"Makroiqtisadi vəziyyət sabitdir" - İLHAM ƏLİYEV
"Daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik". AzerTaym.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib. Dövlət başçısı müsahibə zamanı 2018-ci ilin Azərbaycan üçün siyasi-iqtisadi yekunlarını qiymətləndirib: "Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub. Demək kifayətdir ki, Dünya Bankının “Doing Business” hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytinqimizi yüksəldir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib. Mən bu siyahını davam etdirə də bilərəm, amma düşünürəm ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini səciyyələndirir".