Deputatın HİMNLƏ BAĞLI çıxışı QALMAQAL YARATDI

Sabir Rüstəmxanlı: “Bu himn bizə cümhuriyyətin yadigarıdır...”

Milli Məclisin ötən həftə keçirilən plenar iclasında deputat Tahir Kərimli “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib ki,  himnimizin həcmi azaldılmalıdır.

“Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Amma digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı”.

Deputat deyib ki, hər kəs himni sevməlidir: “Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır. Bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himnini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Onun bu cür çıxışı isə ölkə ictimaiyyətində narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə də sıravi vətəndaşlar deputatın fikirlərinə qarşı çıxıb, himnimizin qorunmalı olduğunu söyləyirlər.

Məlumat üçün qeyd edək ki, himnimizin musiqisi 1919-cu ildə azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov tərəfindən yazılıb, himnin sözləri isə Əhməd Cavada məxsusdur. Himn Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 27 may 1992-ci ildə rəsmi olaraq qəbul olunub. Azərbaycan dövlət himninin davamlılığı 2 dəqiqə 13 saniyədir.

Ä°lgili resim

İstiqlalçı deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında himnimizdə hər hansı dəyişikliyin edilməsini doğru saymadığını dedi: “Biz 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini bərpa etmişik. Yəni yenidən dövlət yaratmamışıq. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin bütün atributları bizə çox doğmadır. Bəzi şeylərə mənim də narazılığım var. Lakin bu himn artıq bir mirasdır. Bu bizə Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalıb. Həmin atributlara toxunmaq, onları dəyişdirmək məsələsi dəfələrlə müzakirə olunsa da, düşünürəm ki, buna ehtiyac yoxdur. Biz bu məsələlərə hər dəfə münasibət bildiririk. Vaxtilə müəyyən bir müsabiqə elan edilmişdi və mən də həmin müsabiqə üçün şeir yazmışdım. Ancaq sonradan razılaşdıq ki, atributlar olduğu kimi qəbul olunacaq. Dünyanın bir sıra himləri var ki, onlar Azərbaycan himnindən xeyli uzundur. Bu, ayrı məsələdir ki, hansısa böyük və tələsik məclislərdə himnin əsas bəndlərini oxumaq olar. Ancaq bu dəqiqə himnimizə toxunmaq, onu təftiş etmək, müzakirə başlatmaq artıq işdir. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Himnimizin musiqisi Üzeyir Hacıbəyova aiddir. Üzeyir bəydən də gözəl musiqi yazan olmaz. Sözləri də bizim milli ideyallarımızı, dövlətçilik məqsədlərimizi ifadə edir. Buna görə də sözləri də yenidən müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Tahir Kərimli deyir ki, guya himnimiz mərsiyə kimi səslənir. Azərbaycanda ümumi musiqimizi mərsiyəyə çevirirlər ki, bu da ayrı məsələdir. Ancaq himnimizdə mərsiyə havası yoxdur”.

S.Rüstəmxanlı himnin marş janrında olmasını deyənlərə də münasibət bildirdi: “Elə dövlətlər var ki, onların himni xalq mahnısıdır.  Himn dövlətin ruhunu ifadə edirsə, burada başqa nə isə axtarmağa dəyməz. Himn sadəcə, milli birliyə, həmrəyliyə çağıran bir simvoldur. Dövlətin bayrağı kimi himni də onun simvolu sayılır. Xalqın taleyindən, tarixindən gələn hansısa musiqini qəbul etsən, bunu da himn kimi səsləndirə bilərsən. Məsələn, ”Sarı gəlin", “Küçələrə su səpmişəm” və digər sənin xalqının dilində olan, çox populyar bir mahnını qəbul etsən ki, məclislərdə bunu oxuyacağıq, bu da ola bilər. Təbii ki, söylədiklərim sadəcə olaraq, nümunədir. Çünki bizim başqa gözəl musiqilərimiz də var. Fikrimin əsas qayəsi budur ki, himnin marş üzərində  və ya minor üzərində olmasını söyləmək də əsaslı deyil".

Fazil Mustafa ile ilgili görsel sonucu

Sputnik.az saytına danışan deputat Fazil Mustafa da deyib ki, indiki vəziyyətdə Azərbaycan Respublikasının dövlət himninə toxunmaq yanlış addım olardı: “Himn artıq bizim üçün bir dəyərə çevrilib. Dünyada onsuz da mükəmməl heç nə yoxdur. Ona görə də bu mövzuya qayıtmağı doğru hesab etmirəm. Himnimiz hazırda olan formasında da qəbul edilməlidir. Yeni himnə keçid həm maddi, həm də mənəvi cəhətdən fəsadlar yaradır. Bizim himnimiz mərsiyə janrında deyil. Ümumiyyətlə, ölkə himnlərinin mütləq marş janrında olmasına dair hökm yoxdur. Ona görə də himnimizlə bağlı narahatlıq keçirməyə dəyməz”.

 






Fikirlər