Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı genişmiqyaslı sanksiyaları qüvvəyə mindi.
Bu sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.
Həmçinin, İranın energetika sektoruna, ABŞ-ın "qara siyahı”sındakı İran vətəndaşlarına, nəqliyyat və gəmi inşasına dəstək verənlər də sanksiyaya məruz qalacaqlar.
Bundan başqa, İranın avtomobil sənayesinə ehtiyat hissələri satan, xidmət göstərən, həmçinin İran məhsullarını daşıyanlar da cəzalandırılacaq.
Bu arada, onu da qeyd edək ki, bəzi ölkələr İrandan xam neft idxalını azaldacaqlarını və ya tamamilə dayandıracaqlarını açıqlayıblar.
Nəzərə alsaq ki, İran ticarət tərəfdaşımızdır, eləcə də, birgə layihələr icra edilir, bu ölkəyə qarşı iqtisadi blokadanın Azərbaycana təsirləri sual doğurur.
Qeyd edək ki, 2017-ci ilin statistikasına əsasən, İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2 mlrd. 700 mln. ABŞ dolları investisiya yatırılıb. İqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir. O cümlədən, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 16 faiz artıb.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, son dörd ildə İran-Azərbaycan münasibətləri daha çox inkişaf edib.
Birgə bir sıra layihələr icra edilib, eləcə də, İran sərmayəsi hesabına İran avtomobil zavodu inşa edilib:
"Bütün bunlar nəticəsində daha çox İran kapitalı Azərbaycan iqtisadiyyatına axmış olub. Bu baxımdan, İran Azərbaycan münasibətləri son dövrlər daha çox inkişaf edib. Xüsusilə Şimal-Cənub Dəhlizi Layihəsi ilə bağlı müzakirələrdə Azərbaycanın iştirakını vurğulamaq olar. Dəhliz Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır”.
Ekspert bildirir ki, ABŞ ilə İran münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan deyil. Lakin o bunun müsbət təsirlərinin də olduğunu vurğulayır:
"Azərbaycan neft ölkəsidir və güman olunur ki, indiki məqamda sanksiyalar İranın dünya bazarına gündəlik olaraq 1 milyon barel az neft çıxarmasına gətirib-çıxaracaq. Bu da, sözsüz ki, bazara təsir göstərən faktorlardandır.
Əgər OPEC həmin payı kompensasiya edə bilməsə, bu, neftin dünya bazar qiymətində artımlara səbəb ola və ən azı neftin mövcud qiymətinin qorunub-saxlanılmasına gətirib-çıxara bilər. Azərbaycanın ixracının 90 faizini neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, bu, ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb ola bilər”.
Bundan əlavə, Rusiyaya qarşı da sanksiyalar var. Bu səbəbdən, Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıra bilər. Yəni, Şərq-Qərb nəqliyyat dəhlizi gündəmə gələcək. Avropaya daşınan yüklərin Azərbaycan üzərindən keçməsi dövlət gəlirlərinə müsbət təsir edəcək”.
Onun fikrincə, İrana qarşı sanksiyalar birgə avtomobil zavodunun qurulması və birgə dərman istehsalı müəssisələrinin formalaşmasına təsir etməyəcək. Bununla bərabər, V.Bayramov iki ölkənin bankları arasında əməkdaşlığın dayandırıldığını da diqqətə çatdırır:
"Bank transferlərinin həyata keçirilməsi mümkün deyil. Güman edilir ki, Azərbaycan və İran şirkətlərinə mərhələli şəkildə əməkdaşlıq etmək maraqlı olmayacaq. Bu sanksiyalar ticari və iqtisadi əlaqələri zəiflədəcək.
Düzdür, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 300 milyon dollardır. Yəni İranla ticarət dövriyyəmiz elə də böyük deyil. Amma nisbətən marjinal təsirlər gözləniləndir”.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin ABŞ sanksiyalarından kənarda qalması artıq bir uğurdur:
"İran Azərbaycanın ən yaxın ticari partnyorları arasında yer almır. Lakin İran rialının ucuzlaşması turistlərin gəlişinə təsir edəcək. Onlar üçün Azərbaycan əvvəlki qədər cəlbedici olmayacaq. Eyni zamanda, İrandan idxal artacaq”.
İran mallarının ucuzlaşacağını deyən ekspertin fikrincə, bu, region – Azərbaycanın cənubunda yaşayanlar üçün yaxşı xəbərdir:
"İran rialına olan təzyiq, bununla paralel Türkiyə və Rusiya valyutalarının ucuzlaşması manata əlavə təzyiq yaradacaq.
İranın sanksiyalara məruz qalması dünya bazarında neftin qiymətinə müsbət təsir edəcək. Neftin qiyməti 70 dollar ətrafında qalacaq. Düzdür, Səudiyyə Ərəbistanı bazarda azalan İran neftini kompensasiya edəcəyini bəyan edib. Bütün hallarda İran ciddi ixracatçıdır. Bu, dünya bazarında neft qiymətlərinin yüksək olmasını təmin edəcək”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İrana qarşı tətbiq olunan sanksiyalar Cənub Qaz Dəhlizi layihəsinə şamil edilməyib. Bu da mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir:
"Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib. Müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb”.
H.Babaoğlu deyib ki, sanksiyalar zamanı Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır:
"Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə sözün əsl mənasında XXI əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut edib.
"Cənub Qaz Dəhlizi” layihəsinin yeddi ölkəni kəmər boyunca 12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirəcəyini deyən Hikmət Babaoğlu vurğulayıb ki, bu, həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq:
"Yəni, əslində, bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırkı gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava və su kimi lazımdır”.