“Rauf Arifoğlunun görüşünə gələnlər öz adamlarıdır” - İqbal Ağazadədən yayılan “siyahı”ya SƏRT REAKSİYA
Mühacir bloger Həbib Müntəzir və Milli Şuranın sədri Cəmil Həsənlisosial şəbəkələrdə siyahı dərc ediblər. Bu siyahıda deputatlığa namizədliyini vermiş şəxslərdən hansıların mütləq şəkildə deputat olacağına dair iddialar var və konkret adlar yer alıb. 35 saylı Xətai 3-cü seçki dairəsindən namizdliyini irəli sürmüş Əməkdar jurnalist Rauf Arifoğlunun da adı siyahıda qeyd edilib. Eyni dairədən “Ümid” partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürüb və hazırda hər iki namizəd həm aktiv şəkildə təbliğat- təşviqat kampaniyası aparır, həm də aralarında gərgin seçki mübarizəsi gedir. "AzerTaym.az" bildirir ki, Bizimyol.info siyahıda çəkilən namizədlərdən və onların rəqiblərindən məsələyə münasibət öyrənib. Rauf Arifoğlu qeyd edib ki, seçkiqabağı dayanmadan iş görür, seçicilərlə görüşür, vətəndaşların problemlərini dinləyir: “Arı kimi gecə-gündüz işləyirik. Soyuqda, küçədə işləyirik. Bizim əməyimiz kənardan da görünür. Bunu yəqin dostlar da görür, rəqiblər də. Əgər dost kimi paylaşıblarsa, sağ olsunlar. Amma qərəzli bir paylaşımdırsa, bilməlidirlər ki, 35 saylı dairədə saxtalaşdırma mümkün deyil. Burda ciddi yarış gedir, monitorinqlər aparlır və hansısa bir qeyri-ciddi addım atıla bilməz. Mən əminəm ki, Rauf Arifoğlu çox ciddi fərqlə deputat adını qazanacaq.Biz çox böyük fərqlə üstünük, öndə gedirik”. İqbal Ağazadə isə bildirib ki, bu siyahının necə tərtib olunması barədə suala yalnız siyahını dərc edənlər və haklimiyyət cavab verə bilər: “Mən deyə bilmərərm bu təxribatdır ya yox. Paylaşanlardan soruşun ki, siyahı sizdə hardandır? Mən əminəm ki, namizəd olduğum dairədən seçiləcəm. Sonradan saxtalaşdıracaqlarmı? Bu başqa mövzudur. Hərçənd o qədər də sadə məsələ deyil. Əgər saxtalaşdırma faktları olacaqsa, biz də öz mövqeyimizi ortaya qoyacağıq. Bu siyahını paylaşanların problemidir , mənim problemim deyil. Rauf Arifoğlunu isə o dairədə tanımırlar. Gəlin sərbəst jurnalistlər və nümayəndələr birlikdə sorğu keçirin, araşdırma aparın görün orda Rauf Arifoğlunu çox tanıyıb hörmət edirlər , yoxsa məni. Rauf Arifoğlu 35-ci seçki dairəsindən namizədliyini irəli sürsə də, 34-cü dairənin ərazisində niyə görüşlər keçirir, başqa yer yox idi? Onun möhtəşəm adlandırdığı görüşlərdən mən də keçiririəm. Görüşünə gələnlər də öz adamlarıdır. Bu kimi siyahıların yalan olub-olmamasını araşdırmağa vaxtım yoxdur”.