“RUSİYA “CAVAD XAN” FİLMİNİN NÜMAYİŞİNİ QADAĞAN EDİB!” – ŞOK açıqlamalar

serdar

“Rusiya rəhbərliyi hələ də Azərbaycanı öz ərazisi kimi görür. Ruslar Azərbaycan üzərində inperiyaçılıq siyasətindən imtina etməyiblər. Azərbaycanı öz təsir dairələrinə qaytarmağa cəhd edirlər”.

“AzPolitika.info”-nun məlumatına görə, təəccüb doğurmayan bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” internet televiziyasına müsahibəsində bildirib.

ADP sədri iddia edib ki, Rusiya Azərbaycanın beynəlxalq aləmə inteqrasiya etməsinə, Avropa Birliyilə, ABŞ-la, eləcə də müsəlman ölkələrilə ikitərəfli əlaqələri genişləndirməsinə imkan vermək istəmir. Onun sözlərinə görə, Moskva Azərbaycanın yalnız təsərrüfat müstəqilliyinə razılaşa biləcəyini nümayiş etdirir: “Bu azmış kimi, Putinin dönəmində Rusiya Azərbaycanı tam təsir dairəsinə salmaq üçün ardıcıl siyasət aparır”.

ADP sədrinin fikrincə, Rusiyanın təşəbbüsü ilə qəbul olunan Xəzər dənizinin statusu ilə bağlı qərar da buna xidmət edir: “Dünyada ikinci belə hadisə yoxdur ki, bir su hövzəsinin yuxarısını dəniz kimi, aşağısını göl kimi qəbul edəsən. Yəni, yuxarısına dəniz statusu verirlər. Çünki dəniz statusu verəndə Rusiya qoşunları gəlib Bakının 10 kilometrliyində dayana bilər. Əgər göl statusu verilsəydi, hansı sahə Azərbaycana düşür, ondan 50-60 km aralıda durmalı idi. O zaman Rusiya qoşunları bura yaxınlaşa bilməzdi…”

ADP sədri hesab edir ki, Azərbaycan hökuməti Xəzər səthinə dəniz statusunun verilməsinə məhz Moskvanın təzyiqlərilə razılaşıb. Həmçinin, Azərbaycanda rus dilində təhsilin yenidən vüsət alması da birbaşa Rusiyanın təzyiqlərilə bağlıdır:“Bu ildən 150 min Azərbaycan uşağına rus dilində təhsil verməyə başlayıblar. Söhbət rus məktəblərinin Rusiya vətəndaşı yetişdirən təhsilinin Azərbaycan uşaqlarına keçilməsindən gedir… Hətta bu məktəblərdə Rus dili kabinetlərində “Mənim Vətənim Rusiyadır” kimi plakatlar vurulur. Yəni, bu məktəblərdə rus dili ilə ruslaşdırma arasında fərq qoyulmur…”

S.Cəlaloğlu qeyd edib ki, Konstitusiyaya görə Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir: “Azərbaycan məhkəmələri, rəsmi idarələri, dövlət qurumları, məktəblər, institutlar yalnız Azərbaycan dilində yazışma apara bilər, Azərbaycan dilində fəaliyyətini qura bilər. Onda Azərbaycan dövlət büdcəsi hesabına, Azərbaycan Konstitusiyasına zidd olaraq, rus dilində tədrisi həyata keçirən məktəblər nəyə görə və hansı əsasla yaradılır? Bu məktəblərin hamısı Konstitusiyaya zidd olaraq yaradılır. Acıq-açığına Azərbaycan xalqının milli maraqlarına zidd təhsil sistemi həyata keçirilir”.

def37347-059a-4e03-88b7-51935159d393

Partiya sədri müqayisə apararaq bildirib ki, o zamanda Avropada təhsil alan ziyalılarımız Azərbaycanın müstəqilliyi üçün çalışıblar. Rusiyada təhsil alanlar isə Azərbaycanın yenidən Moskvanın idarəçiliyinə qayıtmasına çalışıblar: “Bu gün Azərbaycan parlamentində rus dilində danışanların təkliflərinə baxın. Onlar Rusiyanın maraqlarını müdafiə edib, Türkiyənin, Avropanın əleyhinə çıxış edirlər”.

ADP sədri bildirib ki, təhsil milli təhlükəsizliyin 5 komponentindən biridir: “Təhsil ordudan və Dövlət Təhlükəsizliyi Xidmətindən də vacib təhlükəsizlik orqanıdır… Siz bir təhlükəsizlik orqanına başqa bir xalqın nümayəndəsini yerləşdirə bilərsiniz? Bəs necə olur ki, siz başqa bir xalqın dilində təhsil verirsiniz? Bu halda sabah siz öz təhlükəsizliyinizi necə təşkil edəcəksiniz? Ona görə də, bütün dünyada məktəb, təhsil siyasəti dövlətin əsas siyasətlərindən biridir. Suverenlik və müstəqilliyin rəhnidir”.

Türkiyə dövlətinin türk təhsili və türk ordusunun üzərində durduğunu qeyd edən S.Cəlaloğlu, Azərbaycanda hər iki sahədə Rusiyanın təsirinin böyük olduğunu vurğulayıb.

ADP sədri Azərbaycan türklərinə qarşı Rusiyanın birbaşa iştirakı ilə törədilmiş cinayətlərdən rusların izinin silinməsinə cəhd edildiyini də vurğulayıb: “Məsələn, Hacı Əbdül çıxıb deyir ki, vertalyotu (20 noyabrda ) bizimkilər vurub. Bir başqası deyir ki, 20 Yanvar faciəsinin günahkarı Ayaz Mütəllibovdur. Başqa biri deyir ki, Xocalı soyqırımının günahkarları ermənilərdir. Hətta AXC günahkardır deyənlər də var. Yəni, Xocalı soyqırımının erməni-rus birləşmələri tərəfindən törədildiyindən diqət yayındırılır…”

S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan tarixinə yeni baxışı da qadağan ediblər: “Sovet hakimiyyəti bizə hansı tarixi aşılayıbsa, bu gün də onu aşılamaq istəyirlər. Bir dənə kənara çıxma olub, Cavad xan haqında film çəkilib. Tarixi kinodur. Rus-erməni qoşunları Gəncəni işğal edərkən Cavad xan müqavimət göstərib. Bilirsiz Rusiya buna necə reaksiya göstərib? “Cavad xan” filminin Azərbaycanda göstərilməsini qadağan edib. Bəhanə də odur ki, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına xələl gətirir…”

ADP sədri qeyd edib ki, Rusiya ötən əsrin əvvəlində Azərbaycanın ziyalılarını, milli elitanı məhv edib: “Tariximizin ən görkəmli şəxsiyyətləri ruslar tərəfindən məhv edilib. Bu gün bunu bizə unutdurmaq istəyirlər. Halbuki, bizim Rusiya ilə normal münasibət qurmağımız üçün Rusiyanı beynəlxalq məhkəməyə verməliyik. Azərbaycan xalqına qarşı törədilmiş genosid siyasəti hüquqi qiymətini almalı, kompensasiya ödənilməlidir. Bir daha xalqımıza qarşı belə siyasətə yol verilməyəcəyinə dair təminat almalıyıq. Ondan sonra Rusiya ilə dostluq münasibətləri qura bilərik”.

ADP sədri qeyd edib ki, hazırda bütün cəbhələrdə – iqtisadiyyatdan tutmuş siyasətə, hüquqdan tutmuş ictimai həyatımıza qədər – Azərbaycanı yenidən Rusiyanın köləlik zəncirinə bağlamaq üçün aktiv iş gedir. O, bildirib ki, bu siyasətdə həm iqtidarda, həm də müxalifətdə olan bəzi şəxslər iştirak edir: “Məqsədləri Azərbaycanı yenidən Rusiyanın köləliyinə qaytarmaqdır”.

 






Fikirlər