İsrail Trampın qərarından sonra Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ
ABŞ prezidenti Donald Trampın “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması barədə qərarı imzalaması İsraili hərəkətə keçirdi. Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, İsrail ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35” döyüş təyyarələrinin ehtiyat hissələrini hazırlayan “ASELSAN”, “HAVELSAN”, “ROKETSAN”, “AYESAS”, “Alp Aviasiya” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAS) kimi türk şirkətlərini əvəz etmək niyətindədir. İsrail Türkiyə şirkətlərinin yerinə İsrail Aviasiya Sənayesi və digər iki şirkətin istehsal üçün hazır olduğunu açıqlayıb. Xatırladaq ki, ötən gün ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.
Büdcə layihəsinə görə, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin “F-35” proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək. Türkiyəyə “F-35”-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, ABŞ “F-35” tipli yeni nəsil qırıcı təyyarələrinin Türkiyəyə çatdırılmasından imtina edəcəyi halda, Ankara beynəlxalq arbitraja müraciət edəcək.