşağı düşər.

Qətər gəldi Bəşər Əsədə dedi ki, ay mənim ərəb qardaşım, icazə ver, boru çəkim, qazı çıxarım, Səudiyyədən gətirim düz Suriyadan çıxım Aralıq dənizinə, orada dənizin altından çəkim çıxarım Avropaya, orada böyük bazar var – dünyanın ən böyük bazarı, satım qazı. Bəşər Əsəd də İranla müttəfiq idi. İran ona icazə vermirdi. Dedi, mən elə həmin Farsdan İran vasitəsilə çəkərəm, sənə də onlara verdiyindən çox verərəm. Pul başdan yuxarı. Dünyanın nə qədər avara, sərgərdan, başıboş, sərsəm adamları var, onlara pul payladılar və bütün dünyanın terrorçularını yığıldılar Suriyaya. Qərb mətbuatı başladı vəhşi Bəşər Əsəd rejiminin yırtıcı hərəkətlərindən yazmağa. Beləcə, vətəndaş müharibəsi başladı.

 

Azad Suriya döndü oldu xaraba Suriya

Mən o ölkədə olmuşam, çox gözəl insanları, çox gözəl xalqı var. Bəşər Əsəd, əlbəttə ki, Qərb demokratiyasına uyğun deyil, amma müsəlman dövlətləri arasında – Türkiyədən, Mərakeşdən, Livandan sonra – bəlkə də ən demokratik hakimiyyət Bəşər Əsədin hakimiyyətidir. Hər halda Qərbin bir nömrəli müttəfiqi Səudiyyə Ərəbistanı ilə müqayisədə Bəşər Əsəd demokratiya bayraqdarıdır. Amma buna baxmayaraq, Qərb başladı Bəşər Əsədi yıxmağa. Müəyyən ana qədər Rusiya çox soyuqqanlı baxırdı bu məsələlərə, “qoy vuruşsunlar”. Bir də gördü ki, Bəşər Əsədi yıxırlar. Bəşər Əsədi yıxandan sonra bu boru xəttini çəkəcəklər, Avropada “Qazprom”un bazarı bağlanacaq, qiymətlər düşəcək və Rusiya itirəcək. Rusiya isə əsasən, xammal ixracı hesabına yaşayır. Ondan sonra gəldi, qoşunlarını göndərdi, qarışdı və İran, Hizbullah, Rusiya əlbir olub məcbur etdilər ki, Bəşər Əsəd qalsın və geri çəkilməsin. Yəni hakimiyyətdən çox pul davasıdır. Vəssalam.

O ki qaldı Azərbaycana, Azərbaycan qaz ixracatında çox zəif yer tutur. Bizim üçün fərqi yoxdur, Avropaya İran qazı gedəcək, Qətər qazı gedəcək və ya indi Aralıq dənizinin cənub sahillərində Livanın, İsrailin sahillərində böyük qaz yataqları tapılıb – oradan qaz gedəcək, fərq etməz. Bizim qazımız o qədər azdır ki, gəlirlərimizə o qədər təsir etməyəcək. Natiq Cəfərli çox gözəl dedi ki, bizim o qazdan ümumiyyətlə, bir gəlirimiz olacaqmı? Yəni biz Qərb banklarından pul almışıq, o borcun hesabına qaz yataqlarını istismar edəcəyik, boru kəməri çəkəcəyik, sonra aldığımız borcun özünü qaytaracağıq, onun faizlərini qaytaracağıq, o vaxta qədər də qaz qurtaracaq… Amma dedilər ki, Molla Nəsrəddin tacirdir. 10 qəpiyə alırdı yumurtanı, 9 qəpiyə satırdı.

– Bizim qaz məsələmiz də təxminən Molla Nəsrəddinin yumurta ticarətinə oxşayır. Bəs Türkiyənin işi nədir Suriyada?

– Türkiyənin bir böyük yanlışı oldu. Maşallah, sən bu işləri məndən yaxşı bilərsən, çünki sən orada təhsil alıbsan. Amma mən də hər halda çalışıram öz düşündüklərimi deyim. Türkiyə bir ara çox yanlış bir siyasi müddəalar irəli sürməyə başladı, bu da “Yeni Osmanlıçılıq” idi. Başa düşmədi ki, “Yeni Osmanlıçılıq” ideyasını həyata keçirmək üçün müəyyən maddi imkanlar olmalıdır.

– Dünyanın super gücü olmalıdır…

– Bəli. Həm də Türkiyə hesab elədi ki, Yaxın Şərqdə demokratiyanın bayraqdarı olmalıdır. Ona görə Ərdoğanın məşhur müraciətləri oldu. Müəmmər Qəddafiyə “qardaşım, get”, Hüsnü Mübarəkə “qardaşım, get”, Bəşər Əsədə “qardaşım, get” dedi. Hamısı sənin qardaşındır? Niyə getsin ki? Sən oturmusan, onlar da oturublar… Ona görə də Suriyadakı böhranın dərinləşməsində Türkiyənin də rolu oldu. Dağıdıcı rol oynadı Türkiyə. Bütün o terrorçular,  DAEŞ-çilər və s. və s. hamısı Türkiyə ərazisindən keçdi.

Amma müəyyən anda hadisələrin gedişi oraya gətirdi ki, Suriyanın türk bölgəsində Amerikanın dəstəklədiyi hərbi-siyasi qoruq başladı yaranmağa. Və bu qoruq həm də Suriyadakı daxili işlərdə bir ciddi oyunçuya çevrilməyə başladı. Tramp dedi ki, biz 30.000-lik bir kürd ordusu yaratmaq istəyirik. Türkiyə gördü ki, burada 30.000-lik kürd ordusu, orada, Şimali İraqda Kürdüstan – burada Kürdüstan, orada Kürdüstan muxtariyyatı…  Türkiyə gördü ki, növbə gəlir çatır Türkiyənin özünə. Bu məqamda Ərdoğan çox düzgün qərar qəbul elədi, çox qətiyyətli addım atdı. Türk ordusu girdi Suriyaya və kürd qurumunun yaranmasının qarşısını aldı. Bunun əsas məqsədi Suriya deyil, bunun əsas məqsədi Türkiyənin bir vahid dövlət kimi iflas etdirməkdir. Qərb strateji olaraq öz yaxın müttəfiqi olan Türkiyənin dağılmasında maraqlıdır. Çox qəribə bir şeydir. Türkiyəni etnik, dini və s. amillər əsasında bölməyə hazırlaşırlar və bunu tarix sübut edir. Vudro Vilsonun 1-ci dünya müharibəsindən sonra məqsədi ondan ibarət idi ki, Türkiyə ümumiyyətlə, parçalanır, ortada bir balaca Anadolu qalır, Böyük Ermənistan yaranır, Kürdüstan yaranır və Türkiyə məhv olur. Ərdoğan tutduğu yanlış yoldan çəkindi, məcburən getdi Rusiya və İranla əməkdaşlığa, Bəşər Əsədin qalmasına göz yumdu, yəni əvvəlki qətiyyət itdi, əsas odur ki, kürd amilini Suriyada ciddi amilə çevrilməyə qoymadı. Bu da Türkiyənin səlamətliyi naminə oldu.

 

Heç kim deyə bilməz ki, İranda istibdad var

 

– Sizcə, Kürdüstan qurulacaqmı?

– Qərbin planlarında Yaxın Şərqi əsarətdə saxlamaq üçün 3 plan var – biri İsraildir, biri Kürdüstan olmalıdır, biri də Ermənistan. Bax, bu 3 ayağa söykənən Qərb siyasəti bütün Yaxın Şərqi əsarətdə saxlayacaq. Hələlik, İsrailə nail olublar, amma Kürdüstanın qurulmasını nə Suriya istəyir, nə İraq istəyir, nə Türkiyə istəyir, nə də İran. Dördü də istəmir və mən düşünürəm ki, Azərbaycanın ağlı olsa, heç biz də istəmərik. Ermənistan da hələ ki, ehtimal sayılır. Hələlik Rusiyanın forpostudur, ona görə də Qərb onu nəzarətinə ala bilməyib.

– O zaman bizi və bölgəni getdikcə daha ağır günlər gözləyir…

– Hər şey xalqın özündən, onun tutduğu mövqedən asılıdır. Əgər biz indiki yürüdülən siyasəti götürsək, gələcəyimiz çox qaranlıqdır.

– Zərdüşt bəy, İranda da məsələ getdikcə gərginləşir. Onun bizə birbaşa təsiri olacaqmı?

– İranda teokratik bir sistemdir. İranın gücü əqidəsindədir. Yəni dünyada heç bir hegemon dövlət inama – Qurana qalib gələ bilmir. Quran yenilməz bir şeydir. Əksinə, Quran, İslam sürətlə genişlənir və möminlərin sayı sürətlə artır. Avropada, Rusiyada və bütün dünyada möminlərin sayı çoxalır. Yəni İslam dinamik inkişaf edən bir dindir. İranda da Qurana əsaslanan bir sistem hakimdir. Və çox uğurlu bir İslam demokratiyasını tətbiq edirlər. Yəni islam çərçivəsində sağlar var, sollar var, liberallar var və onların aralarında seçki gedir. Heç kim deyə bilməz ki, İranda istibdad var, onu deyənlər yalan deyirlər. Bizdə də çox yanlış və naşı olaraq hey qışqırırlar ki, Azərbaycan dilinə qadağanı aradan götürsünlər və s. Azərbaycan dilində radio, televiziya, kitablar, jurnallar var. Mən 8-9 dəfə olmuşam İranda. Müsahibələr vermişəm, Təbriz televiziyasında məni göstəriblər, Azərbaycan dilində danışmışam. Yəni naşılıqlar çox var.

– Doğrumu deyil informasiya, bizmi şişirdirik?

– Yox, bizdə qəsdən onu təhrif edirlər. Bir hissəsi cəhalətdən, bir hissəsi riyakarlıqdan və s.

– Yəni İranda Azərbaycan dilində təhsil varmı deyirsiniz?

– Təhsil yoxdur. Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı şöbəsi – filologiya fakultəsi var. Azərbaycan dilində təhsil yoxdur.

– Mətbu orqanlar, televiziyalar var…

– Mətbu orqanlar, televiziya, radio var. Amma təhsil yoxdur. Nəyə görə yoxdur, mən sizə deyim. Bu məsələ Rusiyada da hey müzakirə olunur ki, nə üçün milli azlıqlara öz dilində təhsil hüququ verilir? İndi Tatarıstanda tatar dilinin öyrədilməsi icbaridən keçdi fakultativə. Tatarlar çox narazılıq edirlər, amma Putin prokurorluğa göstəriş verib ki, tatar dilini məcburən öyrədənləri cinayət məsuliyyətinə cəlb edin.

– Yəni məcbur deyil, istəyən, gəlsin, öyrənsin…

– Bəli, fakultativ olur indi.

– Amma əvvəlcə məcbur idi?

– Əvvəlcə məcbur idi. Yeltsin dövründə məcbur elədilər, Tatarıstanın suverenliyi və s. məsələlər qəbul olundu. Bu da nədən irəli gəlir? Ana dilində oxuyan insan o biri dilləri nisbətən zəif bilir. Və elə bil ki, qapanır öz ana dilinin arealına. Orada yaşayır, oranın milli burjuaziyasını, məmur və ticarət burjuaziyasını təşkil edir, ziyalılarını təşkil edir və elə bil ki, ümumi dövlətdən bir balaca aralı düşür. Onun öz məxsusi marağı yaranır və sonra o, separatizm üçün qəşəng bir zəminə çevrilir. Ona yol verməmək üçün – hərçənd ki, İran Konstitusiyasında yazılıb ki, milli azlıqların öz dilində oxumaq hüququ var, bunu da dövlət özü etmir. Çox da danışanda deyir ki, qadağa etmirik ki, pul qoyun, xüsusi məktəb açın. İran boyda ölkədə isə pul qoyub Azərbaycan dilində məktəb açmaq istəmirlər. Bunun üçün mən sizə yaxşı bir misal çəkim. Vaxtilə bizim Azərbaycanda talışlar “talış dilində dərs olsun”, “talış dilini Azərbaycanda sıxırlar, boğurlar” və s. iddiaları səsləndirirdilər. Talış millətçilərindən biri gəlmişdi Arzu Abdullayevanın yanına, Arzu xanım da yumşaq adamdır, dedi ki, mən də bundan sonra məsələ qaldıracağam ki, 10 illik talış məktəbləri olsun. Adam etiraz etdi ki, nə 10 illik Arzu xanım, siz talış xalqının düşmənisiniz? Axı talış dilində oxuyan gəlib Azərbaycan dövlətində hansı vəzifəni tuta biləcək? Heç bir vəzifə tuta bilməyəcək. Biz istəmirik, biz istəyirik talış dilində 4 il ərzində ibtidai təhsil olsun. Dedik, nə deyirsiniz, o olsun, bizim üçün fərqi yoxdur. Yəni bu dil məsələsi çox mürəkkəb məsələdir. Dilin hamısı bir dilin ətrafında toplanır. O baxımdan, İran rəhbərliyi Konstitusiyada olmasına baxmayaraq, imkan vermir.

 

Şimalda böyük Rusiya, cənubda böyük İran

– Mehman Muradov Əlibəyli soruşur: “Rusiya, yoxsa İran? Azərbaycan hansıyla daha yaxın müttəfiq olmalıdır və nə üçün? Bir də İranın Ermənistana dəstəyinin səbəbini nədə görür? İran nədən şiə Azərbaycanla qardaş olmaq istəmir?”

– Əvvəla, bu sual bir az uşaq sualıdır. Bu, ona bənzəyir ki, uşaq gəlir və valideyninə deyir ki, bundan sonra mənə kabab verməyin, yalnız şokolad verin, mən şokolad yeyəcəyəm, şokoladla qidalanacağam və s. Axı bu, düzgün deyil. Kabab da ye, şokolad da ye, piti də ye, bozbaş da ye. Yəni Azərbaycan elə bir coğrafi mühitdə yerləşir ki… Şimalda böyük Rusiya, cənubda böyük İran. Biz məhkumuq hər iki dövlətlə yaxın, dost münasibətlərdə olaq. Vəssalam. O ki qaldı, nə üçün İran Ermənistan məsələsində Azərbaycanla tam həmrəy deyil, bunu gedin özünüzdən soruşun, Elçibəy dövrünün xarici siyasətinin özəlliklərinə bir baş vurun, ondan sonra o sualı verərsiniz.

– Elçibəy dönəmi getdi də Zərdüşt bəy…

– Davam edir axı. Siz elə bilirsiniz ki, indiki hakimiyyət Elçibəy dövrünün hakimiyyətinin davamı deyil? Bəzi məsələlərdə davamıdır.

– Deyirsiniz ki, indiki hakimiyyət bəzi məsələlərdə Elçibəyin siyasətini davam etdirir?

– Bəli, bəli, bəli…

– Xarici siyasətdə ola bilər, amma İrana qarşı o cəsarət haradandır?

– Elə İrana qarşı da. Müəyyən mənada müəyyən cəsarətin sahibiyik. İranın bir çox istədiyi şeyləri vermirik.

– O zaman belə çıxır ki, İran hətta haqlıdır?

– Bəli, bəli, bəzi məsələlərdə haqlıdır. İran azı öz tərəfindən şiə, müsəlman qardaşı kimi Azərbaycana istənilən dəstəyi, köməyi verib. Sizə deyim ki, Azərbaycan müstəqilləşib, Qarabağda Ermənistana savaş başlayıb. İran təşkil edib, əfqan mücahidləri gəlib Azərbaycanda vuruşmağa.

 

İran öz könüllülərini göndərib Azərbaycana, İran silah verib

– O zaman?

– Bəli, İran təşkil edib. İran öz könüllülərini göndərib Azərbaycana. İran silah verib Azərbaycana. Mən özüm Qarabağda döyüşən iranlı könüllüləri görmüşəm. Bunun müqabilində Elçibəy neyləyib? “Biz İranı dağıdacağıq”, “Təbrizdə mitinq edib gedəcəyəm Xankəndinə”. Vəssalam, maşallah. Ondan sonra İran da çomağın o biri tərəfini çevirib və başlayıb Heydər Əliyevi dəstəkləməyə. Heydər Əliyevin hakimiyyətə gəlməsində İran müsbət rol oynayıb, dəstək verib. Hətta Heydər Əliyev gələndən sonra 12 İran generalı gəlib Bakıda oturub. Qarabağ döyüşləri üçün İran “spetsnaz”ı gəlib. Ermənilərə qarşı döyüşlərdə iştirak edib, o cümlədən Horadizin alınmasında İran “spetsnaz”ının böyük rolu olub. Bəli. Ondan sonra zəng ediblər ki, ağayi rəisi-cümhur, sərhəddə qədər yol açıqdır, siz bizə icazə verin, gedib çıxaq Ermənistan sərhəddinə. Deyib, yox, qayıdın. Qayıdıblar, sıxıb əllərini, deyib sağ olun, getdiniz. Ondan sonra onlar da deyiblər ki, bəli, anladıq məsələni. Anladıq ki, bir oyun gedir və biz bu oyunda qurban olmaq istəmirik. Ona görə də biz Ermənistanla da münasibətləri yaxşı qururuq, Azərbaycanla da.

 

İran bizim 60.000 qaçqınımızı saxladı

– Çox maraqlıdır, mən bu məsələ haqqında ilk dəfədir, eşidirəm.

– Ermənistanla münasibətləri yaxşı qururuq, Azərbaycanla daha yaxşı qururuq. Sizin 60.000 qaçqınınızı biz götürüb 5-6 il saxlayırıq. İran maşınları gəlirdi, çadır şəhərciklərini gətirirdi. Burdan bir kisə düyü, bir tənəkə yağ, bitki yağı, şəkər, o tərəfdən, düyü, yağ, şəkər – neçə il saxladı İran bizim 60.000 qaçqınımızı. Az deyil. Buna baxmayaraq, İranı mütəmadi olaraq söyürdü Azərbaycan mətbuatı. Mən sizə dediklərimi, elə bilirsiniz, yuxarı sinif bilmirdi, bilirdi. Amma bu, onlara xeyir edirdi. Əvvəla, İranın, şiə məzhəbinin ideoloji təsirindən qorxurdular. İkincisi, İranın siyasi təsirindən qorxurdular. Üçüncü də ondan qorxurdular ki, Qərb onlara kəc baxar. Bizim hakimiyyətin əsas məqsədi Qərbə xoş gəlmək idi. Ona görə də İran deyəndə ki, qardaş, sən cəmi 300.000.000 dollar xərcləyib İran ərazilərindən boru kəmərini çək və İran ərazisindən çıx azad sulara. Sən müqaviləni Bakıda bağla, neftini ver bizə. Biz də öz neftayırma zavodlarımızda – Təbrizdə, Əhərdə, İsfahanda – onu emal edək iranlılara sataq, sənin də müqavilədə imzaladığımız neftini Xuzistanda, ən yüksək keyfiyyətli İran neftini sənin tərəf müqabillərinə sataq, yükləyib göndərək. 300.000.000 dollara boru xətti başa gəlirdi. Amerika dedi ki, olmaz. İran beynəlxalq əmək bölgüsündə iştirak etməməlidir. Qadağandır Azərbaycan hakimiyyətinə. 4 milyard dollar xərclədik Bakı-Tiflis-Ceyhan neft kəmərini çəkdik, onu da hərdənbir Türkiyədə partladırdılar.

– Qlobal embarqonun qarşısında İranla əməkdaşlıq edə bilərdikmi, sizcə?

– Kim bizə nə deyə bilər ki? Ermənistan edir. Ermənistana göz yumurlar.

– Əslində, Ermənistanı indi yaşadan İrandır.

– Bəli. Levon Ter-Petrosyan demişdi ki, biz boğulurduq, İran bizə nəfəslik kimi açıldı və biz oradan hava udduq. İran nə üçün Ermənistana nəfəslik açdı, çünki biz ona qardaş və müsəlman kimi yox, düşmən kimi yanaşdıq.

– Azərbaycan birləşməsinmi, Zərdüşt bəy? Bütöv Azərbaycan olmasınmı?

– Buna siyasətdə irredentizm deyirlər. Yəni erməni siyasəti nədir – irredentizm. Erməni xalqının yaşadığı Ermənistan respublikası var və erməni ideologiyasında bir şey var ki, böyük Ermənistan yaranmalıdır.

– Dənizdən-dənizə Ermənistan…

– Dənizdən-dənizə… Ermənilərin yaşadığı yerlər, ya da tarixən ermənilərin yaşadıqları bütün torpaqlar birləşməlidir Ermənistana. Ona görə Qarabağda müharibə başladılar. Mənim çox yaxın bir erməni həmkarım var – Bakıya da gəlmişdi. O danışırdı ki, biz 1987-ci ildə Cavaxetiya ilə sərhəddə bir dəstə silahlı erməni gənci dayanmışdıq, əmr gözləyirdik ki, Cavaxetiya ilə müharibə başlayaq. Xaçpərəst gürcü xalqı ilə müharibəyə başlamaq üçün özümüzü mənəvi cəhətdən hazırlamışdıq. Bunun üçün gürcülərin bizə qarşı etdiklərini özümüzdən uydururduq. Onları söyür, özümüzü hazırlayırdıq. Birdən əmr gəldi ki, yox, uşaqlar, Cavaxetiyada deyil, müharibə Qarabağda olacaq. Hə, yaxşı, getdik Qarabağa.

Bu, erməni fikridir. Erməni bu düşüncənin sayəsində hansı kökə düşüb, hansı məğlubiyyətlə qarşılaşıb, hansı qəfəsdə oturub onu sizə danışmaq məncə artıqdır. Artıq demişəm bunları. İndi təsəvvür edin ki, həmin irredentizm ideologiyasından çıxış edir. Dağıstanda 100.000 azərbaycanlı yaşayır, Dərbənd də






Fikirlər