“HAKİMİYYƏT “QARABAĞA AZADLIQ” ŞÜARINDAN EHTİYAT EDİR…” – “Eynulla Fətullayev çoxdan korlanıb”

penah

Azərbaycanın sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “AzPolitika.info”-ya müsahibəsi

- Pənah bəy, son vaxtlar Qarabağ Komitəsində aktiv fəaliyyət göstərirsiniz. Məqsədiniz nədir, nəyə nail olmaq istəyirsiniz?

– Məncə, komitənin bütün üzvləri aktiv fəaliyyət göstərir və qiymət də ümumi verilə bilər. Ümumən, məqsədlər komitənin əsasnaməsində ifadə edilib və bunun dəyişməsi də gözlənilmir.

- Hansı məqsədlərdən söhbət gedir?

– Qarabağ Komitəsi olaraq məqsəd Qarabağ məsələsinin Azərbaycan ictimai rəyində, dünya gündəmində və iqtidarın fəaliyyətində bir nömrəli məsələ kimi qalmasına nail olmaqdır. Bunun üçün ictimai fəaliyyət göstərməkdən ibarətdir. Yəni, məqsədimiz iqtidar qarşısında Qarabağı azad etmək üçün üzərinə konstitusiya ilə düşən vəzifələrin yerinə yetirilməsinin, habelə beynəlxalq qurumlar və dünya ictimaiyyətindən Qarabağ münaqişəsində beynəlxalq hüquq çərçivəsində münasibət ifadə edilməsinin tələb olunmasıdır. Eləcədə, Azərbaycan ictimai rəyinin də Qarabağ uğrunda, silahlı mübarizə daxil olmaqla, bütün qanuni hüquqi üsullara səfərbər edilməsidir. Yəni burada hakimiyyət orqanlarının üzərində düşən vəzifə və səlahiyyətlərin əvəz edilməsindən söhbət getmir. Bu ictimai fəaliyyətdir, beynəlxalq ictimai rəyə təzyiq etmək istəyidir.
Qarabağ Komitəsinin fəaliyyətində vacib məsələlərdən biri də Qarabağ probleminin daxili siyasi münasibətlər fövqündə saxlamaq, daxili siyasi mübarizədə Qarabağ məsələsindən istifadəyə yol verməməkdir. Həmçinin, istər iqtidarda, istər müxalifətə, istərsə də siyasi proseslərə aktiv və mütəşəkkil cəlb edilməyən kütlələrin Qarabağ uğrunda mübarizədə ümummilli səfərbərliyinə nail olmaqdır. Bunlar dəyişməz prinsiplərdir. Komitə çalışır ki, plan və fəaliyyət proqramı ilə işləsin. Ancaq sözsüz ki, dəyişən konyunktura komitənin fəaliyyətində əksini tapır.
Təəssüflər olsun ki, hakimiyyət iqtidarın istefa şüarından daha çox “Qarabağa azadlıq” şüarından ehtiyat edir. Və Qarabağ məsələsində kütləvi fəallığın olmasından çəkinir.

- Şəxsən sizin Qarabağ münaqişəsinin həllinə dair mövqeyiniz nədən ibarətdir, sizə görə, problem hansı yolla həll edilməlidir?

– Məncə, sualın bu şəkildə qoyuluşu doğru deyil. Əvvəla, Qarabağın işğalı faktı ortadadır. Bu faktın Azərbaycan dövlətinə və hakimiyyətinə verdiyi hüquqlar var. BMT nizamnaməsinin 51-ci maddəsinə görə, biz özünü müdafiə ilə bağlı bütün tədbirləri görə, o cümlədən Silahlı Qüvvələrdən istifadə etməklə torpaqları işğaldan azad etmək üçün müharibə apara bilərik. Yəni belə hüququmuz var. Allahın verdiyi hüquq da odur ki, 1 milyon qaçqını olan və 20 faiz ərazisi işğal olunan dövlətin haqqıdır ki, bu vasitədən istifadə etsin. Lakin istər silahlı, istərsə də diplomatik yolla fəal xarici siyasətin yeridilməsi, dünya ictimai rəyinin səfərbər edilməsi və beynəlxalq hüququn bizə verdiyi imkanlardan yararlanmaq bir-birini istisna etmir. Yəni bütün vasitələrdən istifadə edilməlidir. İlk növbədə Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda silahlı mübarizəsini ortaya qoyması, fikrimcə, işğal olunan ərazilərin dinc azad olunmasına şərait yarada bilər. Mənim şəxsi mövqeyim bundan ibarətdir. Yəni “Ya sülh, ya müharibə” məsələsinin qoyulmasını səhv hesab edirəm. Hər iki forma bu prosesin tərəfidir.

- 25 ildir davam edən nəticəsiz danışıqlar necə, davam etdirilməlidirmi?

– Beynəlxalq hüququn bu cür məsələlər barədə müəyyən etdiyi imperativ üsullar var. Bunlardan biri münaqişənin danışıqlar vasitəsilə həlli üçün iş aparılmasıdır. Lakin mənə elə gəlir ki, Azərbaycan bu mərhələdə səmərəsiz danışıqların işğalın əbədiləşdirilməsi üçün istifadə edilməsi faktını ortaya qoyaraq, qarşı tərəfin bu imkandan həll deyil, onun qarşısını almaq üçün istifadə etdiyini əsas götürərək danışıqların indiki formatında qalıb-qalmayacağını müzakirəyə çıxarıb, mövqeyini ifadə edə bilər. Və yaxud “atəşkəs” deyilən məsələ var. Reallıq odur ki, bu atəşkəs heç bir hüquqa söykənmir və 1994-cü ildə bağlanan saziş öz qüvvəsini itirib. Hakimiyyət elan etməlidir ki, atəşkəsi birtərəfli qaydada uzadır və bu beynəlxalq öhdəlik yaradan hər hansı bir sənədlə əlaqəli deyil. Bir daha qeyd edirəm ki, “biz danışıqlardan imtina edirik” kimi məsələ qoyula bilməz, amma bu, digər vasitələrlə tamamlanmalıdır.

- Azərbaycan ictimai rəyində belə düşüncə var idi ki, Paşinyan Qarabağ savaşında iştirak etməyib, əksinə, bu savaşın “qəhrəmanlarını” devirərək hakimiyyətə gəlib deyə onunla aparılan sülh danışıqları müəyyən nəticə verə bilər. Lakin biz onun şahidi oluruq ki, daha aqressiz bəyanatlar səslənir və Paşinyan Şuşada yallı gedir…

– Əslində Paşinyanın bu məsələdə manevr imkanları daha azdır. Nikol Paşinyan Qarabağ konfliktinin həllinə dair istənilən addımı rəqibləri tərəfindən xəyanət hesab oluna və o devirə bilər. Odur ki, Paşinyan Köçəryan və Sərqisyandan daha sərt bəyanatlarla çıxış edir. Bu da bizim dediyiniz ümidlərdən əl çəkməyimizi tələb edir. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq bizim prinsipial və fundamental mövqeyimiz olmalıdır. Bu halda məsələ Paşinyan və digərləri ilə birbaşa bağlana bilməz. Məsələn, Serj Sərqisyan deyirdi ki, Ağdam heç vaxt erməni torpağı olmayıb. Halbuki, Paşinyan və onun komandası daha sərt mövqedən çıxış edir və buna da məhkumdur. Əlbəttə, Ermənistan siyasi dairələri ilə qondarma “Arçax” adlandırdıqları bölgənin rəhbərliyi arasında münasibətlərin korlanması, fikir ayrılıqları bizim Qarabağ siyasətimiz, onun hərbi-siyasi istiqamətlərinin qurulmasında nəzərə alınmalıdır. Amma ümumilikdə bizim fundamental və prinsipial mövqeyimiz də olmalıdır.

- Bir qədər də daxili siyasətdən danışaq. Müxalif düşərgənin fərqli qanadlarında müşahidə edilən siyasi fəallıq həqiqətənmi parlament seçkilərinə hesablanıb?

– Hazırda müxalifətin əhəmiyyətli hissəsi parlament seçkilərində iştirak edib-etməmək sualı qarşısındadır. Protest elektoratının radikal əhval-ruhiyyəli hissəsi müəyyən adamların apardığı təbliğatın nəticəsi olaraq ümumiyyətlə parlament seçkilərində iştiraka xəyanət kimi baxır. Bu mənada, diqqət edirsinizsə, müxalifətdə seçki hazırlığı, ümumiyyətlə bu mövzu populyar deyil. Halbuki, Azərbaycan Xalq Partiyasının təklifi ondan ibarətdir ki, seçkidə iştirak edib-etməməkdən asılı olmayaraq, hər gün seçkilərə hazırlaşmaq lazımdır. Seçkiyə hazırlaşmaq başqa siyasi fəaliyyətləri, o cümlədən inqilabi fəaliyyəti, qanunlar çərçivəsində yol verilən digər vasitələri istisna etmir. Əksinə, təcrübə göstərir ki, bir sıra hallarda seçki hazırlığı qeyd etdiyim digər fəaliyyətlərin forması kimi çıxış edə bilir. Bu mənada, müxalifətin parlament seçkilərinə hazırlaşmasına dair yanaşmanızı doğru saymıram.

- Müxalifət seçkiyə hazırlaşmır deyirsiniz, amma elə sizin partiya bugünlərdə “Xalq Seçki Bloku” yaratmaq haqda qərar verib…

– Son günlər Azərbaycan Xalq Partiyasında müzakirələr başlandı. Əslində müxalifət daxilində də bu gedir. Sonda partiyanın Siyasi Şurasının, eləcədə sədr olaraq mənim mövqeyim qərar və bəyanatlarla ortaya qoyulub. Bu istiqamətdə siyasətimizin konturları formalaşıb. Hesab edirəm ki, yaxın müddətdə bu sahədə mövqeyimizin yekun formulasını ifadə edən sənədləri də qəbul edəcəyik. Ancaq nəzərə alın ki, bu Seçki Məcəlləsi ilə nəzərdə tutulan seçki bloku deyil. Qərarda da qeyd edildiyi kimi, hazırda siyasi fəallığın yüksəldilməsi və təşkilatlanmanın artırılması məqsədilə irəli sürülən modeldir.

- Əməkdaşlıq etdiyiniz partiyalarla müzakirə aparmadan, təkbaşına seçki bloku elan edirsiniz. Müxalifətin əsas hissələrindən niyə ayrı düşübsünüz?

– Qeyd edim ki, hazırda bizim müqavilə öhdəliklə bağlı partiyalar yoxdur. Bu məsələ partiyamız daxilində qaldırılıb. Bundan sonra müəyyən şəxslər və siyasi qüvvələrlə danışıqlar olacaq. Bununla bağlı partiyanın Siyasi Şurası sədrə tapşırıq və səlahiyyətlər verib. Mənim fikrimcə, əsas məsələ partiyanın bazasına və təəssübkeşlərinə arxalanmaq lazımdır. Amma digər partiya və əməkdaşlıq etdiyimiz siyasətçilərlə məsləhətləşmələr aparacağıq.

- Növbədənkənar parlament seçkiləri gözləntiniz varmı? Bu son aylar ən çox müzakirə olunan mövzudur…

– YAP-ın İcra katibi Əli Əhmədov növbədənkənar seçkiləri birmənalı təkzib edib. Amma Prezident seçkiləri ərəfəsində də YAP rəhbərliyi tərəfindən belə fikirlər səslənirdi. Formal olaraq konstitusiyada prezidentin parlamenti buraxmaq və yeni seçkilər təyin etmək səlahiyyəti var. Ancaq söhbət növbədənkənar seçkilərdən getmir. Normalda seçkilərə bir il müddət qalıb. Növbədənkənar seçkilər isə müxalifət üçün sürpriz ola, onun mobilizə edilməsi üçün seytnot vəziyyəti yarada bilər. Elə bizim son təşəbbüslər də onunla bağlıdır ki, seçkidə iştirak edib-etməməkdən asılı olmayaraq, seçkiyə hazırlaşmaq formasında siyasi fəaliyyət göstərilməlidir.

- İstər növbədənkənar, istər növbəti olsun, hakmiyyətin normal parlament seçkiləri keçirəcəyinə inanırsınızmı?

– Hökumətin normal seçki keçirməsi mənim üçün ağlabatan deyil. Amma nəzəri baxımdan mümkündür. Bu baxımdan biz qərarlarımızı ağlabatanlıqla deyil, nəzəri şəkildə mümkünlük kriteriyası ilə hesablayırıq. Fikrimcə, hazırda maraqlı proseslər gedir. Məsələn, Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlıq Proqramı” çərçivəsində Azərbaycan tərəfi yekun bəyannaməni imzalamadı. Sonradan ortaya çıxdı ki, Avropa Birliyinin saytına Azərbaycanda insan hüquqlarına dair hesabat qoyulub. Biz insan hüquqlarına dair məsələlərə diqqətin ayrılmasının bir daha şahidi olduq. Ermənistanda baş verən hadisələr və digər hadisələr məncə vadar edir ki, Azərbaycanda dəyişikliklər aparılsın. Bu dəyişiklikləri hakimiyyətin aparıb-aparmayacağı haqqında qəti fikir söyləmək çətindir. Amma ictimai təzyiqin yüksəldilməsi, ictimai rəyin mobilizasiya olunması, o cümlədən bunun yaranan beynəlxalq situasiya ilə üst-üstə düşməsi hakimiyyəti buna vadar edə bilər. Və yaxud görürsünüz ki, hakimiyyətin nisbətən gənc kadrları olan sferalarda dəyişikliyin zərurəti məsələsi özünə daha çox tərəfdar toplayır. Ən azı imitasiya xarakterli dəyişikliklər etmək rəyi geniş yayılmaqdadır. Prinsipcə, biz rejim dəyişikliyini zəruri hesab edirik. Amma rejim dəyişikliyi vəzifə dəyişikliyi demək deyil. Yəni müəyyən keçid dövrü ola bilər və indiki siyasi rejimin aradan qaldırılması, vəzifəli şəxslərin vəzifəsini saxlaması ilə başlana bilər. Amma bu, nəzəri yanaşmadır. Əslində son 26 ildə baş verənlər cəmiyyətdə məyusluq, belə məsələlərə inamsızlıq yaradıb.

- Eynulla Fətullayev sizi ciddi tənqid edib, hətta sizə ayama belə qoşub…

– Fikrimcə, Eynulla Fətullayev zamanında rusdilli yazarlar arasında ən yaxşı publisistlərdən biri idi. Amma son vaxtlar siyasi seçimi onun istedadını reallaşdırmaq imkanlarını, yaradıcılıq potensialını tükəndirib. Odur ki, təhlil əvəzinə belə üsluba, bir qədər də vulqar formaya üstünlük verməyə məhkum olub. Son dövrlər Eynullanın yazıları onun bir yazar olaraq deyil, daha çox hakimiyyət və ya hakimiyyətin hansısa bir qolunun rəyinin ifadəçisi kimi maraq doğurur. Əgər əvvəllər onun yazıları öz-özlüyündə ictimai rəydə maraq yaradırdısa, indi onun yazıları dediyim səbəbdən maraqlı olur.
Mənim ünvanıma yazdığı fikir və mülahizələr, fikrimcə, onunla bağlıdır ki, Eynulla Fətullayevin bir neçə səhvi olub. Sonuncu səhvi isə Şuşa haqqında status idi. Əlbəttə, iqtidarın ən yüksək nöqtəsində onunla əlaqəli problemlər yaratdığına görə, Eynulla məcbur olub ki, Əli Kərimliyə həsr olunan yazı qələmə alsın və bizim də adımızı epizodik olaraq həmin yazıda qeyd edib. Əgər yazıda Qarabağın verilməsi Əli Kərimli ilə bağlanırsa, deməli onun vəziyyəti yaxşı deyil. Bu səbəbdən də Əli Kərimlini tənqid etməklə yuxarılar qarşısında günahlarını yumaq istəyir. Mənim təəssüratım belədir. Mən çoxdandır təəssüf edirəm ki, Azərbaycanda bir sıra istedadlı adamlar öz istedadlarını bu formada məhv edirlər. Eynulla Fətullayev də bu səbəbdən çoxdan korlanıb.  

 
 

 






Fikirlər