Arif Hacılıdan polis hədəsi – Müsavatda şok “möhür” qalmaqalı
Moderator.az xəbər verir ki, bu barədə keçmiş Müsavat üzvü özü məlumat yayıb.
Ə. Əhədoğlu bildirib ki, partiyanın MNTK-sı VIII Qurultaya hazırlıq, keçirilməsi və sonrakı dövrdə baş verən seçki saxtakarlığı və Nizamnamə pozuntuları hallarına qarşı çıxdığına öz arşını ilə qiymət verərək, partiya üzvlüyündən azad edilməsi barədə qərar qəbul edib: “O gündən indiyədək özünü başqan hesab edən Arif Hacılı haqqımda verilmiş qərarı partiya möhürü ilə təsdiq etməkdən imtina edir. Ona görə də mənə verilmiş möhürsüz qərardan çıxarışla məhkəməyə müraciət etdim. Məhkəmə də qanuni olaraq, möhürlə təsdiq edilməmiş kağız parçası əsasında şikayətə baxmaqdan imtina etdi və bu barədə qərar qəbul etdi. Bu gün MNTK adından mənə verilən həmin kağız parçasına möhür vurdurmaq üçün məhkəmə qərarını da götürərək, Müsavat Partiyasının qərargahına getdim. Əvvəlcə məhkəmə sənədini və MNTK adından verilən qərardan çıxarış yazılmış kağızı Arif Hacılının katibəsinə verdim ki, təsdiq etdirib qaytarsın və ya təsdiq etməsə, məni qəbul etsin.
Qapı arxasından Arif Hacılının katibəyə “de ki, getsin işi ilə məşğul olsun, vermirəm, ona ayırmağa da vaxtım yoxdur” dediyini eşitdim. Məcbur olub içəri keçdim soruşum ki, hansı əsasa görə partiyanın MNTK-sı adından verilən qərara möhür vurmur?! İçəri girməyimdən istifadə edib, “sən kabinetimə basqın edirsən, çıx kabinetimdən, polis çağıracağam...” deyə şantaja başladı. Dedim ki, basqın edən yoxdur, partiya da heç kimin dədə mülkü deyil, o cümlədən sənin də”.
Müsavatdan çıxarılan ADR üzvü Əli Qasımbəyli də eyni vəziyyətlə üzləşib.
“Divanın haqqımdakı qərarı məhkəmə qəbul etmir. Rəsmi möhürlə təsdiq olunmuş sənədi istəyirlər, amma partiyadan bunu vermirlər”, - deyə bildirib.
Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli isə bildirib ki, Müsavat rəhbərliyi bunu məqsədli şəkildə edir: “Çünki möhürsüz sənədlə məhkəməyə müraciət edib iddia qaldırmaq mümkün deyil. Onlar da möhür vurmamaqla bunun qarşısını alırlar”.
Ə. Qasımbəyli öz növbəsində Ədliyyə Nazirliyinə müraciət etmək üçün bütün müsavatçılara səslənib.
“Bütün Müsavat sevərlərə səslənirəm ki, gəlin saxtakarlara hədlərini bildirmək üçün Ədliyyə Nazirliyinə müraciət edək və qurultayın nəticələrinin ləğv olunmasını tələb edək”, - deyə o bildirib.