ABŞ-TÜRKİYƏ QARŞIDURMASI: yaxın aylarda bu olmasa… - Politoloq

Türkiyə Cumhuriyyətinin yüksək səviyyəli nümayəndə heyətlərinin Rusiyaya səfərləri, yaxud hansısa beynəlxalq tədbirlərdə ikitərəfli görüşləri son vaxtlar mütəmadi baş verir. Bu proses ABŞ-Türkiyə arasında münasibətlərdə olan gərginlik yüksəldikcə daha da intensivləşir.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib.

O bildirib ki, hazırda münasibətlər indiyə qədər olmayan həddə soyuqlaşıb:

“Bu soyuqluğun yaranmasında isə birbaşa rolu prezident Tramp oynayır. Onun Tvitter hesabı vasitəsi ilə Türkiyə əleyhinə atdığı tvitlər dünya mətbuatının gündəmindən düşmür, eyni zamanda Türkiyə rəhbərliyini də bunlara cavab verməyə məcbur edir. Artıq məlumatlar var ki, ABŞ siyasi dairələrində Trampın Türkiyəyə qarşı göstərdiyi münasibətə etirazlar səslənməyə başlayıb . Bu gərginliyin ABŞ-ın milli maraqlarına qarşı olduğu bildirilir və əlaqələrin əvvəlki səviyyəyə qayıtması üçün dərhal işlər görülməsi istənilir. Hələlik isə bu istiaqamətdə irəliləyişin şahidi olmuruq. Belə bir situasiyada Türkiyənin Rusiya ilə strateji məsələlərdə danışığa başlamasını da başa düşüləndir. Bu əməkdaşlıq Türkiyə üçün arzuolunan olmasa da, yaranmış vəziyyətdə onun bunu etməsini anlayışla qəbul etmək lazımdır. Bir NATO ölkəsinin təmsil olunduğu hərbi ittifaqa rəqib olan bir dövlətlə hərbi-texniki sahədə əməkdaşlıq müzakirələri gedirsə, bunun səbəbkarı Türkiyəni belə bir addım atmağa məcbur edənlərdir. Yaxın bir neçə ay ərzində arada olan anlaşmazlıqlar müzakirə olunub həllini tapmayacaqsa, sonradan münasibətlərin əvvəlki axarına qayıtması böyük problemə çevriləcək”.

Qeyd edək ki, son bir həftə ərzində Türkiyənin Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidan artıq ikinci dəfədir Moskvaya səfər edib.






Fikirlər