Eldar NAMAZOV: “Əminəm ki, son sözü diplomatiyamız yox, ORDUMUZ deyəcək”

Eldar Namazov:  “Dəqiq bilirəm ki, ABŞ Administrasiyasının Qarabağla bağlı planı var

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Qarabağ açıqlaması işğalçı ölkədə geniş rezonans doğurub.  Diplomatın “Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək” deməsi erməni cəmiyyətini ciddi şəkildə silkələdi. Bəzi ekspertlər artıq səlahiyyətləri başa çatan Millsin açıqlamasına önəm verməməyi tövsiyə etsələr də, əksəriyyət bu mesajın arxasında Vaşinqtonun Qarabağ planının dayandığını iddia etdi. Mövzu ilə bağlı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovla danışdıq.

- Eldar bəy, ABŞ-ın Ermənistandakı səfəri Riçard Millsin açıqlamasını baş nazir Nikol Paşinyan da mesaj olaraq qəbul etdi. Səfirin dedikləri uzaqgedən nəticələr çıxarmağa əsas yaradırmı?

- Birincisi, onu qeyd edim ki, ABŞ diplomatları tərəfindən bu tipli ilk bəyanat deyil. Təqribən ilyarım bundan əvvəl ABŞ-ın Minsk Qrupundakı səfiri cənab Riçard Hoqland Madrid prinsipləri haqqında geniş açıqlama verdi. Onun açıqlamasındakı Madrid prinsiplərinin şərhi demək olar ki, Azərbaycanın yanaşmasına uyğun idi və o zaman da bu, böyük bir rezonansa səbəb oldu. İndi də cənab Riçard Mills ən mühüm məsələ ətrafında açıqlama verdi. Ermənistan mətbuatı bu günə kimi hələ onun təsiri altından çıxa bilmir. Bunu təsadüfi saymaq olmaz. Həm ABŞ-ın Minsk Qrupundakı həmsədri, həm ABŞ-ın Ermənistandakı səfiri Qarabağ probleminin həlli ilə bağlı Ermənistanı silkələyən bəyanatlar verirlərsə, deməli, burada konkret məqsəd var. Mən hər iki insanı, cənab Millsi və cənab Hoqlandı çox yaxşı tanıyıram. Elə ilyarım öncə də axırıncı dəfə onlarla görüşüm olmuşdu, Qarabağ məsələsi ilə bağlı çox geniş müzakirələr aparmışdıq.

- Harada?

- Təbii ki, Ermənistanda yox, Tiflisdə belə bir görüş təşkil olunmuşdu. Mən müzakirələrimizin detallarına varmıram. Orada müəyyən bir prosedur-etik qaydalar var və biz müzakirələrimizin bütün detallarını mətbuata açıqlamırıq. Ancaq sizə deyə bilərəm ki, bu açıqlamaların əsas məqsədi Ermənistanda hakimiyyətlə cəmiyyət və hakimiyyətlə Minsk Qrupu arasında yaranmış xoşagəlməz halın aradan qaldırılması idi. Söhbət nədən gedir? Biz öz tərəfimizdən var gücümüzlə bir məsələn amerikalılara sübut etməyə çalışırdıq. Artıq onlar başa düşüblər ki, Ermənistan hakimiyyəti - istər Köçəryan, istərsə də Sərkisyan hakimiyyəti olsun - ötən 20 ilin ərzində həm öz cəmiyyətini, həm də beynəlxalq vasitəçiləri, Minsk Qrupunun həmsədrlərini aldadıblar. Köçəryan-Sərkisyan cütlüyünün Qarabağ məsələsinə bağlı oyunu ondan ibarət idi ki, Minsk Qrupu çərçivəsində gedən danışıqlarda Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin azad olunması prinsipini qəbul edirlər. Bu da sənədlərdə öz əksini tapırdı. Ancaq ölkə daxilində öz cəmiyyətlərinə bu haqda nəinki bir mesaj vermirdilər, əksinə, öz cəmiyyətlərini buna kökləyirdilər ki, heç bir güzəştdən söhbət gedə bilməz, torpaqları azad etmək olmaz. Bu səpkidə də dövlət təbliğatını qururdular.

Öz dilləri ilə deməsələr də, dövlət mətbuatı, hakimiyyətə yaxın şərhçilər, ekspertlər hamısı bir rəy yaradırdı ki, işğal altındakı torpaqların bir qarışını da qaytarmaq olmaz. Təbii ki, cəmiyyəti buna kökləyəndən sonra onlar Minsk Qrupunun həmsədrləri ilə müzakirələrdə də  həmişə “Ermənistan cəmiyyəti kompromisə hazır deyil”, deyirdilər. İddia edirdilər ki, o torpaqların azad olunması ilə bağlı erməni cəmiyyətini razılığa gətirmək qeyri-mümkündür, heç bir siyasətçi ictimai rəyi nəzərə alaraq buna gedə bilməz. Halbuki ictimai rəyi də özləri yaradıblar. İndi cənab Millsin bu açıqlaması birbaşa erməni cəmiyyətinə müraciət oldu ki, 20 ildir sizin hakimiyyətiniz sizi aldadır, o torpaqlar azad olunmalıdır. Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda və bütün hazırlanan sənədlərdə o torpaqların azad olunması qeyd olunur və bu, təkcə ABŞ-ın yox, beynəlxalq ictimaiyyətin mövqeyidir. Təsadüfi deyil ki, elə həmin ərəfədə Bakıya səfər edən Dövlət Departamentinin mühüm təmsilçisi cənab Kent açıq bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Qarabağ probleminin həllinin hüquqi bazasını təşkil edir. Yəni bunlar artıq qərar veriblər. Mən hesab edirəm ki, ABŞ administrasiyasının qərarı var və onu da müxtəlif diplomatlar açıq şəkildə birbaşa cəmiyyətə müraciət edib Sərkisyan-Köçəryan cütlüyünün 20 ildir apardığı gizlənpaç strategiyasını darmadağın etmək istəyirlər.

“Əgər plan olmasaydı, Tramp prezident İlham Əliyevə və Paşinyana bu barədə açıq yazmazdı” 

- Amma amerikalı digər diplomat, keçmiş həmsədr Ceyms Uorlik deyib ki, mövcud hökuməti Qarabağ maraqlandırmır...

- Ceyms Uorlik hər şeyi düzgün qiymətləndirsəydi, yəqin ki, onun uzun illər davam edən həmsədrliyi dövründə hansısa bir irəliləyişlər ola bilərdi. Mən dəqiq bilirəm, ABŞ administrasiyasının Qarabağla bağlı müəyyən bir planları var. Ona görə ki, administrasiyanın Qarabağla bağlı strategiyası müəyyənləşəndə onlar həm diplomatları, həm ekspertləri cəlb edib müəyyən müzakirələr keçirirdilər. Həmin müzakirələrin bir neçəsində mən özüm də ekspert kimi dəvət olunmuşdum,  onlarla saatlarla müzakirələr aparmışıq. Nəzərə alın ki, son yarım ildə ABŞ prezidenti Donald Tramp həm Azərbaycan prezidentinə dövlət bayramı ilə bağlı ünvanladığı, həm Ermənistanın baş nazirinə ünvanladığı məktubda açıq demişdi ki, yaxın aylarda Qarabağ probleminin həlli ilə bağlı sizinçün yeni imkanlar açılacaq. ABŞ prezidenti bunu yazılı surətdə qeyd edirsə, deməli, bunun arxasında müəyyən bir planlar var.

Nəzərə almaq lazımdır ki, ABŞ siyasətçiləri və ABŞ administrasiyası üçün bir nömrəli məsələ İran məsələsidir. Bu mənada cənab Uorlikin belə fikirləri ola bilər ki, administrasiya üçün Qarabağ probleminin həlli ön planda deyil. Amma İranla da bağlı hansısa ciddi strateji qərarlar veriləndə İranın ətrafında baş verən proseslərə çox böyük diqqət yetirilir və həmin planları həyata keçirməyə mane olan amillər varsa, onu neytrallaşdırmağa çalışırlar. Bu mənada artıq ABŞ administrasiyasında müəyyən bir format formalaşıb. İranla bağlı məsələlərdə Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan amili də nəzərə alınır. Müzakirələr adətən, bu formatda keçirilir. Məsələn, ABŞ-ın Rusiya ilə bağlı diplomatları, ekspertləri eyni zamanda Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı diplomatlar, ekspertlər bu məsələləri birgə müzakirə edirlər. Artıq hiss olunur ki, İranla bağlı problemlərə ən ciddi təsir edəcək amil Rusiya amilidir - İranı dəstəkləyən, ABŞ-ın İranla bağlı planlarını pozmağa çalışan amildən söhbət gedir - eyni zamanda İranla həmsərhəd ölkələrdir. Təbii ki, burada Türkiyə və başqa ölkələr də var. Ancaq Azərbaycan, Gürcüstan, Ermənistanı ona görə Rusiya ilə bir yerdə nəzərə alırlar ki, Rusiyanın Ermənistanda təsiri yüz faizə bərabərdir. Azərbaycanla da Rusiyanın indi çox ciddi münasibətləri var. Təbii ki, Cənubi Qafqazı götürəndə burada Gürcüstan da vacib ölkədir. Düzdür, onun İranla sərhədi yoxdur. Bütün hallarda İranla bağlı bu format ayrıca müzakirə predmetidir. Bu regionda İranla bağlı məsələyə mane olacaq hansısa amillər varsa, onları aradan qaldırmaq strategiyası da var. Bu mənada Qarabağ məsələsinin özü də ABŞ üçün olduqca önəmlidir. Ona görə də ABŞ Minsk Qrupunun həmsədrliyində təmsil olunub. Eyni zamanda İranla bağlı da ABŞ-ın müəyyən strateji planları var, bunu gizlətmirlər. Bu strategiya çərçivəsində də sərhəd bölgəsindəki konfliktlərin həlli, yumşalması və s. də öz əksini tapır,  o cümlədən Qarabağ məsələsi.

- ABŞ səfirinin fikirlərinə rəsmi Moskvanın reaksiyası çox sərt oldu. Düzdür, birbaşa Qarabağ məsələsi barədə dedikləri hədəfə alınmadı. Amma istənilən halda diplomat Ermənistanın daxili işlərinə qarışdığına görə ittiham olundu. Bu yanaşma nədən xəbər verir? Demək olarmı ki, ABŞ və Rusiyanın  Qarabağla bağlı mövqeyində də haçalanma var?

- Siz özünüz də qeyd etdiniz ki, bu haçalanma Qarabağla bağlı yox, daha çox Ermənistanın daxilində baş verən proseslərlə, hakimiyyət dəyişikliyi, məxməri inqilabla bağlı idi. Rusiya XİN-in sözçüsünü ən çox qıcıqlandıran məqam Qarabağ haqqında deyilən sözlər deyildi. Cənab Mills dedi ki, onlar uzun illərdir həm vətəndaş cəmiyyəti ilə, həm hökumətin içərisindəki müəyyən qruplarla daim işləyirdilər ki, Ermənistanda demokratiyanı inkişaf etdirsinlər. Bax, bu sözləri rusları çox qıcıqlandırdı və bunu Ermənistanın daxili işlərini qarışma kimi qiymətləndirdilər.

- ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək. Əgər ABŞ administrasiyasında siz dediyiniz kimi, Qarabağla bağlı plan varsa, o halda bu səfərin həm də Qarabağla bağlı olduğunu deyə bilərikmi?

- Siz fikir verin, cənab Boltonun da səfəri hansı marşrutla olacaq. Mən dediyim formata uyğun olaraq səfər marşrutunu seçiblər. O həm Azərbaycanda, həm Ermənistanda, həm Gürcüstanda, həm də Rusiyada olacaq. Təbii ki, Con Bolton Tramp administrasiyasının beynəlxalq təhlükəsizlik məsələləri üzrə aparıcı şəxsdir. Onun uzun illər ərzində respublikaçılar administrasiyasında çalışdığını və böyük təcrübəyə malik olduğunu nəzərə alaraq demək olar ki, Pompeo (Dövlət katibi - E.P.) ilə bərabər, Tramp administrasiyasının siyasətini müəyyənləşdirən şəxsdir. Onun mən qeyd etdiyim format üzrə səfər etməsi onu göstərir ki, burada adlarını çəkdiyim hər bir ölkə ilə ikitərəfli münasibətlərə aid olan mövzular var. Məsələn, Tramp administrasiyası Rusiya ilə hələ Qorbaçovun dövründə imzalanmış hərbi müqavilələrin bəzilərindən çıxmaq qərarına gəlib. Bu xəbəri Bolton ilk növbədə Kremldə müzakirə edib onlara xəbərdarlıq edəcək, halbuki məsələ artıq mətbuata sızıb. Təbii ki, İran məsələsi orda da çox ciddi müzakirə olunacaq, həmçinin Suriya və Ukrayna məsələləri. Ancaq öncə ABŞ-ın İranla bağlı planlarıdır. Bakı və İrəvanda aparılacaq danışıqlarda cənab Bolton sözsüz ki, birbaşa Azərbaycanla bağlı müəyyən məsələləri müzakirə edəcək. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə edəndə təbii ki, burada İranın ətrafında gedən proseslər ön plandadır. Nəhayət, Qarabağ probleminin həlli ilə bağlı hesab edirəm ki, onların artıq müəyyən bir planları var. Əgər plan olmasaydı, cənab Tramp prezident İlham Əliyevə və baş nazir Nikol Paşinyana bu barədə açıq yazmazdı. 

- ABŞ səfirinin dediklərinə istinad edən bəzi ekspertlər hesab edirlər  ki, Paşinyan seçkidən sonra torpaqların azadlığı ilə bağlı addımlar atmasa, ABŞ onun devrilməsi planını işə salacaq. Bu, nə qədər inandırıcı görünür?

- Hər halda ABŞ diplomatının verdiyi mesaj uzunmüddətli təsirə malik olacaq. Ermənistanda bu mesajın əleyhinə sifarişli məqalələr yazılır. Onların arqumentləri çox zəifdir. Ancaq ciddi ekspertlər bu mesajla bağlı xüsusi qeyd edirlər ki, bu, təkcə ABŞ-ın mesajı deyil, ABŞ diplomatı bunu deyirsə, deməli, bunun arxasında Qərbin mövqeyi dayanır. İşğal altındakı torpaqların azad olunması və o torpaqlar azad olunmasa, sülh prosesinin mümkünsüz olduğunu artıq beynəlxalq ictimaiyyətin adından Ermənistan cəmiyyətinə deyirlər. Onları bunu müzakirə etməyə məcbur edirlər. Gec-tez Paşinyan hakimiyyəti də seçim qarşısında qalacaq: Qarabağ məsələsində ya Sərksiyan və Köçəryanın siyasətini yürütmək, ya da beynəlxalq ictimaiyyətin mövqeyini nəzərə almaq. Ancaq mən dediyim kimi, bu amil Ermənistanın daxilində ziddiyyətləri daha da gücləndirəcək. Mən əminəm ki, Azərbaycan hakimiyyəti nəzərə alır ki, Paşinyan belə bir məqamda xarici təhlükəni şişirdib, ölkədə öz məqsədlərinə çatmaq üçün cəmiyyəti mobilizə edir. Ona görə də müəyyən mənada manevr edən Paşinyana ölkə daxilində toqquşmaları, qarşıdurmanı daha da genişləndirməsi üçün münbit şərait yaradırlar. Bütün hallarda mən əminəm ki, Ermənistanın daxilində ciddi siyasi böhranlar hələ davam edəcək, daha da güclənəcək. Hələ bu proseslər pik nöqtəsinə çatmayıb. Ancaq mən əminəm ki, son söz yenə də diplomatiyanın yox, Azərbaycan ordusunun olmalıdır. Azərbaycan ordusu gərək daim hazır olsun ki, açılan imkanlardan istifadə edib bizim torpaqlarımızı azad etsin.  (musavat.com)






Fikirlər