ABŞ və Rusiya ilə nə baş verir? - Pens geri çağrıldı, Putin təcili görüşə getdi
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Nyu-Hempşirə səfərinin təxirə salınıb Ağ Evə təcili olaraq çağrılmasından sonra Rusiya prezidenti Vladimir Putin də tədbirlərini təxirə salaraq Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Dünya mediası isə hər iki hadisədən ciddi narahatlıq ifadə edən xəbərlər yazmağa başlayıb. Pensin sözçüsü Alissa Farah Tvitter hesabında narahatlığa heç bir əsas olmadığını deyib: “Pens vacib bir görüş üçün Ağ Evə çağrıldı. Qısa müddət sonra Nyu-Hempşirə səfərini gerçəkləşdirəcək”. Amerika mediasının yazdığına görə, Pens beynəlxalq təhlükəsizlik məsələsi üzündən geri çağrılıb. Digər tərəfdən isə Rusiyanın sualtı atom gəmisində yanğın baş verməsi, 14 dənizçinin yanğını söndürmək üçün həlak olması medianın diqqətindən qaçmayıb. Putinin bütün səfərlərini və görüşlərini təxirə salıb Şoyqu ilə görüşə getməsi isə şübhələri daha da artırıb. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin 14 dənizçinin ölümü səbəbindən proqramını dəyişdiyini deyib. Rusiya mediasının yazdığına görə, yanğın “Loşarik” adı ilə tanınan və nüvə enerjisi ilə işləyən sualtı kəşfiyyat gəmisində baş verib.