ÇİN, RUSİYANI DİZ ÇÖKDÜRÜR! – Pekin, postsovet məkanına doğru irəliləyir
Rusiya, Çinin təşəbbüsü ilə mövcud ümumdünya maliyyə strukturuna alternativ kimi yaradılan Asiya İnfrastruktur və İnvestisiya Bankının qurucularından biri olmaq arzusunu bildirib. Rusiya həmin bankın təsisçilərindən biri olmaq üçün ərizələrin qəbul olunmasının son müddətinə bir gün qalmış müraciət edib.
Hazırda Pekinlə Moskva arasındakı münasibətlər əla vəziyyətdədir. Bəs, onda nəyə görə Rusiya müraciət üçün bu qədər gecikib? Bəllidir ki, Ukrayna böhranının yaranması ilə Rusiya Qərb ölkələri ilə müəyyən məsafə saxlayan Çinə güvənməyə başladı. Avropaya gedən enerji marşrutunun Rusiya üçün bağlanması təhlükəsi ilə əlaqədar, hər iki ölkə Rusiya enerji daşıyıcılarının Çin bazarına çatdırılması məsələsində ümumi razılığa gəldilər.
Belə hesab olunur ki, müqavilənin şərtləri Çin üçün daha əlverişlıdir. Aydındır ki, çətinliklə qarşılaşan Rusiya, Çindən xahiş edər vəziyyətə düşdüyündən bu cür şərtlərlə razılaşmaq məcburiyyətində qalıb. Ukrayna böhranı ilə bağlı məsələdə Pekin Rusiyanın mövqeyini anladığını bildirsə də, lakin Moskvanı birbaşa müdafiə etməkdən vaz keçib, neytral vəziyyətdə qalmağı üstün tutdu. Ona görə də, hazırkı Rusiya-Çin münasibətlərini cavabsız qalmış məhəbbət kimi də xarakterizə etmək mümkündür.
Hazırda Asiya İnkişaf və İnfrastruktur Bankına inkişaf etməkdə olan ölkələrlə yanaşı, ”böyük yeddilər”ə daxil olan Almaniya, Fransa, İtaliya və Böyük Britaniya da qoşulub. Müxtəlif ölkələrin həmin prosesdə iştirakdan imtina etmələri üçün, ABŞ-ın onlara göstərdiyi təzyiqlərə əsasən söyləmək olar ki, bu bank ətrafında ABŞ və Çin düşərgəsi yaranıb. Məsələn, Yaponiya ABŞ-la birlikdə yeni yaranacaq quruluşda iştirakdan boyun qaçırıb.
Amma B.Britaniyanın AİİB-in üzvü olmaq istəyini bəyan etməsi, digər ölkələrin də bu təşəbbüsə qoşulmasına yol açmış oldu. Belə güman edilir ki, Londonla Pekin arasında hansısa xüsusi qarşılıqlı münasibətlər mövcuddur. Qeyd etdiyimiz kimi, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ölkələrindən AİİB-ın özvü olmaq arzusunu ən gec açıqlayan ölkə, məhz Rusiyadır. Bəs, görəsən Rusiyanın bu cür ləng hərəkətlərinin arxasında hansı səbəblər dayanır. Əgər biz, bu mövzuya daha dərindən və diqqətlə yanaşsaq, üç vesiya ilə qarşılaşarıq.
Birincisi – Rusiyanın bərbadlaşan iqtisadi şəraiti fonunda, Boris Nemtsovun qətlə yetirilməsindən sonra, prezidentin uzun müddətə yoxa çıxması ilə Moskva bütün gücünü daxili problemlərin həllinə yönəltmişdi. Rusiyanın AİİB-də iştirakı prioritet mövzu olmadığında, orada iştirak məsələsinin müzakirə edilməsi də sonrakı mərhələlərə saxlanılmışdı. Rusiyada əsas qərarların böyük hissəsi yuxarıda həll olunduğu səbəbindən, bu proses xeyli ləngiyib. Çünki “yuxarı”, yəni Putin gözlənilmədən gözdən itmişdi.
İkincisi – Moskvanın ləngiməsindəki başlıca səbəb, onun AİİB-də hansı formada rol oynayacağını tam mənası ilə anlamamasından irəli gəlir. Çünki Çin ilə Rusiya, BRİCS ölkələri arasında bank yaratmaq layihəsi üzərində çalışırdılar. Yəqin ki, Rusiya üçün AİİB-in 57 üzvü arasında itib batmaqdansa, BRİCS inkişaf bankının beş üzvündən biri olmaq daha çox sərfəli sayılır.
AİİB-dən başqa Çinin 40 milyard dollar həcmində “İpək yolu fondu” yaratmaq niyyəti də var. Bu qədər çoxsaylı təşkilatların içində Çinin necə effektli fəaliyyət göstərəcəyi də sual doğurur. Çox güman ki, bu xüsusda Çinin özünün də tam müfəssəl və aydın təsəvvürü yoxdur.
Üçüncüsü – Rusiya Pekindən aralarındakı təsir sferasının bölünməsini tələb edir. Məsələ ondadır ki, AİİB-də iştirak etmək istəyən 57 ölkə sırasında sovet respublikaları da yer alırlar. Bankın işində iştirak etmək istəyən Gürcüstan və Azərbaycandan başqa, Çinlə sərhəddə yerləşən Orta Asiya respublikaları da bu təşkilata üz olmaq qərarına gəliblər. Bəllidir ki, gələcəkdə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan da tədricən AİİB-ın investisiya obyektinə çevriləcəklər. Bütün bunları nəzərə alan Rusiya, öz təsir dairəsində saxlamaq istədiyi ölkələrin Çinin aparıcı rol oynayacağı təşkilatdan maliyyə əldə edəcəklərindən bərk narahatlıq keçirir. Hal-hazırda Çİn, bu günkü şərtlər daxilində həm dəniz ipək yolu, həm də ki, Orta Asiya ölkələrini əhatə edəcək quru ərazilərdən keçəcək ipək yolu layihəsini həyata keçirməyə cəhd göstərir. Elə bu məqsədlə də, Çin Avropaya açılacaq birbaşa ticarət marşrutu üzərində dəmir və avtomobil yollarının infrastrukturunun yaradılması haqqında düşünür. Beləliklə də Pekin çox asanlıqla, özünün yüksələn iqtisadi gücündən istifadə etməklə, Sovet İttifaqının keçmiş ərazilərində təsir imkanlarını genişləndirmək niyyətindədir. Ona görə də Rusiya iqtisadiyyatının çətin günlərində, Kreml Çinin təşəbbüslərinə qarşı birbaşa çıxa bilmir. Yəqin ki, məhz bu səbəbə görə də Rusiyanın AİİB-ə daxil olması bu qədər ləngiyib.
Əgər vəziyyətə AİİB çərçivəsində Çin və Rusiyanın Orta Asiya arenasındakı maraqları kontekstindən yanaşsaq, onda meydana Çinin artan təsir imkanlarına qarşı Rusiyanın necə cavab verəcəyi sualı çıxır. (Japan Business Press)
(AzPolitikainfo.az)